Modern.az

Tahir Kərimli ilə FOTOSÖHBƏT

Tahir Kərimli ilə FOTOSÖHBƏT

Fotosöhbət

8 Fevral 2013, 11:01

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun Hüquq fakültəsini bitirib.
Hərbi xidmətdən sonra çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləyib.
T.Kərimli İsmayıllı rayon XDS-nin deputatı (1990-1993), AR Ali Sovetinin deputatı (1990-1995) olub.
AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri postunu tutub. 
1992-ci ildə AR Prezidentinin təqdimatına əsasən Milli Məclis ona ali dərəcəli hakim rütbəsi verib. Gəncliyindən inqilabi azadlıq, demokratiya, hüquqi dövlət, vətənin birliyi ideyalarının daşıyıcısı olduğundan və bu ideyalar uğrunda konsperativ, bəzən isə açıq mübarizə apardığından Qarabağ uğrunda savaşda, Ermənistandan qovulmuş qaçqınların yerləşdirilməsində və Xalq Hərakatında fəal iştiak edib (ilk AXC üzvü olmuş şəxslərdən biridir).
AR Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs verənlərdən olub. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılıb. Yalnız AXC "Demblok" deputat qrupunun AR Prezidentinə müraciətindən (1991) sonra vəzifəsinə bərpa edilib.

1998-ci ildən Vəhdət Partiyasının sədridir. AXC 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin, bir sıra kitab, broşur, məqalə, pamflet və şeirlərin müəllifidir. Uzun illər təqib şəraitində yaşayıb. Azərbaycana ilk şəhid heykəlinin (İsmayıllı, 1991) və dünyada yeganə olan M.Ə.Rəsulzadənin tam ayaqüstü heykəlinin (Agsu, 1992) qoyulmasında əməyi olub. Evlidir, dörd övladı və iki nəvəsi vardır.  

 

 Bu şəkil 3 yaşım olanda çəkilib...

 

 

Tələbəlik dövrüm... Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsiyəm.

 

Orta məktəbi bitirdik - Ağsuda son zəngi...  Ağsu şəhər 1 nömrəli orta məktəbdə Şirvan zonasının  ilk riyaziyyat təmayüllü sinfini buraxılışıdır. Riyaziyyatı mükəmməl bilirdim. Eyni zamanda orta məktəbimizdə şagird təşkilatı komitəsinin sədri idim.

 

Mən iki il Ağsuda “Üfüqdə parıltı” hərbi idman oyunları komandasının komandiri olmuşam. Gəncliyimdən çox yaxşı dama oynamışam, qumbara tullamışam, güləşçi olmuşam, qaçmışam, ştanq qaldırmışam. Yaxşı idmançı idim, ancaq təhsilimə mane olduğuma görə ürək ağrsı ilə hamısını yarımçıq qoydum.  Bu idmançı olan vaxtlarımın şəklidir. 

 

 

Bu oğlan da dostumdur. Həmişə məndən gileylənir ki, bizim heç yerdə şəklimiz yoxdu... Kitabda da yaddan çıxıb bu şəkili verməmişəm... Bu fotosöhbətsə lap yerinə düşdü.

 

Hüquq fakültəsini bitirdikdən sonra...

 

Bu isə əsgərlikdə olarkən. Kalinqrad vilayətinin Baltik şəhərində. Xalam oğlu ilə birlikdə olan şəklimdir. 1976-cı il

 

Bu şəkil ailə qurduğum vaxt çəkilib. 26 yaşında evlənmişəm. Xanımım ictimai insan deyil. 4 uşaq anasıdır. 

1989-cu il AXC-nin birinci konfransında çıxışımdır. 33 yaşım var idi. O zamanlar istəyirdim ki, tanışlarım, hakimlər, prokurorlar,  Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi, rəislər  xalqa qoşulsunlar. Təəssüf ki, onlar içərisindən bir adamı xalq hərəkatına qoşa bilmədim. Dövlət adamı kimi heç kim respublikada xalq hərəkatına qoşulmadı.

 

İsmayıllı rayon xalq hakiminin iş otağında fikirləşirəm. Kiməsə iş verməyə ürəyim gəlmir. Bir nəfərə iş verib, sonra da oturub ağlamışam. Şəkil çəkiləndə xəbərim olmayıb. Mənə deyirdilər səndən hakim olar? İş verirsən sonra da oturub ağlayırsan. Çox həssas idim. Atasız, anasız balaca uşaq görəndə oturub ağlayırdım.  

Ali Sovetdə  4-cü məşhur mikrofon və mən çıxışa hazırlaşıram. Məndən əvvəl çıxış edən isə Tamerlan Qarayevdir. O zaman biz Ali Sovetdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı çıxış edirik. Daha sonra 10 nəfər ilə birlikdə aclıq aksiyasına başladıq. Buna görə də polislər gecə saat 2-də bizi götürüb naməlum istiqamətdə apardılar. Mən elə bildim bizi aparıb Xəzər dənizində boğacaqlar. "Nərimanov"u keçəndən sonra çöldə buraxdılar.

Burada isə aclıq aksiyası keçirirəm. Aksiyanı 9 gün keçirdim. 

 

Etibar Məmmədov, Rəhim Qaziyevin məhkəməsində vəkillik edirəm...

 

Bu şəkil 1992-ci ilin noyabr ayında Nyu-Yorkda - BMT-də çəkilib. O zaman qardaş Türkiyə özünün bu beynəlxaq qurumdakı ofisində bir otağı təmənnasız olaraq Azərbaycan üçün ayırmışdı. Mən BMT-dəki Azərbaycanın daimi nümayəndəliyi üçün ayrılmış həmin otağa baş çəkdim. Bu foto da həmin anın xatirəsidi. Mən, Elşad Nəsirov -ARDNŞ-nin indiki vitse prezidenti (sağda), indiki xarici işlər naziri  Elmar Məmmədyarov (solda).

 

Türkiyənin, Türkmənistanın, Kiprin ali məhkəmələrinin sədrləri. Xanımı isə xatırlamıram. 1992-ci ildə Türkiyənin Ali Məhkəməsinin 150 illik yubiley tədbiridir.

 

Bir dəfə Ali Məhkəmədə stolumun üstünə qoyulan qəzetlərə baxanda birinin arasından çoxlu pul töküldü. Mən də o zamanlar Qurana əl basmışdım ki, rüşvət təklif edənə güllələnmə cəzası çıxaracam. Görünür kimsə rüşvət təklif edirmiş, amma ürək edib özü verə bilməyib. Bir sözlə yiyəsini tapa bilmədim. Buna görə də Avropa Məhkəməsinin Azərbaycan üzrə hakimi Xanlar Hacıyev, indiki Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Gülzar xanım, bir də müavinlərim, onların rəhbərliyi ilə həmin pulu aparıb xəstəxanada yaralılara paylayırıq.

 

1991-ci il Kipr dövlətinin xarici işlər naziri, Tofiq Qasımov və mən. Hələ müstəqillik qazanmamışıq. Tofiq Qasımov da xarici işlər naziri deyil.

 

Türkiyənin, Bolqarıstanın Ali məhkəmələrinin sədrləri. Yanlmdakı xanım sonuncu Türk sultanı Sultan Əbdül Həmidin nəvəsidir.

İsmayıllıda Azərbaycanın ilk şəhid heykəlini qoymuşduq. Tamerlan Qarayev, Firudin Səməndərov  ilk açılışa gəlib. Sonradan  təəssüf edirəm ki, onu da sökdülər. O zaman da mən bir aydan yuxarı xəstə yatmışam. 

 

1992-ci il Ali Məhkəmənin sədriyəm. İsmayıllıda və s. yerdə işləyəndə otaqlarım təmtəraqlı olardı. Ali Məhkəməyə gələndə isə hətta əlimdə olan kostyumlarımı da payladım ki, heç nə təmtəraqlı olmasın. Çünki hesab edirdim ki, xalq hakimiyyətidir. Rüşvət, əyrilik olmaz. 

 

Müstəqil Azərbaycan Respublikasının ilk poçt markası....

 

Bu çox nadir bir şəkildir. Dünyanın ən böyük siyasi xadimlərindən biri, bügünki Türkiyə Cumhuriyyətinin müəllimi, keçmiş baş nazir Nəcməddin Ərbakanla görüşümüz. İslam dünyasını birləşdirməyə, türk-islam dinarı, islam bankı yaratmaq istədiyinə görə dünya hakimiyyəti onu vəzifədən uzaqlaşdırıb ev dustağı etdi. Və mən ev dustağı olanda onu ziyarətə getmişəm. Onun qədrini sonra biləcəklər. Yeri gəlmişkən, o, Rəcəb Tayyib Ərdoğandan mənə şikayət etdi ki, adımı oğluna qoydu, əlimdən öpdü, amma oğlunun toyuna məni çağırmadı. 

 

Mənim bacım oğlu Şahin Seyidli şəhid olub. Universitetdə könüllü olaraq əyani təhsil alırdı. Özü öz istəyi ilə əsgərliyə gedib yaralandı, sonra dözmədi yenidən yaralı–yaralı döyüşı getdi və şəhid oldu. O zaman Xalq Cəbhəsinin universitet təşkilatının üzvü idi. Əbülfəz bəy prezident olanda onun qəbrini ziyarət edir.

 

Bu bizim hakimiyyət dövrüdür. Prezident Əbülfəz Elçibəy, Ali Məhkəmənin, Milli Məclisin sədrləri Şəhidlər xiyabanını ziyarət edir.

 

Amerika Konqresi qarşısında... 1992-ci ildə ilk rəsmi dövlət səfərinə getmişdik. Azərbaycan dövləti adından nümayəndə heyətinin rəhbəri mən idim.

 

1992-ci il... Ali Məhkəmənin sədriyəm....

 

Fələstin konfransındayam. 2003-cü il...

 

Dostlarla birlikdə...

 

Vəhdət Partiyasının  üzvlərilə birlikdə...

 

İlyas İsmayılov, Zərdüşt Əlizadə və s. birlikdə toplanmışıq... 

 

Partiya fəaliyyətimdəki şəkillərimdən... 

 

 Burada isə Azərbaycançı Qüvvələr Birliyinin iclasına sədrlik edirəm. İslam, Sosial Demokrat, Vəhdət partiyalarının rəhbərliyinin şəkilləridir.

 

 

 

 

 

 

 

Modern.az-la fotosöhbət zamanı...
 
Şəhanə RƏHİMLİ
Elçin AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir