Modern.az

Müəllimləri tərəfindən döyülən məşhur ulduzlar –MARAQLI

Müəllimləri tərəfindən döyülən məşhur ulduzlar –MARAQLI

8 Fevral 2013, 10:33

Əvvəllər övladını məktəbə gətirən valideyn müəllimə “uşağımın əti sənin sümüyü mənim” deyərək bütün ixtiyarı müəllimə verirdi. Amma indi müəllimin uşaqlara əl qaldırmasını təzyiq, şiddət kimi qarşılayırlar. Bir neçə gün əvvəl “Youtube.com” saytında müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan görüntülərin də cəmiyyətdə müzakirələrə səbəb olması bir daha bunu sübut etdi. Hətta yayılan bu görüntülər müəllimin işdən çıxarılması ilə nəticələndi. Halbuki, əvvəllər övladını məktəbə gətirən valideyn müəllimə uşağının bütün tərbiyəsini ona həvalə edirdi. Bütün bu fikirlərə baxmayaraq, müəllimin şagirdi döyməsinə haqq qazandıranlar da az deyil.

  Görəsən sənət aləminin tanınmış simaları necə, uşaq vaxtı müəllimlər tərəfindən təzyiqə məruz qalıblarmı? Şou aləmində buna münasibət necədir?   Modern.az bu suallara cavab tapmaq üçün məşhur simalardan bir neçəsi ilə söhbətləşib.

 

Müəllim ailəsindən olan müğənni Vasif Məhərrəmli də müəllimi tərəfindən az döyülməyib: “Uşaq vaxtından biz öyrəşmişik ki, lazım olanda müəllim şagirdi tənbeh etməlidir. Şagirdi vəhşicəsinə döyməyin əleyhinəyəm, amma düşünürəm ki, müəllim şagirdə yüngül təzyiq göstərə bilər. Yəni yeri gələndə, uşağın qulağından da, saçından da darta bilər”.   21-ci əsrin gənclərinin əksəriyyətinin dələduz, sözə baxmayan olduğunu söyləyən müğənni vurğulayıb ki, müasir dövrdə şagirdlər müəllimləri birmənalı olaraq incidirlər: “Mənim ailəmdə iki bacım, anam, atam və qardaşım müəllim olub və mənim belə nüanslardan xəbərim var. Müəllim əgər şagirdə fiziki təzyiq göstərirsə, onu o həddə şagird çatdırır. Amma səbəb nə olursa-olsun, mən müəllimin şagirdi vəhşicəsinə döyməyinin tərəfdarı deyiləm”.   Vasif Məhərrəmli orta məktəbdə müəllim silləsindən nəsibini alan müğənnilərdəndir: “Mən də məktəbdə oxuyan zaman dələduzluq etdiyim üçün müəllimim tərəfindən döyülmüşəm və indi də onlardan heç bir narazılığım yoxdur. Əksinə, onlara müraciət edib deyə bilərəm ki, müəllimlərimin gözəl əllərinə qurban olaram”.

 

Əməkdar artist Baloğlan Əşrəfov 6 il müəllim kimi fəaliyyət göstərib və o düşünür ki, müəllimin uşaqları vurması normaldır. Amma müəllim uşaqları özünə cəlb edə bilərsə, şagirdlər də dələduzluq etməzlər: “Mən müəllimlik fəaliyyəti göstərdiyim üçün düşünürəm ki, əgər müəllim sinfi idarə edə bilirsə, şagirdlərdə dərsə maraq oyatmağı bacarırsa, uşaqlar o dərsdə şuluqluq etməzlər”.   Xüsusilə böyük uşaqlara yumruq, təpik vurmağın əleyhinə olan müğənni, müəllim olarkən şagirdlərə qarşı kiçik cəza tədbirləri gördüyünü bildirib:

“Bəzi dələduz uşaqlara sinifdə müəllim olduğunu hiss etdirmək üçün yüngülvarı formada sözümü deyirdim ki, uşaq dərsi pozaraq digər yoldaşlarına mane olmasın”.
Müğənni bildirib ki, orta məktəbdə oxuyarkən yaradıcılıqla məşğul olduğu üçün müəllimləri onu çox seviblər: “Mən orta məktəbdə oxuyanda atam da digər məktəbdə direktor idi. Amma buna baxmayaraq, orta məktəbdə həmişə musiqi ilə, yaradıcılıqla məşğul olduğum üçün müəllimlər mənə çox böyük hörmətlə yanaşıblar. Lakin bəzən uşaqlığımıza salıb, şitlik edirdik, ona görə də müəllim bizi cəzalandırırdı. Şagird olarkən mən də yazı taxtasının qabağında dayanmışam və müəllimim mənə sillə də vurub, qulağımı da dartıb. Bir dəfə mən uşaqları bayırda saxlamışdım və demişdim ki, müəllimin dərsinə bir-bir girək. Hər birimiz girəndə də deyək ki, müəllim icazə olar? Müəllim desin, keç. Təzədən bir uşaq girsin içəri desin müəllim icazə olar? Müəllim desin, keç. Beləcə altı nəfər içəri keçəndən sonra yeddincidə müəllim başa düşdü ki, oyunu mən çıxardıram. Müəllim bizi yazı taxtasının qarşısına düzüb, hamımızı sillələdi. Bunlar başıma gəlib, bunu dana bilmərəm və indi də onu biz xoş xatirə kimi xatırlayırıq ki, filan müəllim o vaxt mənə bir sillə vurub”.

 

Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı Alim Qasımov da uşaqlıqda müəllimlərinin qəzəbinə tuş gələnlərdən olub. O da məktəb vaxtlarında sillə, “yeyib”, qulaqburmasının “dadına baxıb”.
“Hələ də yadımdadır. Sumqayıtdan gələn bir müəlliməm var idi. Nə isə şuluq iş görmüşdüm. O, həmin səhvimin üstündə mənə elə sillə vurdu ki, elə yerimdə quruyub qaldım. Amma vurmaq keçmişdə qaldı. İndi müəllim gərək hövsələli olsun, uşağı başa salsın. Uşağın içində də bir qorxu olmalıdır, müəllimdən çəkinməlidir”. 

 

“Məktəb illəri” mahnısı ilə məşhurlaşan Lalə Məmmədova isə müəllim cəzası çəkməyənlərdəndir. Məktəb illərində sinif nümayəndəsi olduğundan o, müəllimlər tərəfindən danlanmaqla canını qurtarırmış:
“Məktəbdə oxuyan vaxtlarda sinifkom olduğumdan müəllimlər heç vaxt məni cəzalandırmırdılar. Ən böyük cəzam danlanmaq olurdu. Çünki uşaqlar dərsdən qaçanda mən də onlardan fərqlənməmək üçün onlara qoşulub gedirdim. Ona görə də həmişə danlanırdım”.       

 

Gültəkin Ələsgər

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?