Modern.az

13-cü mərtəbədən endirilən "Xalq Cəbhəsi"...

13-cü mərtəbədən endirilən "Xalq Cəbhəsi"...

2 Mart 2010, 13:09

“Redaksiyalardan reportaj” rubrikamızın bu dəfəki ünvanı “Xalq Cəbhəsi” qəzeti oldu. “Xalq Cəbhəsi”ndən yazmağa razılıq almaq üçün müraciət etdiyim gündən sonra düz üç həftəyədək gözləməli oldum. Redaksiyaya gedəcəyim gündən əvvəl qəzetin baş redaktorunu “Facebook”da tapıb ünvanı dəqiqləşdirdim. Ardınca da saat neçədə gəlməli olduğumu soruşdum. Məlum oldu ki, bəzi redaksiyalarda olduğu kimi, “Xalq Cəbhəsi” də iş rejiminə görə fərqlənir. Baş redaktor elə “Facebook”da mənə yazdı ki, onlarda iş saat 11:00-12:00 arasında başlayır. ”Redaksiyaya jurnalist qız gəlib” Saat 11:30-da “Xalq Cəbhəsi”ndə idim. Redaksiyanın yerləşdiyi Yasamal rayonundakı beşmərtəbəli binanın birinci mərtəbəsində bu qəzetin yaxın olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qərargahı var. Elə məni ilk qarşılayanlar da BAXCP-çilər oldu. Daha doğrusu “Xalq Cəbhəsi”nin təsisçisi İlqar bəy. Kim olduğumu bilən kimi əl-ayağa düşdü. Tez-tələsik baş redaktor Elçin Mirzəbəyliyə zəng etdi, amma ona düşə bilmədi. Digər redaktorları aramağa başladı: “Ayə hardasız? Redaksiyaya jurnalist qız gəlib. Heç kim də yoxdur. Tez gəlin...”. Həmkarlarım işə gələnədək BAXCP-də gözləməli oldum. Bu müddətdə BAXCP-çi Xudeş Əsgərovla qısa söhbətimiz də oldu. Həmsöhbətim vaxtilə xalq hərəkatının lideri Əbülfəz Elçibəyin mühafizəçisi olmasından da danışdı. BAXCP-nin qərargahında bir neçə otaq “Xalq Cəbhəsi”nindi. Bildiyimə görə, qəzetin keçmiş redaksiyası 8-ci mikrorayonda köhnə dövlət binalarından birinin 13-cü mərtəbəsində yerləşirmiş. “Xalq Cəbhəsi”ndə işləmiş bəzi həmkarlarımın oranı “cəhənnəm” adlandırdığını da eşitmişəm. Qış aylarında soyuq, elektrik enerjisi ilə yaxşı təchiz olunmayan həmin binada 13-cü mərtəbəyə qalxan müxbirlərin bəzən liftdə qalmalarına dair xəbərlər də var. Amma yeni ünvan pis deyil. Yeni redaksiyada otaqlardan biri baş redaktora, ikincisi redaktorlara, üçüncüsü müxbir heyətinə, dördüncüsü isə texniki heyətə ayrılıb. Müxbirlərsiz planlaşdırma Baş redaktor Elçin Mirzəbəyli hələ “Facebook”da mənə bildirmişdi ki, onlarda planlaşdırma olmur, redaktor heyəti mövzuları müəyyənləşdirib müxbirlərə verirlər, onlar da işləyir. Yəni mənim səhər planlaşdırmasında iştirakım mümkün olmayacaqdı... ...Az sonra “Xalq Cəbhəsi”nin işə gəlib çıxan redaktorları Arzu Şirinova və Mahir Həmzəoğlu ilə tanış olduq. Redaktorlar gələn kimi gündəlik qəzetləri götürüb gözdən keçirməyə başladılar. Mövzuları müəyyənləşdirmək üçün. Arzu xanım bildirdi ki, həmişə belə olur, müxbirlər gələnə kimi onlar mövzuları müəyyənləşdirirlər: “Bəzən müxbirlər özləri də öz mövzularını bizə təklif edirlər. Əksər hallarda isə yazılacaq yazıların mövzularını biz seçirik”. Saat 12.00 olmağa az qalmış müxbirlərdən biri gəlib çıxdı. Redaktorlar ona “Araz sən də tez gəl qəzetlərə bax. Mövzularını müəyyənləşdir” deyəndə həmkarım sanki bunu birinci dəfə eşidirmiş kimi “nə qəzeti?” deyib təəcübləndi.

Beləcə, iki redaktorun iştirakı ilə olan müxbirlərsiz planlaşdırma yekunlaşdı.

“Mən qəzetin simasını dəyişdirdim”   Baş redaktor Elçin Mirzəbəyli işə bir qədər gecikmişdi. Televiziya kanallarından birində hansısa verilişə çəkilişdən gəlirdi. Zarafatla dedi ki, onu verilişdə yaman sıxışdırıblar. Təfərrüatını öyrənsəm də, yazmağa lüzum bilmirəm. Baş redaktor gələndən sonra çay da gəldi, məni də çaya qonaq etdilər. Onunla söhbətimizə yazdığı şeirlərin müzakirəsi ilə başladıq. Elçin Mirzəbəyli mənə dedi ki, onun yazdığı şeirlərin bir neçəsi orta məktəb dərsliklərinə də salınıb.

Söhbətimizin yönünü “Xalq Cəbhəsi”nə istiqamətləndirdik. Elçin bəyin deməsinə görə, qəzetin ilk nömrəsi çıxan gündən o mütəmadi olaraq qəzetlə əlaqə saxlayıb: “Mən təsadüfən baş redaktor təyin olunmamışam. “Xalq Cəbhəsi”nin birinci sayının manşeti mənimlə bağlı olub. Qəzetin ilk köşə yazarı da mən olmuşam. 2006-cı ildən isə qəzetə mən rəhbərlik edirəm".

Baş redaktor deyir ki, o, bu vəzifəyə gələndən sonra qəzetin siması tamamilə dəyişib: “Mən qəzetin dizaynını Avropa xəbər mediasında tətbiq olunan dizayna keçirtdim. Qəzetin internet saytı da tamamilə dəyişdi və onlayn sisteminə keçib. Qəzetdə ulduz falı yığışdırıldı. Bu, mənim yanaşma tərzimdən irəli gələn bir şeydi. Fikrimcə, cəfəngiyyatın qəzet səhifəsində dərc olunmasına ehtiyac yoxdur. Mən hesab edirəm ki, ulduz falı verən qəzetlərin cəfəngiyyatla məşğul olan oxucuları var. Bundan başqa, bizim qəzetdə şou-bizneslə bağlı yazılar da yoxdur. Onsuz da insanlar şou-bizneslə bağlı görmək istədiklərini, televiziya efirirlərində görürlər. Ona görə bizim onu verməyimizə ehtiyac da yoxdur. Mən “Xalq Cəbhəsi” ilə bağlı çox şeyi dəyişmək istərdim, ancaq arzularla imkanlar üst-üstə düşmür. Ən ciddi arzularımdan biri uşaq nəşridir. Ola bilsin bu, “Xalq Cəbhəsi”nin xüsusi buraxılışı da çıxsın. Bütün bunlarla yanaşı, qəzetimizin ümumi ənənəsi davam etdirilir”. “Xalq Cəbhəsi”ndən köşələr yığışdırılıb Baş redaktorla söhbətimiz zamanı “Xalq Cəbhəsi”ndə köşə yazılarının yığışdırılmasının səbəbi ilə də maraqlandım. Elçin bəy bunu da fərqli yanaşması ilə izah etdi: “Kiməsə zorla köşə yazısı yazdırmaq olmaz. Bizdə heç kim köşə yazmır, mən də məcbur eləmirəm. Düzü, heç tanınmış köşə yazarlarına da təklif etməmişəm ki, bizə yazsınlar. Bəzi köşə yazarları müraciət ediblər. Ancaq onların baxış dairələri ilə bizim baxış prizmamız uyğun gəlməyib. Ona görə də qəzetimizdə az hallarda köşələrə yer ayrılır”. Partiyanın qəzetə basqısı varmı? “Xalq Cəbhəsi” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının orqanı olsa da, baş redaktor bunu birmənalı şəkildə inkar etdi: “Əslində biz partiya qəzeti deyilik. Sadəcə biz partiya ilə bir ofisdə yerləşirik. Mən həm də partiya sədrinin müaviniyəm. Dünyanın hər yerində siyasi partiyalara simpatiyası olan insanlar var. Partiya tərəfindən bizim üzərimizə nə nəzarət, nə də basqı var. Tam sərbəst şəkildə istənilən mövzunu qəzetdə dərc edirik. Hətta bizim özümüzü və partiyanı tənqid edən yazılar da qəzetimizdə dərc olunub. Mənim çox sadə şərtlərim var: yazı məhkəmə predmeti olmamalı, şəxsiyyətin təhqirinə yol verməmək, faktlara istinad etmək”.

Qəzetin oxucularına gəlincə müsahibim dedi ki, onlar əsasən ictimai fəallığı olan insanlardı: “Məsələn, qəzetimizdə hansısa bir qüsur olanda Milli Kitabxanadan, Elmlər Akademiyasından zəng edirlər ki, nöqsan var. Mən də təbii ki, buna çox sevinirəm. Yəni bizim oxucularımız arasında həmin təbəqədən olan insanlar da var”. Kollektivin gender problemi Redaksiya heyəti cəmi 16 nəfərdi: Baş redaktor, 3 redaktor, 7 mübir, 2 korrektor, 2 dizayner və təsisçi.

“Xalq Cəbhəsi”ndə kişilər üstünlük təşkil edir, bu isə heç də baş redaktorun ürəyincə deyil. Onun fikrincə, qadınlarla işləmək daha asandır: “Bizim redaksiyada kişilər daha çoxdur. Amma mənim qənaətimə görə, qadınlar daha məsuliyyətli olurlar. Qadınlarla bağlanan müqaviləyə əsasən fəaliyyət göstərmək mümkündür. Ancaq təəssüflər olsun ki, kişilərlə eyni prinsipi təkrarlamalı olursan”.

Baş redaktorla söhbətimi yekunlaşdırdım. Sonda Elçin bəy dedi ki, o, həmişə ciddi mövzular barəsində (siyasət, iqtisadiyyat, beynəlxalq məsələlər-G.M.) müsahibə verib, ilk dəfədir jurnalistə belə qeyri-ciddi müsahibə verir.

Qəzetin özəyi dəyişməyib Yenidən redaktorların otağına qayıtdım. 8 ildən çoxdur bu qəzet redaktor işləyən Arzu Şirinova əvvəllər başqa KİV-lərdə də çalışıb. Arzu xanım “Xalq Cəbhəsi”nin keçmiş-13-cü mərtəbədəki redaksiyasında mövcud olmuş əhval-ruhiyyəni yadına salıb dedi ki, ora çox bərbad vəziyyət imiş: “Bizim uşaqlar fədakarlıq göstərib orada işləyiblər. Ona görə də müqayisə etsək, bura bizim üçün komfort sayıla bilər”. Öyrənmişdim ki, Arzu xanım bəzən yazılarına gizli imzalar qoyur. Bunun səbəbini soruşdum: “Bu, əksər qəzetlərdə olan ənənədir. Elə yazılar olur ki, öz imzamla dərc olunmasını istəmirəm. Elə bizim müxbirlərdə bəziləri bu metoddan istifadə edir”. Arzu Şirinova jurnalistlərin indiki ümumi durumundan narazıdır. Bir çoxları kimi o da kirayədə yaşayır. Əvvəllər “Xalq Cəbhəsi”ndə bəzi tanınmış imzaların olduğunu deyən, müsahibimiz indi onların APA-da çalışdıqlarını söylədi: “Deyərdim ki, APA-nı “Xalq Cəbhəsi”nin kollektivi yaradıb. Agentliyin baş direktoru, onun müavinləri, bir neçə müxbir əvvəl burada çalışıb”.

Redaktə etməkdən yorulmadığını deyən digər redaktor Mahir Həmzəoğlu deyəsən bunu heç də ürəkdən söyləmədi. Bu da onunla əlaqədardır yazılara çox əl gəzdirməli olur. Mahir bəy mədəniyyət yazarı Elçin Qaliboğlunun yazılarından razılıq etdi. Amma: “Elə abstrakt giriş verir ki, bilmirsən göydədir, yoxsa yerdə. Çox əndrabadi şeylər də yazır. Ümumilikdə isə pis deyil”. Deyəsən redaktor bunları deməklə müxbiri özünə düşmən edə biləcəyini düşünmədi. Belə şeylər mənim qələmimdən yayına bilməzdi.

Digər müxbir Ülviyyə isə ümumiyyətlə yazılarına giriş vermir. Bunu da Mahir Həmzəoğlu dedi. Hətta ondan narazı olduğunu da söylədi. ”Xalq Cəbhəsi”nin üçüncü redaktoru Bəhmən  Bayramlı işə xeyli gec gəldi. Çox baməzə adammış. Onu tanımazdan əvvəl baş redaktor mənə demişdi: “Bəhmən müəllimi görməsən çox şey itirməyəcəksən, onunla danışmasan da olar”. Amma həm maraqdan, həm də müxbirlərlə mərcə girdiyim üçün oturub saatlarla onu gözləməli oldum.

Bəhmən müəllimi gözləməyə dəyərmiş. Gələn kimi Qazax-Tovuz ləhcəsində bir neçə lətifə danışmaqla hamımızı güldürdü: “Bir dəfə Prezident Aparatına getmişdik. Mən zaldan tez-tələsik çıxıb tualet istiqamətində qaçırdım ki, dəhlizdə NATO-nun baş katibi ilə kəllə-kəlləyə gəldim. O, mənə “sorry”-dedi, mən də ona “sorry”-deyib aralandım. Təsəvvür edin ki, kənddən gəlib NATO-nun baş katibi ilə toqquşasan”.

Çox təkid etsəm də, Bəhmən Bayramlı şəkilinin çəkilməsinə razı olmadı. Dedi ki, oxucular onu tanımasalar daha yaxşıdı. Beləcə, fotoaparatımın obyektivindən yayınmağı bacardı. Amma onu da deyim ki, mən də çox təkid eləmədim, istəsəydim, lap BAXCP-yə də qaçsa çəkərdim.

Sərbəst müxbirlər Yazılarının mücərrəd girişləri ilə redaktoru qıcıqlandıran, baş redaktorun adaşı Elçin Qaliboğlu mədəniyyət sahəsin “söküb-yığır”. Onun fikrincə, iş qrafiklərində sərbəstlik olsa da, redaksiyada hər kəs özünü məsuliyyətli sayır. Baş redaktorunun fikrinə qüvvət verən Elçin bəy də dedi ki, yaradıcı adam ulduz falı ilə məşğul olmamalıdır.

Redaksiyada “reket” kimi tanınan Ülviyyə Şamilqızı sosial-iqtisadi mövzularda yazır. Hərdən bir də Elçin bəyin sahəsindən yazan bu xanım redaktor Bəhmən Bayramlıdan narazıdır: “İlk dəfə Mahir bəy bura gəlməyimi təklif etdi. Mən də razılaşdım. Ondan da çox razıyam. Amma Bəhmən müəllim adamı yıxıb-sürüyür”.

Yazılarında “edib” sözün tez-tez işlədib redaktorları özündən çıxaran Raifə Həsənova da çoxdandır “Xalq Cəbhəsi”də işləyir. Əsasən beynəlxalq siyasətdən yazan Raifəni bura bağlayan kollektivin səmimi olmasıdır. Özü belə deyir: “Dəfələrlə mənə iş təklifləri gəlib. Ancaq özüm getmək istəməmişəm. Buradakılar çox mehriban insanlardır”.

Güney Azərbaycan mövzularını işləyən Real Cəfərli və mütəmadi olaraq qəzetlə əməkdaşlıq edən Elmidar işdə olmadıqlarından tanışlığımız baş tutmadı.

Redaktorlardan məvaciblərinin miqdarını öyrənə bilməsəm də müxbirlər gizlətmədilər, təxminən 250-300 manat civarında maaş aldıqlarını dedilər.

Gizli imza sahibləri

Yuxarıda Arzu xanımın dediyi kimi, müxbirlərin də bir neçəsi gizli imzalarla qəzetdə çıxış edirlər. Bunlardan biri parlament müxbiri Ağa Cəfərlidir ki, oxucular onu həm də “Abbas Əli”, “Sultan Əli”, “Səlcuq” və b. adlarla tanıyır. Ağa bu adları nəyə görə götürdüyünün tam səbəbin açıqlamadı. Ağa Cəfərli həmin gün yazısında müsahibinin fikrini ixtisar etdiyi üçün redaktor tərəfindən bir balaca tənbeh olundu. Əvvəllər bir müddət “Azadlıq” qəzetində işlədiyini deyən Ağa Əli Kərimlinin heç zaman tərəfdarı olmadığını dedi: “Mənim öz prinsiplərim var. Düzdür müxalifət liderləri ilə normal münasibətlərim var. Ancaq öz fikirlərim hər zaman mənim üçün vacibdir”. Parlamentə getməyin çox maraqlı olduğunu deyən Ağanın bircə dərdi də var: “Prezident Administrasiyasının tədbirləri üçün vəsiqə alsam da, bir dəfə də olsun tədbirə çağırmayıblar. Yəqin gələcəyə məni də ora buraxarlar”.

Digər gizli imza sahibi yerli və xarici siyasətdən “cızma-qaralar edən” Araz Zeynalovdur. Araz deyir ki, mövzu ciddi olanda öz adı ilə çıxış edir. Həmkarım dedi ki, bir neçə il öncə mətbuatdan iyrənib, bezib bu sahədən getmək istəyirmiş. Amma taleyi üzünə xoş baxmayan Araz yenidən sükanı geri döndərməli olur. Elə o vaxtdan da çox sevdiyi iki adamın birinin adını, digərinin də soyadını “oğurlayır”. Hazırda “Rahid Cəfərli” imzası ilə yazan Araz üçün imza məsələsi adi bir şeyə çevrilib: “Mən qətiyyən belə şeylərdən qorxmuram. Sadəcə belə istəyirəm”. İstə də Araz bəy nə deyirik. Texniki heyətin buraxdığı “ÇP” Redaksiyada olduğum müddətdə “Xalq Cəbhəsi”nin həmin gün çıxan nömrəsini əlimə alıb manşetinə baxırdım ki, nə görsəm yaxşıdır? Texniki heyət “ÇP” buraxıb. Bu günün tarixin yazmaq əvəzinə sabahın tarixin yazıb. Bunu görən redaktorlar əl-ayağa düşdülər. Arzu xanım bərk-bərk tapşırdı ki, sən Allah gedib kiməsə birdən deyərsən  aaa?! Məni Allaha and verdirdi deyə, mən də heç kimə demədim, sadəcə yazdım.

Mahir bəy isə özündən çıxaraq: “Bu Mərdan hər dəfə “quş” buraxmalıdır da...Belə də iş olar?!”. Söhbət texniki direktor Mərdan İsmayılovdan gedirdi. Onun özünü axtarsam da tapmadım.

Beş ildi korrektor işləyən Babək Abbasov kollektivdən ürəkdolusu razılıq etdi. Onun qənaətincə, işdə səhv etmək olar: “Səhvimiz olanda da, yumşaq formada xəbərdarlıq edilir”. Bunu elə ürəkacısı ilə dedi ki, hiss etdim ki, deyəsən arada bərk formada da xəbərdarlıq olunur.

Əvvəllər qəzetin fotomüxbiri, indi isə dizayneri kini fəaliyyət göstərən Habil Hüseynov işindən çox razılıq etdi. Baş verən “ÇP”yə görə də korrektorları günahkar bildi.

Mən məsələnin ciddiliyini görüb baş redaktorun da fikrini öyrənməyə çalışdım. O da açıb sandığı, tökdü pambığı. Elçin Mirzəbəyli köhnə nömrələrdə də belə, hətta bundan da ciddi səhvlərə yol verildiyini dedi: “Bu əslində həm texniki heyətin, həm də mənim günahım üzündən baş verib. Mən insanların cəza yolu ilə tərbiyə olunmasının əleyhinəyəm. Ancaq danlayıram, xəbərdarlıq edirəm. Hətta işdən azad etdiyim işçilərimiz də olub. Amma yenisi də eyni şeyi təkrar edir. Mən səhv edən insanı maddi təzminatla sınağa çəkmirəm. Çalışacam onu başa salım ki, bu səhvə bir də yol vermək olmaz. Çalışıram məndən çox kiçik olanlarla ata, mənimlə həmyaşıd olanlarla bacı-qardaş kimi rəftar edim. Başqa cür mümkün deyil. Qəzet inzibatçılıq sevmir. Halbuki, mənim inzibati təcrübəm kifayət qədrədir. Əgər tətbiq etsəm, o zaman bura cəhənnəm düşərgəsini xatırladar”.

Bayaqdan bəri qarasına danışdıqları Mərdanı dörd göz olub axtarsam da tapa bilmədim. Amma onun barəsində xeyli məlumat toplaya bildim. Həm texniki şöbənin direktoru, həm riyaziyyat müəllimi, həm də deyilənə görə ürəkləri parə-parə edib saz çala bilən Mərdan İsmayılov bu cür səhvə yol versə də redaksiyada hamı onu çox istəyir. Ələxsus da tələbəsi Habil. İkinci korrektor Füzuli müəllimlə də tanışlığımız baş tutmadı. İşə axşamüstü gələcəkdi, ona görə. Müxbirlərin sözü çəp gəldi

Müxbirlər otağında həmkarlarıma bir sual ünvanladım. Amma bu sualım mübahisə yaratdı.

- Mövzunu kim tez yazır? Ağa sinəsin irəli verəndə güman etdim ki, yəqin budur. Ancaq pafosla bəyan etdi ki, Elçin Qaliboğlu iki həftə öncə yazıları yazıb, hazır edir: “Sonra da mücərrəd başlıq qoyub təhvil verir redaktora”. Bu sözlər Elçin bəyin xətrinə elə dəydi ki, elə bil onu tok vurdu.  İstədi stola Ağaya tərəf atsın, amma dayandı. - Ağa bu nə deməkdi? Başqasının yanında bu cür hərəkət etməzlər. Mənim sahəm yaradıcı işdir. Ona görə hamıdan əvvəl yazıram. Ağa Cəfərli də həmkarının könlünü almağa çalışdı: - Yaxşı da Elçin müəllim, zarafat edirdim.

Bu qanqaraçılıq səngiməmiş, digəri start götürdü. Elə bil səhər evdən çıxanda Ağanın qabağına qara pişik çıxıbmış. Nədənsə hamı ilə onun sözü çəp gəlirdi. Bir tərəfi də var ki, o da dilini farağat qoymurdu da. Mərdanın yaxşı saz çalmağını fəxrlə dönə-dönə təkrar edən dizayner Habil Hüseynovun dediklərini müxbirlərin də qulağı sezdi. Bir qəhqəhə çəkib güldülər ki, gəl görəsən. Elçin Qaliboğlu güldüyünü biruzə verməsə də, başıbəlalı Ağa yenə işə düşdü. Dilin də sakit qoymayıb “Aşıq Ədalətdən sonra ikinci böyük sənətkar Mərdandı” dedi. Dizayner Habili “cin atına mindi”. Birtəhər onu da sakitləşdirə bildik. Nahar fasiləsi

Naharı kimi elə ayaqüstə, kimi də yaxınlıqda yeməkxanada etdi. Ancaq öyrəndim ki, qərargaha məxsus mətbəx olsa da, müxbirlər oranı bəyənmir. Elə redaktorlar da mətbəxin işə yaramadığını dedilər. Redaktorlar öz otaqlarında qril qonaqlığı açıb, məni də dəvət etdilər. Sağ olsunlar. Süfrə arxasında redaktor Bəhmən Bayramlı yenə öz  lətifələri ilə bizim əhval-ruhiyyəmizi bir az da qaldırdı. Nahardan sonra onlar öz işlərinə davam etdilər, mən də eşitdiklərimi və gördüklərimi qələma almaq üçün Modern.az-a üz tutdum. Bu da “The End”.  

 

 

 

Baş redaktor: "Arzularla imkanlarımız üst-üstə düşmür".

 

Redaktor Arzu Şirinova "Xalq Cəbhəsi"nin stajlı əməkdaşlarındandı.

 

Redaktə etməkdən yorulmayan, amma həm də yorulan Mahir Həmzəoğlu. 

 

Sosial-iqtisadi mövzularda yazan Ülviyyə Şamilqızı.

 

Odur, Ağa Cəfərlidi, amma həm də “Abbas Əli”, “Sultan Əli”, “Səlcuq”dur. 

 

Raifə Şirinova beynəlxalq siyasət məsələlərinə baxır. 

 

Elçin Qaliboğlu mədəniyyət sahəsini “söküb-yığır”.

 

Mövzu ciddi olanda Araz Zeynalov olaraq öz adı ilə çıxış edir.

 

Korrektor Babək Abbasov: “Səhvimiz olanda da, yumşaq formada xəbərdarlıq edilir”.  

 

Əvvəl fotoqraf idi, indi dizaynerdi...Texniki redaktorun kürəyini yerə verməyən Habil Hüseynov.

  Günay Musayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub