Modern.az

Hacıbala Abutalıbovun qəbul günündən reportaj

Hacıbala Abutalıbovun qəbul günündən reportaj

2 Mart 2010, 13:43

Vətəndaşların üzləşdiyi problemlərin öz həllini tapması üçün icra strukturlarından real iş görmək tələb olunur. Belə ki, icra orqanları hər hansı məsələ ilə əlaqədar vətəndaşların şikayət və ərizələrinə cavab verməli, öz imkanları daxilində problemin aradan qaldırılmasına çalışmalıdırlar. Əhalinin şikayətlərinin araşdırılması barədə ölkə prezidenti İlham Əliyevin «Sosial- iqtisadi tədbirlərin gücləndirilməsi haqqında» 25 noyabr 2003-cü tarixində imzaladığı fərmanına da xüsusi bənd salınıb. Həmin fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə vətəndaşların müəyyən edilmiş qrafikə uyğun şəkildə qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərin həll olunması tapşırılıb. Prezidentin bu tapşırığının üzərindən yeddi il keçməsinə baxmayaraq vəziyyət hələ də düzəlməyib. İcra strukturlarının rəhbərləri vətəndaşların qəbulu üçün müəyyən qrafik ayırsalar da, qəbul saatlarını da öz şəxsi məqsədləri üçün istifadə edirlər. Elə bu səbəbdən də şikayətçilər kiçik problemlərinin həlli üçün ya ölkə Prezidentinə, yaxud Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət etməli olurlar. Modern.az saytının araşdırmaları göstərib ki, doğrudan da bəzi icra sturukturlarında «qəbul günü» qrafiki «gözdən pərdə asmaq» məqsədi güdür. 

 

«Ayda-ildə bir namaz, onu da…»

 

«Qəbul otağı» rubrikamız üçün bu dəfəki yazını Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun qəbul günü ilə bağlı hazırlamaq qərarına gəldik. Öncə qeyd edək ki, paytaxt merinin qəbul günündən reportaj hazırlamaq istəyimiz nə az, nə çox düz bir aya baş tutdu. Çünki cənab mer şikayətçilərlə görüşməyi aylıq iş qrafikinin yalnız bir gününə, ayın sonuncu bazar gününə müəyyənləşdirib. Hər ayın sonuncu bazar günü saat 12:00-dan 14:00-a kimi H.Abutalıbovun qəbul günüdür. Təbii ki meri yerində tapmaq mümkün olsa…

 

Fevralın 28-i ötən ayın sonuncü bazar günü olduğundan, BŞİH-nin qəbul otağına toplaşanlar çox idi. Təbii ki, biz də onların arasındaydıq. Saatın əqrəbinin 12:00-un üzərinə gəlməsini səbirsizliklə gözləyən şikayətçilər bu dəfə də, merin qəbuluna düşəcəklərinə şübhə edirdilər. Amma hər biri ümidini üzməyib qəbul saatının başlanmasını gözləyirdi. Bu gün necə olursa-olsun H.Abutalıbovla görüşəcəyini deyən Validə adlı şəhər sakinə yanaşıb söhbətə tutduq. Bu xanım 6 aydır ki, BŞİH-ə ayaq döyür. Dediyinə görə, hər dəfə merin qəbuluna yazılsa da, hələ də onunla görüşə bilməyib: «Siz necə Hacıbala Abutalıbovu televizorda görmüsünüzsə, mən də onun sifətinə eləcə ekrandan bələdəm. Baxmayaraq ki, 6 aydır bura gəlib gedirəm. Səhər saat 9:00-dan burada olsanız da, merin hansı qapıdan girib, hansı qapıdan çıxdığını görmək qeyri-mümkündür. Amma hər qəbul günündə də deyirlər ki, mer bu gün işə gəlib. Qəbul saatı başa çatanda isə bildirirlər ki, onun vacib işi çıxdığından şikayətçilərlə görüşə bilməyəcək».

Müsahibimizlə söhbət zamanı öyrəndik ki, yarım ildir ki, onu buraya gətirən səbəb evinə «kupça» almaq istəyidir. Tikdirdiyi ev Dövlət Neft Şirkətinin ərazisinə düşdüyündən BŞİH-nin memarlıq şöbəsi tərəfindən sənəd verilmir. “Mənə Neft Şirkətindən deyirlər ki, evinə kupça almaq üçün Bakı Şəhər İcra Hakimiyyətindən kağız almalısan. Burdan isə bildirirlər ki, həmin sənədin verilməsi üçün şirkətin  ərazinin onlara aid olmadığını təsdiqləyən sənəd verilməlidir. Əks halda, Neft Şirkətinin balansında olan tikililərə layihə verilə bilməz.

Halbuki qonşuluğumuzdakı villaların hamısı Bakı Şəhər İcra Hakimiyyətindən həmin sənədi alaraq kupça düzəltdirib. Öyrənmişəm həmin sənədin dövlət rüsumu 160 manatdır. Amma vermirlər ki, vermirlər. Mən də çıxış yolunu Abutalıbovun qəbuluna yazılmaqda görürəm. Onunsa qəbuluna düşmək o dünyaya getmək kimi bir şeydir».      

«Mer qaçır, mən qaçıram»

Qəbul şöbəsində gözləyən vətəndaşların şikayətləri müxtəlif olsa da, hər birinin probleminin çarəsi yalnız BŞİH-dir. Odur ki, sakinlər merin qəbuluna düşmək üçün çətin olsa belə aylarla bu ünvana gəlib-getmək məcburiyyətindədirlər. Elə üç ildir ki, BŞİH-ə gəlib- gedən Hüseyn dayı kimi.

H. Nəcəfov deyir ki, yaşadığı ünvanda onun mənzilinin yanında tikinti şirkəti bina tikir. Sərəncamı da BŞİH-nin başçısı Hacıbala Abutalıbov verib. Tikinti şirkəti binanın bünövrəsini qazanda aldığı evləri uçurtmaq bəhanəsi ilə onun ərazisinə də girib. Amma tikinti şirkətinin əməkdaşları həmin sahənin onlara aid olduğunu iddia edir: «İndi gəlmişəm bəlkə məsələyə aydınlıq gətirələr. Həmin tikinti şirkətinə hansı və nə qədər əraziyə sərəncam verdiklərini ortaya qoyalar».

H. Nəcəfovun problemindən mer də xəbərdardır: «Harada fantan, park açılırsa, oraya gedirəm. Qaça-qaça olsa da, problemimi H.Abutalıbova danışıram. Mən gedirəm, o gedir. Sözümü merə desəm də, ayaq saxlayıb bir kəlmə cavab vermir. Qaş-qabağını töküb gedib əyləşir maşınına. Məndəki «əlim ətəyimdən uzun» qayıdıram evə. Buraya gəlib-gedirəm ki, bəlkə insafa gəlib məni qəbul edər. Dərdimi dinləyib problemimin həllinə bir kömək göstərər. Amma belə getsə çətin».

«Mənzil fondu boşdur, ev istəyənlərsə çoxdur»

H.Abutalıbovun qəbuluna düşmək istəyənlər arasında ev arzusu ilə yaşayanlar da az deyil. Rahilə Orucova bizimlə söhbətində bildirdi ki, evi olmadığından 18 ildir ki, kirayələrdə yaşayır: «Üç övladımla paytaxtın bütün rayonlarında kirayələrdə yaşamışam.  Tez-tez kirayə evlərini dəyişdiyimizdən uşaqları məktəbə də götürmürlər. Deyirlər ki, çox məktəb dəyişiblər.Naəlac qalıb böyük qızımı təhsildən ayrımışam. Həyat yoldaşım dünyasını dəyişib. Özüm göy-göyərti satmaqla uşaqları dolandırıram. H. Abutalıbovdan ev almağıma köməklik göstərməsini xahiş etmişəm. Amma qəbul otağındakılar məni merin qəbuluna yazmırlar. Lövhədəki elanı göstərirlər».      Qeyd edək ki, lövhədəki elan BŞİH-nin mənzil fondu ilə bağlıdır. Elanda bildirilir: «BŞİH bildirir ki, son 10 il ərzində şəhər icra hakimiyyəti tərəfindən yaşayış binaları inşa edilmədiyindən, mənzil fondunda boş mənzil olmadığından və Azərbaycan Respublikasının dövlət büdcəsindən bu sahə üçün vəsait ayrılmadığından vətəndaşlara mənzil verilməsi imkan xaricindəddir. Nəzərinizə çatdırırıq ki, bazar iqtisadiyyatı ilə əlaqədar olaraq özəl qurumlar tərəfindən şəhər ərazisində yaşayış binaları inşa edildiyindən bu məsələ ilə bağlı həmin təşkilatlara müraciət etməyiniz məqsədəuyğundur».

R. Orucova isə bu elanda yazılanlarla razılaşmır. Deyir ki, Bakıda inşa edilən mənzillərin 15 faizi BŞİH-nin mənzil fonduna verilir: «Bəs fonda verilən həmin mənzillər hara yoxa çıxır?»

Mer bu dəfə də heç kimi qəbul etmədi

Elə şikayətçilərlə söhbətimizi yenicə yekunlaşdırmışdıq ki,

meriyanın işçisi olan bir xanım qəbul otağında gözləyənlərə Hacıbala Abutalıbovun vətəndaşları qəbul edə bilməyəcəyini söylədi. Qəbulun təxirə salınmasının səbəbini isə merin vacib işinin olması ilə izah etdi.  Xanımın bu sözləri iki saatdır ki, ayaq üstə gözləyən şikayətçiləri hövsələdən çıxartdı:

«Qəbul etməyəcəkdisə niyə əvvəldən demirdinizki işimizi bilək. Birdəfəlik deyin ki, merin qəbul günü yoxdr bizdə işimizi bilək. Ayağımızı kəsək bu binanın qapısından. Yollara bir ətək pul töküb gəlirik qəbula. Saatlarla soyuqda ayaq üstə gözləyirik. Axırda da bəhanə gətirirlər ki, H. Abutalıbovun işi çıxıb».

Qəbul otağına yaxınlaşıb biz də merin qəbulunun baş tutmamasının səbəbini öyrənməyə çalışdıq. Amma bizə nə bu barədə, nə də dünən qəbula nə qədər vətəndaşın yazıldığı barədə bir məlumat verən olmadı. Qəbul şöbəsinin müdiri Tahir Məsimli mətbuat nümayəndələrinin sualına BŞİH-nin mətbuat xidmətinin əməkdaşı Nuranə Əliyevanın cavab verdiyini bildirdi. Belədə N.Əliyeva ilə əlaqə saxladıq. O isə bazar günü işə gəlmədiyini deyərək sualımıza cavabı Tahir Məsimlidən almağımızı məsləhət gördü. Beləcə BŞİH-də şikayətçilər kimi bizimlə də ötür-ötür oyunu oynadılar.

Şikayətçilərin əksəriyyəti isə birdə meriyanın binasının qapısına ayaqlarnı basmayacaqlarını bildirsələr də, gələn ayın sonuncu bazar günü H. Abutalıbovla görüşmək ümidi ilə BŞİH-i tərk edənlər də az deyildi. Nə deyək, «ümid sonda ölür» deyirlər. Bəlkə mer insafa gəlib nəhayət ki, ilin 12 ayından birinin sonuncu bazar gününü şikayətçilərlə görüşə ayıra.

.. Vüsalə Şabanova

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir