Modern.az

Rəsul Quliyevlə bağlı yeni müraciət yayıldı

Rəsul Quliyevlə bağlı yeni müraciət yayıldı

2 Fevral 2013, 09:03

Azərbaycanın 30-dan artıq siyasi partiya və qeyri-hökumət təşkilatının rəhbərləri, Milli Məclisin sabiq deputatları, nüfuzlu hüquqşünaslar və jurnalistlər tərəfindən eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin hüquqlarının pozulması ilə bağlı təsis olunmuş Müdafiə Komitəsi beynəlxalq təşkilatlara, Azərbaycandakı xarici səfirliklərə məktubla müracət edib.
Bu barədə Müdafiə Komitəsindən Modern.az saytına məlumat verilib.                

Müraciətdə göstərilir ki, R. Quliyev 1993-1996-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin spikeri vəzifəsində olarkən ölkədə yaranmış ağır sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti aradan qaldırmaq üçün əsaslı demokratik islahatlar aparılmasını və korrupsiyaya, məmur-polis-məhkəmə özbaşınalıqlarına son qoyulmasını tələb etdiyinə, korrupsiyaya qurşanmış yüksək çinli məmurların dövlət idarəetməsindən uzaqlaşdırılması tələbləri ilə çıxış etdiyinə, onun təşəbbüsü ilə 1995-ci ildə Milli Məclis tərəfindən hökümətin fəaliyyətinin qeyri-qənaətbəxş olması haqqında qərar qəbul edildiyinə görə o, mövcud hakimiyyət tərəfindən Azərbaycanda arzuolunmaz şəxs hesab edilib, qanunsuz yollarla müxtəlif təzyiq və təqiblərə məruz qoyulub, 1996-cı ildə ölkəni tərk etməyə və ABŞ-da siyasi mühacirət həyatı yaşamağa məhkum edilib.

Məktubda belə bir fakt vurğulanıb ki, ABŞ-da yaşadığı son 17 ilə yaxın müddət ərzində R.Quliyev dəfələrlə Azərbaycan Respublikasının vətəndaşı olaraq Vətənə qayıtmağa, Prezident və parlament seçkilərində iştirak etməyə təşəbbüs göstərib, lakin aidiyyəti üzrə dövlət orqanları şəxsin azadlıq və toxunulmazlıq hüququ haqqında beynəlxalq prinsipləri kobudcasına pozaraq müxtəlif uydurma, qanunsuz iddialarla R.Quliyevi həbs edəcəkləri ilə hədələyib və onun Azərbaycana qayıtmasına imkan verməyiblər.

 Müraciətdə R.Quliyevin milli qanunvericilikdə və beynəlxalq sənədlərdə insan hüquqları və azadlıqlarına dair əks olunmuş bir sıra hüquqlarının mövcud hakimiyyət orqanları tərəfindən kobudcasına pozulması haqqında faktlar və dəlillər göstərilib.

Müraciətin sonunda Müdafiə Komitəsi beynəlxalq təşkilatları, Azərbaycanda səfirlikləri olan ölkələrin hökumətlərini eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri R.Quliyevin öz Vətəninə qayıdaraq yaşamaq və ictimai-siyasi fəaliyyətlə məşğul olmaq hüququnun təmin edilməsinə yardımçı olmağa çağırır.

Müraciəti Müdafiə Komitəsinin üzvləri Hacıbaba Əzimov, Vidadi Mirkamal, İbrahim İbrahimli, Firudin Cəlilov, Zəminə Dünyamalıyeva, Solmaz Ələskərova, Hüseyn Hüseynov, Mirvarı Qəhrəmanlı, Mirmahmud Mirəlioğlu, Zəlimxan Məmmədli, Əli Əliyev, Köçəri Nağıbəyli, Əhməd Oruc, Əvəz Teymurxan, Qulamhüseyn Əlibəyli, Elşad Musayev, Fuad Əliyev, Namizəd Səfərov, Mahal İsmayıloğlu, Arzu Abdullayeva və başqaları imzalayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı