Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

2 Mart 2010, 10:43

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Ayna” qəzetinin əməkdaşı İdrak Abbasov, “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Elman Cəfərli, “Lent.az” saytının müxbiri Elxan Salahov və  “Reytinq” qəzetinin əməkdaşı Elşad Ümid danışır.

İdrak Abbasov,  “Ayna” qəzetinin müxbiri

“Xarici işlər naziri mənə intervyü verəcək”


-Bir dəfə “Ayna” qəzetində işləyən həmkarım Rəşad məndən soruşdu: “Səndə Xarici İşlər Nazirliyindən kimin nömrəsi var?”
Mən dedim: “Elmar Məmmədyarovun”. Sonra da “Ayna”nın digər əməkdaşı Fərid Teymurxanlnın nömrəsini ona verdim, dedim ki, nazirin nömrəsidi.
O, təkrar soruşdu: “Dəqiq Elmardı? Həmsədrlərin bəyanatı ilə bağlı açıqlama almaq istəyirəm”.
Dedim: “Ayə, hə “tocnı” özüdür. Daha heç kimə də bu nömrəni vermə”.
Rəşad zəng etməyə getdi.  Mən tez daxili nömrə ilə Fəridə zəng etdim ki, “sən yarım saata Elmar Məmmədyarov roluna girməlisən”. O da Elmar rolunu oynadı. Rəşad Fəridə zəng edib:
-  Elmar müəllim salam.
- Salam.
- Elmar müəllim mən sizdən ATƏT-in Minsk qpunun həmsədrlərinin bəyanatına münasibət bildirmənizi xahiş edirəm.
Fərid Teymurxanlı səsini dəyişərək Elmar Məmmədyarov kimi biq qədər burnunda danışıb. Deyib, onun yanımda qonaqlar var. Bir azdan özü müxbirə zəng edib ətraflı danışacaq.
Az sonra Rəşad “Ayna” Nəşriyyat Evində 1-ci mərtəbədən 4-cü mərtəbəyə kimi hamıya lovğa ilə deyirdi: “Bir azdan Elmar Məmmədyarov mənə zəng edəcək. Ondan intervyü götürəcəm”.
Amma həmkarımız ha gözlədi, Elmar müəllim zəng eləmədi ki, eləmədi...

“Vəfa Quluzadə lap ağın çıxarıb eee...”

- Bir dəfə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələləri ilə bağlı politoloq Vəfa Quluzadəyə zəng etməli idim. Mən onun nömrəsini yığmaq əvəzinə səhvən jurnalist Mətin Yaşaroğluna zəng vurmuşam. Xəttin o başından “bəli” sözünü eşitcək soruşdum:
- Vəfa müəllim, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi lə bağlı son duruma münasibətiniz necədir?
Mətin səhv düşdüyümü bilib, başladı mənimlə məzələnməyə.
Sualı eşidəndən sonra əvvəlcə Serj Sarkisyana elə bir söyüş söydü ki, gözüm kəlləmə çıxdı. Axı o vaxtadək Vəfa müəllimdən elə sözlər eşitməmişdim. “Vəfa müəllim” Sarkisyanın ata-babasını “yağlayandan” sonra məni söydü. Elə söyür ki, mən quruyub qalmışdım. Dilxor halda telefona “odboy” verdim. Lap çaşıb qalmışdım.
Elə bu zaman Mətin Yaşaroğlu otağa daxil olub dedi: “Ə bu Vəfa Quluzadə lap ağın çıxarıb eee...”.
Ondan sonra sakitləşdim. Bildim ki, mənimlə danışan Mətin imiş.

“Alo salam, Vafa xanımı olar?”

- Mən “İmpuls” qəzetinin baş redaktor müavini işləyirdim. Redaksiyaya yeni bi işçi gəlmişdi, cavan qız idi. Bu qızı da siyasət şöbəsinə yazmışdılar. Üç ay bu qıza yalvardım ki, siyasətçilərlə maraqlan, qəzetləri oxu. Bir dəfə ona Qarabağ məsələsi ilə bağlı bir mövzu verib, dedim: “Çox rahat bir mövzudur. Politoloq Vəfa Quluzadəyə zəng et münasibət öyrən”.
Az sonra xanım müxbir telefonu götürüb zəng etdi: “Alo salam, Vəfa xanımı olar?”
Müxbir “Vəfa xanımı olar?” deyən kimi tez onun üstünə yüyürdüm ki, telefona “odboy” verim. Amma gecikdim. Bir qədər sonra Vəfa Quluzadə hirslənmiş halda redaksiyamıza zəng edib dedi ki, bir də onun nömrəsini uşaq-muşağa verməyək. Bir təhər yalvar-yaxardan sonra kişinin hirsini soyutduq.

Elxan Salahov, Lent.az-ın əməkdaşı

“Mənə Elçin Behbudov yox, Elçin Xəlilov lazımdı”

- 2006-cı ildə “Gün səhər” qəzetində işləyirdim. Zəlzələ mövzusu gündəmdə idi. Planlaşdırmada mənə zəlzələ ilə bağlı yazı hazırlamaq tapşırıldı. Tanınmış zəlzələşünas alim Elçin Xəlilovun nömrəsin axtarmağa başladım. Xanım həmkarım Səbinə Əvəzqızı “Yeni Müsavat” qəzetdindəki Elşad Paşasoya zəng edib ondan Elçin müəllimin nömrəsini aldı və mənə verdi. Mən də həmin nömrəyə zəng etdim:
- Alo salam. Elçin müəllimdir?
- Salam. Bəli mənəm.
- Sizi “Gün səhər”dən narahat edirik. Sizdən bir müsahibə götürmək istərdim.
- Buyur, gəl.
- Elçin müəllim mən bilən sizin ofis Nərimanov heykəlinin yanında olmalıdır.
- Hə düz bilirsən.
Mən tez diktafonu götürüb cumdum həmin ünvana. Binaya çatıb ikinci mərtəbəyə qalxdım. Dəhlizə baxdım ki, 2-3 nəfər var. Onların biri də Elçin Behbudovdur. Onunla da salamlaşdım. Mənə dedi ki, bir dəqiqəyə qonaqları yola salıb, gəlir.
Sonra gəldi, dedi: “Buyurun Elxan müəllim. Eşidirəm sizi”.
Hələ heç nə başa düşmürəm. Elçin Behbudovla hal-əhval tutdum. Öz ürəyimdə deyirəm ki, “bu Elçin Xəlilov niyə gəlib çıxmadı e…”.
Sonra Elçin Behbudovdan soruşdum: “Elçin müəllim gec olar görəsən?”.
O, bir az duruxdu. Sonra dedi: “Ay bala niyə gec olur? Mən siznən üzbəüz oturmuşam. Sizi dinləyirəm”.
Mən həmin dəqiqə başa düşdüm ki, telefonu mənə səhv veriblər. Dedim: “Elçin müəllim siz Allah bağışlayın. Mənə Elçin Behbudov yox, Elçin Xəlilov lazımdır”.
- Elçin Xəlilov bu binada yox e, aşağı binada oturur”.
- Axı mən bayaq onunla danışdım. Dedi bu binada oturur.
- Sən danışdığın Xəlilov yox, mən olmuşam.
Mən getmək istəyəndə Elçin Brhbudov dedi: “Elxab müəllim, daha əziyyət çəkib gəlibsiz də. Bəlkə müsahibəni məndən götürəsiniz? Mən iki saatdı hesabatları vərəqləyirəm. Sizə müsahibə verməyə hazıram”.
Mən dedim: “Elçin müəllim çox üzr istəyirəm. İnsan hüquqları barədə savadsızam. Qalsın başqa vaxta. Əməkdaşlarımızdan biri gəlib sizdən mütləq müsahibə götürəcək”.
Redaksiyaya qayıtdım, hal-qəzziyəni danışdım. Səbinə xanım dedi ki, Elçin müəllimlərin hər ikisinin ofisi eyni ərazidədir. Yəqin Elşad Paşasoy elə bilib ki, biz Elçin Behbudovu soruşuruq.

“Arzuolunmaz şəxslərlə müsahibəyə Elxan Salahov getsin”

- “Gün səhər” qəzetinin ilk nömrəsi çıxan vaxt idi. Bakının geologiya vəziyyətinin tikintiyə təsiri ilə bağlı araşdırma yazı hazırlamışdım. Geologiya İnstitutunun şöbə müdirinin fikirlərini də həmin yazıya daxil etmişdim. Qəzet axşam çapa gedən vaxt bizə xəbər çatdı ki, mənim müsahibim dünyasını dəyişib. Redaksiyadan bildirdilər ki, bu yazını belə vermək düz deyil. Axır belə qərara gəlindi ki, yazının aşağısında yazılsın: “Filankəs dünyasını dəyişməzdən əvvəl onun fikri öyrənilib”.
Bu hadisədən bir neçə gün sonra mən Seysmologiya xidmətinin keçmiş rəhbəri Arif Həsənovdan müsahibə götürdüm. Bir həftə sonra o da rəhmətə getdi.
Ondan sonra redaksiya da hamı mənə belə deyirdi: “Arzuolunmaz şəxslərlə müsahibəyə Elxan Salahov getsin”.

Elşad Ümid, “Reytinq” qəzetinin əməkdaşı

“Məni müğənni Aslan  Hüseynova oxşadıbmış”

- Bir dəfə mədəniyyət tədbirinə getmişdim. Tədbirdən çıxıb evə getmək istəyəndə qapının ağzında hündürboylu, zırpı bir nəfər mənə yaxınlaşdı və tez-tələsik qoluma girdi. Mən də qorxdum ki, bu nə məsələdi. Dedim: “Ay qardaş, nooolub?!”
O, dedi: “Heç bir şey olmayıb. Sadəcə mənə tapşırıblar sizi yola salım”. Çaşıb qalmışdım.
- Necə yəni?
O, təkidlə dedi: “Aslan müəllim, narahat olmayın. Mən cangüdənəm. Sizi hara kimi desəniz, yola salacam”.
Ona başa saldım ki, mən Aslan deyiləm.
Sən demə, cangüdən məni müğənni Aslan Hüseynov bilibmiş.

“Əgər soyundurub verəcəksinizsə, lazım deyil”

- Bir dəfə müğənni Ruhi jurnalistləri iftar süfrəsinə dəvət etmişdi. Mən tək getmək istəmədiyimdən “Reytinq”in redaktoru Seymur Verdizadədən xahiş elədim ki, birlikdə gedək. Getdik. Süfrə açıldı, iftar süfrəsinə görə Ruhi xanıma təşəkkür etdik. Arada imkan tapıb Ruhiyə yaxınlaşaraq hal-əhval tutdum. Bu zaman Seymur da bizə yanaşdı, özünü gözə soxmaq üçün dedi: “Ruhi xanım, qəzetdə nə lazımdı biz edə bilərik. Hər nömrədə sizin haqqınızda bir informasiya yerləşdirməyə hazırıq”. Başladılar işbirliyindən danışmağa.
O zamanlar “Reytinq” qəzeti mənim şou-biznesin qadın müğənnilərindən hazırladığım yazıları onların yarıçılpaq şəkilləri ilə verirdi.
Ona görə də, Seymurla Ruhinin söhbətinə müdaxilə etdim:
- Siz də yazını yaman verirsiz e, ay Seymur. Müğənnilərin hamısının şəkillərin soyundurub dərc edirdiniz.
Belə deyəndə Ruhi təəccüblə: “Yooox, elə şey olmaz. Mən Həccə getmişəm, əgər soyundurub verəcəksinizsə lazım deyil”.
Seymur həmin dəqiqə çönüb tərs-tərs mənə baxdı. Başa düşdüm ki, işbirliyinə əngəl oldum.

Elman Cəfərli, “Olaylar” Agentliyinin əməkdaşı

Erkək əti yeyilirmi?”

- İndi QHT sədri olan jurnalist həmkarlarımızdan biri türkiyəli telejurnalist qonağı ilə Gəncəyə səfər edir. Gəncədə ət sallaqxanalarının yanından keçəndə "Erkək əti" elanını görən türk arkadaşımız bihal olur, özündən gedir. Elə bilir ki, burada adam əti (türklər kişi cinsindən olan adamlara “erkək” deyirlər axı) satırlar. Handan-hana özünə gələn türk jurnalist soruşur:
- Abi, bu nə yaaa! Bunlar manyakmıdır, nədir? Erkək əti də yeyilirmi?
Məsələdən agah olan həmkarımız türkə deyir:
- Abi, özünə gəl eee, söhbət adamın erkəyindən getmir, qoyunun erkəyindən gedir.
Belə deyəndən sonar türkiyəli həmkarımızın rəngi-ruhu özünə qayıdır. 

“Mollaların böyüyünə yaxınlaş, müsahibə al
 

- Jurnalist Alim Hüseynlinin "Olaylar"a təzə gələn vaxtları idi. Bir gün redaksiyadan Alimi İslam Partiyasının sədri Hacı Hağıağa Nuriyevlə müsahibəyə göndərirlər. Şəhəri yaxşı tanımayan Alim güc-bəla ilə partiyanın qərargahını tapır və içəri daxil olur, sonra da cəld bayıra çıxıb redaktora telefon açır:
- Məni hara göndərmisiniz?! Burda hamı molladır, biri namaz qılır, biri kitab oxuyur, biri cümə axşamından danışır...
Redaktor:
- Düz getmisən Alim. O gördüyün mollaların böyüyünə yaxınlaş, müsahibə al. Partiyanın sədri elə odur.
Sən demə, o zaman Alim elə bilirmiş ki, digər partiyalardakı kimi, İslam Partiyasında da hamı kostyumda, qalstukda, üzü təraş edilmiş olur. Ona görə də qərargahda saqqallı, əmmaməli, təsbehli kişiləri görəndə, səhv gəldiyini güman edib.  

Hazırladı Günay Musayeva   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir