“Müxalif düşərgədə elə ambisiya sahibləri var ki, arzuları ilə bacarıqları tərs mütənasibdir. Əllərindən bir iş gəlir: yerli-yersiz tənqid etmək, gözdən salmaq. Təbii ki, bir də çamur atmaq. Bunsuz işləri getmir. Amma soruşanda ki, bu xalq üçün nə etmisən, susurlar. Adi məşvərət səviyyəli məclislərində belə cəfəng fikirlər işlədirlər, sosial şəbəkələrdə bir-birilərini məsxərəyə qoyurlar. İstər-istəməz düşünürsən ki, bu adamlar dövləti beynəlxalq platformalarda təmsil etsələr nə olar? Odur ki, onların Milli Məclis sədrinin Almatıda MDB PA Şurasındakı çıxışını müzakirə obyektinə çevirmələrinin başqa izahı yoxdur”.
Modern.az xəbər verir ki, bu sözləri parlament sədri Sahibə Qafarovanın sözügedən tədbirdəki çıxışına münasibətdə ortaya atılan tənqidi fikirləri şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili hesab edir ki, S.Qafarova hələ parlamentin sədri olmadan əvvəl deputat kimi məhsuldar və aktiv fəaliyyəti ilə seçilib:
“Sahibə xanım millət vəkili kimi beynəlxalq təşkilatlarla sıx işbirliyində olub, beynəlxalq tədbirlərdə çıxış təcürbəsinə malikdir. Professordur. Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini sərrast bilir. Ötən ilin sonu Madriddə tarixi hadisə - Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsinin təsis iclasını ingilis dilində Sahibə xanım aparıb. Vətən müharibəsi ərəfəsində Rusiya parlamentində çıxışını rusca edib. VI çağırış Milli Məclisin parlament diplomatiyası sahəsindəki aktivliyi S.Qafarovanın xidmətidir. Bu ümumiyyətlə, cənab Prezident İlham Əliyevin bizim qarşımıza qoyduğu mühüm vəzifələrdən biridir”.
E.Allahverdiyevin fikrincə, müxalifətdən səslənən və sosial şəbəkələrdə yazılan əsassız tənqidlər bu düşərgənin 30 illik acı təcrübəsindən irəli gəlir.
“Göstərə bilərsinizmi bu şəxslər ötən müddət ərzində hansı nailiyyət əldə ediblər? Hansı müsbət yöndə dəyişiliblər? Necə təkmilləşiblər? Dünyagörüşlərində bir dəyişiklik baş veribmi? İllər öncə də belə yersiz tənqid, “səhv tutma” ilə məşğul idilər, indi də. Əsas problem bundadır ki, istehzalarının yanlış arqument üzərində qurulduğu məlum olandan sonra da, bir nəfər olsun belə çıxıb ictimai şəkildə üzr istəmir. Əsas çamuru atmaqdır, sonrası nə olar, olar” – deyə millət vəkili vurğulayıb.
E.Allahverdiyev bildirib ki, bir neçə dəfə Milli Məclis sədrinin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibində xarici səfərdə olub. Hər dəfə həm sədrə, həm də ümumiyyətlə, nümayəndə heyətimizə dərin ehtiram və diqqəti görüb:
“Xüsusilə sonuncu dəfə, Baltikyanı ölkələrə səfərimiz zamanı bunun şahidi olduq. Hər üç ölkə prezidentlər, hökumət rəhbərləri, parlament sədrləri səviyyəsində başda Sahibə xanım olmaqla nümayəndə heyətimizə yüksək diqqət nümayiş etdirdilər. Milli Məclis sədri onlara Vətən müharibəsi və onun nəticələri, ermənilərin torpaqlarımızı necə viran qoyduqlarına dair müfəssəl məlumat verib. Qara yaxanlar təbii ki, bunu anlamazlar. Onların işi yalnız neqativ axtarmaqdır”.