Modern.az

Oqtay Əsədov və Bahar Muradova da kəskin danışdı: “Bu xəyanətdar”

Oqtay Əsədov və Bahar Muradova da kəskin danışdı: “Bu xəyanətdar”

1 Fevral 2013, 13:44


Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov Əkrəm Əylislinin “Daş yuxular” əsərini kəskin tənqid edib və öz etirazını bildirib. Modern.az xəbər verir ki, spiker bu əsəri Azərbaycana baş ucalığı gətirməyən əsər, mənfi kitab kimi qeyd edib. O, bu kitabdan xəcalət çəkdiyini vurğulayıb. Daha sonra o qeyd edib ki, bunlar boş yerdən yazılmayıb: “2006-cı ildən Əkrəm Əylisli bu kitabı yazıb. İndi 2013, seçki ilidir, niyə kitabı indi ortaya çıxır. Məqsəd nədir?”

O. Əsədov bildirib ki, “bunların məqsədini yiyələri daha yaxşı bilir”.
“Yiyələrindən soruşmaq lazımdır, onun ətrafındakı dostları yaxşı bilir. Məqsəd Nobelə təqdim etməkdir. Amma bunu heç bir halda millətin qınağından yayındıra bilməz. Mən ona qulaq asırdım. “Azadlıq Radiosu”nda  bildirib ki, mən bədii roman yazmışam. Sən əgər bədii roman yazmısansa niyə Sumqayıtdan, Ermənistanda 80 nəfər uşağın turbaya doldurub qaynaq edəndən yazmırsan. Sən bilmirsən Sumqayıt hadisələrini kim törədib? Axı bunlar hamısı məlum məsələlərdir. Buna münasibət çox pis və kəskindir”.

Spiker bildirib ki, Əkrəm Əylislidən qəhrəman düzəltməyə ehtiyac yoxdur və onun cavabını tarix verəcək. Milli ruhu olan hər bir adam ona öz etirazını bildirməlidir.

Vitse-spiker Bahar Muradova da Əkrəm Əylislinin əsərini kəskin tənqid edib və bunu xəyanət adlandırıb. “Bu xəyanətdar. Və xəyanatkara da münasibət bir olmalıdır. Təkcə Ermənistandan gələnlər, qarabağlılar, bakılılar kimi məsələyə yanaşmaq yox, azərbaycanlılar kimi münasibət bildirmək lazımdır” deyə vitse-spiker vurğulayıb.

Onun sözlərinə görə əsərdə Azərbaycan vətəndaşlarına müxtəlif ayamalar, şəbədələr qoşulur. “Normal məntiq bunu heç cürə qəbul etmir. Əkrəm Əylisli guya bəşəri mədəniyyətin tezislərini yazdığını deyir. İndi isə məlum oldu ki, bu illər ərzində Əkrəm Əylisli aktyor olub. Bu illər ərzində aktyorluq edib. Biz də ona ən yüksək adları vermişik. Mən həmişə fikirləşirdim ki, bunun əsərlərində bu qədər kin və qəzəb hardandır.

Əkrəm Əylisli mən burdan sənə deyirəm. Əmin ola bilərsən Ermənistanda, Qarabağda qətlə yetirilmiş günahsız insanların ruhu sənə rahatlıq verməyəcək, harda olsa bunlar səni tapacaq. Tələb edirəm, qoy onun ətrafındakı adamlar, Ziyalılar Forumu münasibət bildirsin. Qoy görək kim kimdir. Biz bunları tanıyaq, qoy bilək kiminləyik. Ziyalılar Forumu kimdir, bunun ətrafındakı münasibətləri aydınlaşdırarq”.

B.Muradova qeyd edib ki, neçə gündür bu kitabı oxuyur və bu Azərbaycan xalqının təhqirindən başqa bir şey deyil. “Necə olur ki, bizimlə birgə yaşayır və biz bunu qəbul edirik. Odur ki, Bakıdan çıxıb getsən get qohumlarının yanına, onlar sənə daha yaxındırlar”, – deyə Bahar Muradova vurğulayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq