Modern.az

Nazir ədliyyə orqanlarından qovulan işçilərin sayını açıqlayıb

Nazir ədliyyə orqanlarından qovulan işçilərin sayını açıqlayıb

2 Fevral 2013, 14:43

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
İclasda bildirilib ki, ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya şərait yaradan halların qarşısının qətiyyətlə alınması üzrə məqsədyönlü addımlar atılıb. Belə ki, ədliyyə orqanlarında vətəndaşlara ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə etməyə, rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin, habelə nəzarətin gücləndirilməsi məqsədi ilə veb-kameraların tətbiqinə başlanılıb. Artıq belə köşklər ölkə üzrə fəaliyyət göstərən bütün notariat kontorlarının 1/3-ni əhatə edib, veb-kameralar isə 10-dək notariat kontorlarında quraşdırılıb və bu proses hazırda davam etdirilir.

Kollegiyada nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 2012-ci ildə ədliyyə orqanlarında aparılmış xidməti yoxlama və araşdırmaların nəticələrinə görə 447 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, korrupsiya hallarına yol verilməsi faktı ilə bağlı təkcə son iki il ərzində prokurorluğa 13 nəfər barəsində materialların göndərildiyi və onlardan 5 nəfərinin məhkum olunduğu qeyd edilib. Eyni zamanda, məhkəmə qərarlarının icrası vəziyyəti ötən ilin sonunda geniş müzakirə olunaraq bu sahədə süründürməçiliyin, korrupsiyaya şərait yaradan digər halların aradan qaldırılmasına dair ən qəti tədbirlərin müəyyən olunduğu və kobud qanun pozuntularına yol vermiş 30-dək əməkdaşın ciddi intizam məsuliyyətinə cəlb edildiyi diqqətə çatdırılıb.

Həmçinin qeyd olunub ki, Məhkəmə-Hüquq Şurasının qərarları əsasında son iki il ərzində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 8 hakim, ümumilikdə isə 22 hakim intizam məsuliyyətinə cəlb edilib.

İclasda bildirilib ki, korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq aparılmış təhlillər, keçirilmiş yoxlamalar, daxil olan şikayətlər və siqnallar narahatlıq doğurur. Qeyd olunub ki, yanvarın 26-da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təhsil məsələlərinə həsr olunmuş iclasında verilmiş tapşırıqlar digər qurumlara da, o cümlədən ədliyyə orqanlarına aiddir.

Bununla əlaqədar Kollegiyada qarşıda duran vəzifələr müzakirə edilib, ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması, süründürməçiliyin, vəzifədən sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qətiyyətlə qarşısının alınması, şəffaflığın daha da artırılması üzrə konkret tədbirlər müəyyən olunub. Həmçinin, müasir texnoloji yeniliklər nəzərə alınmaqla iş üsul və vasitələrinin, korrupsiya halları ilə bağlı şikayətlərə baxılması işinin, "Qaynar xətt"lərin fəaliyyətinin, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair göstərişlər verilib.

İclasda Məhkəmə-Hüquq Şurası ilə birgə hakimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti öyrənilməklə bu sahədə qəti tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb, dövlət başçısı tərəfindən 2013-cü ilin "İKT ili" elan olunmasını nəzərə alaraq, ədliyyə sahəsində elektron xidmətlərin daha geniş tətbiqi, habelə xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, hüquqi maarifləndirmə və antikorrupsiya tədrisi üzrə tədbirlərin canlandırılması aidiyyəti qurumlardan tələb olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?