Modern.az

Akif Aşırlının kitabı Türkiyədə nəşr olundu

Akif Aşırlının kitabı Türkiyədə nəşr olundu

4 Fevral 2013, 17:06

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının «Nargin: Sarıqamş- Qafqaz cəbhəsi əsirlərinin dramı» kitabı Türkiyədə «Babıali kültür mətbəəsi»də nəşr olunub. Kitab birinci dünya müharibəsi zamanı əsir düşən türk əsgərlərinin Nargin adasında yerləşdirilməsi və Azərbaycanın milli  düşüncəli ziyalı və sahibkarlarının əsirləri azad edərək İran üzərindən Türkiyəyə keçirməsi və   buna görə çar jandarmalarının Azərbaycan ziyalılarını hədəf alaraq, barələrində cinayət işi açılmasından bəhs edir.

Müəllif əldə etdiyi arxiv sənədləri və həmin dövrün mətbu orqanlarında çıxan məqalələrə əsaslanaraq 1914-18-ci illərdə Türkiyə və Azərbaycanın ortaq tarixinin  şərəfli səhifələrini qələmə alıb, qardaş yardımlaşmalarını tədqiq edib. Sarıqamış hərəkatı  da daxil olmaqla, 1918-ci ilin əvvəllərinə qədər Qafqaz cəbhəsində döyüş zamanı məhbus düşən türklər, Rusiyanın müxtəlif bölgələrindəki əsir düşərgələrinə daşınıblar. 10-15 min əsirin saxlanıldığı Xəzər dənizindəki Nargin adası da bu düşərgələrdən biri idi. Bu kiçik adada tutulanlar əsirlər arasında əsgərlərlə yanaşı, rusların işğal etdiyi Anadolu torpaqlarında məhbus edilən vətəndaşlar da olub. Nargin adasının Bakıya yaxın olması Azərbaycan türklərinin adaya gətirilən əsirlərlə yaxından maraqlanmasına şərait yaradıb. Həmin vaxtlar  Azərbaycanın rus işğalı altında olmasına baxmayaraq, milli mətbuat və ziyalıları açıq və gizli təşkilatlar yaradıb, bu yolla əsirlərin ehtiyaclarının qarşılanmasına və məruz qaldıqları çətin həyat şəraitlərinin yaxşılaşdırılmasına çalışıblar. Ən əsası isə qadın-kişi könüllülər həyatlarını ortaya qoyaraq əsirləri Nargindən qaçıraraq, əsirlərin Anadoluya keçmələrini təmin ediblər.

«Nargin: Sarıqamş- Qafqaz cəbhəsi əsirlərinin dramı»nı nəşrə professor Bingür Sönməz hazırlayıb, Türkiyə türkcəsinə isə Abdulhəmid Əfşar çevirib. Kitabın rəyçisi tarix elmləri namizədi, professor  Musa Qasımlıdır. Kitab 2000 tirajla Türkiyə tərəfinin maliyyə dəstəyi ilə çap edilib. Qeyd edək ki, «Nargin: Sarıqamş- Qafqaz cəbhəsi əsirlərinin dramı» A. Aşırlının Türkiyədə nəşr olunan 3-cü kitabıdır.


Modern.az      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi