Modern.az

Fransızlar Aleksandr Dümanın Azərbaycana səfərindən danışıblar – TƏDBİR

Fransızlar Aleksandr Dümanın Azərbaycana səfərindən danışıblar – TƏDBİR

2 Fevral 2013, 14:21

Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir.
Bu fikri Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində “Azərbaycan günləri” adı altında ötən ildən başlanmış tədbirin davamı olaraq Alzas regionunun Miluz şəhərində təşkil edilmiş sərgidə Azərbaycanın təmsil olunduğu bölmə ilə tanışlıq zamanı Miluz və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokel səsləndirib. (AzərTAc) 


Miluzun “Sərgi parkı” salonunda dünyanın 130 ölkəsi turizm imkanlarını və qastronomunu nümayiş etdirir. Sərgidə rəsmi qonaq qismində iştirak edən Azərbaycanın guşəsində ölkəmizdə istehsal edilən 47 adda şərab, habelə xalçalar, misgərlik və dulusçuluq nümunələri, musiqi alətləri və Heydər Əliyev Fondunun xalqımızın tarixindən, mədəniyyətindən, turizm imkanlarından bəhs edən nəşrləri nümayiş olunur.


Sərginin açılışında çıxış edən salonun prezidenti Metreao Filipp Miluzda keçirilən beynəlxalq sərgidə Azərbaycanın ilk dəfə iştirak etdiyini diqqətə çatdırıb. Sərginin Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini vurğulayan M.Filipp ölkəmizin mədəni dəyərlərinin miluzlularda böyük təəssürat oyadacağına, tamaşaçıların Azərbaycan barədə hərtərəfli məlumat əldə edəcəklərinə, növbəti ildə də Azərbaycanın belə mötəbər tədbirdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. 


Miluz şəhərinin rəsmi dairələrini və sərgi iştirakçılarını salamlayan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı sayəsində ölkəmizin bu sərgidə iştirak etdiyini xatırladıb, qədim tarixə malik Azərbaycanın mədəni abidələr baxımından zəngin olduğunu, xalq muğamlarımızın, aşıq musiqimizin və xalçalarımızın UNESCO tərəfindən dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.
Ölkəmizdə şərabçılığın qədim tarixə malik olduğunu xatırladan səfir sərgidə Azərbaycan brendi ilə şərabların nümayiş etdirildiyini, Fransa ilə Azərbaycan arasında əlaqələrin qədim dövrlərə təsadüf etdiyini, məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) Qafqaza səyahəti zamanı 1859-cu ildə ölkəmizdə olduğunu, o dövrün tanınmış azərbaycanlı ziyalıları, şair və yazıçıları ilə yaxından ünsiyyət yaratdığını diqqətə çatdırıb. 


E.Əmirbəyov Azərbaycanın Şərq ilə Qərb sivilizasiyasının qovuşduğu məkanda yerləşdiyini, tolerantlığı ilə dünyada tanındığını, müxtəlif etnik qrupların mədəniyyətinə, dininə və dilinə xüsusi qayğı ilə yanaşdığını bildirib.
Miluz və ətraf qəsəbələrin prezidenti Jan-Mari Bokel çıxışında Azərbaycanın yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkə olduğunu vurğulayıb, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə Bakıda və Parisdə görüşlərinin onda böyük təəssürat yaratdığını, Fondun Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Senator müsəlman Şərqində ilk parlament respublikasının Azərbaycanda qurulduğunu, hətta Avropadan çox əvvəl qadınlara seçmək və seçilmək hüququnun məhz bu ölkədə verildiyini, müstəqilliyini yenidən bərpa edən gənc respublikada demokratiyanın uğurla inkişaf etdiyini, Cənubi Qafqaz bölgəsində aparıcı və lider dövlət olduğunu, beynəlxalq aləmdə imicinin yüksəldiyini, yeraltı sərvətlər ilə yanaşı, milli dəyərlərinin də zəngin olduğunu bildirib. 


O, Avropa Şurası Parlament Assambleyasının yanvar ayının ikinci yarısında keçirilən qış sessiyasında Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı məsələlərin müzakirəsi zamanı bəzi qərəzli qüvvələrin ölkəmizə qarşı iftira və yalan dolu çıxışlarına layiqli cavab verildiyini xatırladıb. Bildirilib ki, Azərbaycanda bütün sahələrdə inkişafı görməmək mümkün deyil. Cənubi Qafqaz kimi narahat və çətin bir bölgədə yerləşən, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanda müxtəlif mədəniyyətlərə dövlət tərəfindən göstərilən qayğı digər dövlətlərə əsl nümunədir. Qadınların cəmiyyətdə hərtərəfli iştirakının təmin olunması bu ölkənin mənəvi dəyərlərlə zənginliyindən xəbər verir. 


Senator Jan-Mari Bokel çıxışını bu sözlərlə bitirib: “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Fransa dostluğu”!
Sərgidə Azərbaycan musiqisi səslənmiş və ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.

 

 



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!