Modern.az

Milli Məclisdə QALMAQAL düşdü - deputatlar "atışdılar"...

Milli Məclisdə QALMAQAL düşdü - deputatlar "atışdılar"...

Parlament

1 Fevral 2013, 13:58


Bu gün Milli Məclisin plenar iclasında qalmaqal yaşanıb. Modern.az-ın məlumatına görə, iclasın gündəliyi müzakirə olunarkən I vitse-spiker Ziyafət Əsgərovla deputat İqbal Ağazadə arasında mübahisə düşüb.

İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişikliklər və Mərkəzi Seçki Komissiyası ilə bağlı etiraz xarakterli çıxış edib. O, ölkədə seçki komissiyalarına etimadın az olduğunu vurğulayıb və təklif edib ki, parlament seçkilərində ən azı 1 faiz səs toplayan siyasi partiyalar da seçki komissiyalarının formalaşdırılmasında iştirak etsin. İqbal Ağazadə müxalifətçilərin çıxışlarının telekanallarda verilməməsinə də toxunub. Ümid Partiyasının sədri sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişiklik edilməsini də vacib sayıb.

İ.Ağazadə danışarkən mikrofonu söndürülüb. İclasa sədrlik edən Ziyafət Əsgərov bu addımı qaldırılan məsələnin bitmiş məsələ olması ilə əlaqələndirib. İqbal Ağazadə isə mikrofonu söndürülsə də, çıxışına davam edib və mikrofonun yandırılmasını istəyib. Z. Əsgərov isə bu tələbi cavabsız qoyub.
İ.Ağazadəyə deyilib ki, onun çıxışı üçün ayrılmış 5 dəqiqə bitdiyinə görə, sözü yarıda kəsilib. İqbal Ağazadə isə çıxışının yarıda kəsilməsinə etiraz edərək, 5 dəqiqə yox, 10 dəqiqə danışmaq istədiyini bildirib.

Bunun əvəzində I vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Milli Məclisin qərarı ilə çıxış üçün 5 dəqiqə müəyyənləşib.

Çıxışının kəsilməsindən qəzəblənən İqbal Ağazadə deyib ki, Daxili Nizamnaməyə görə, deputat 10 dəqiqə danışa bilər.

“Mənim çıxış etmək imkanımı xahiş edirəm təmin edəsiniz”.

Lakin Ziyafət Əsgərov İqbal Ağazadənin bu sözünə əhəmiyyət verməyərək, bildirib ki, Məclisin qərarına hörmətə yanaşmaq lazımdır. Bu isə İqbal Ağazadəni hiddətləndidib. O, yüksək tonlu səslə “mənim hüquqlarını niyə pozursunuz? Niyə məni məcbur edirsiniz ki, sizinlə başqa cür danışım. Mənim 5 dəqiqəlik hüququmu təmin edin” deyə bildirib.

Ziyafət Əsgərov yenə bu sözlərə əhəmiyyət verməyərək, digər çıxışçı - Sabir Rüstəmxanlıya söz verib. Sabir Rüstəmxanlı çıxışını başlamaq istəyərkən İqbal Ağazadə yerindən yüksək tonlu səslə deyib ki, “Sabir bəy siz Vətəndaş Həmrəyliyi Partiyasının sədrisiniz. Mən xahiş edirəm, tələb edin ki, mənim 5 dəqiqəlik hüququma hörmət edilsin. Mənim danışmağıma imkan yaradın”.

Bundan sonra Ziyafət Əsgərov yenidən Sabir Rüstəmxanlıya bildirib ki, “Sabir müəllim siz çıxışınızı davam edin”.

Ancaq İqbal Ağazadə səs-küy salmaqda davam edib. Belədə Sabir Rüstəmxanlı Ziyafət Əsgərova bildirib ki, “xahiş edirəm bu mübahisəni bitirin, mən çıxışıma davam etmək istəyirəm”.

Ziyafət Əsgərov isə qeyd edib ki, Məclisin qərarı var: “Çıxışlar üçün 5 dəqiqə ayrılıb və siz çıxışınıza davam edin”.

Bundan sonra mübahisə böyüyüb və İqbal Ağazadə əsəbi şəkildə iclas zalını tərk edib. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır