Modern.az

Rafiq Əliyev: “İnsanlar həqiqətin yox, maddiyatın yanındadırlar” - MÜSAHİBƏ

Rafiq Əliyev: “İnsanlar həqiqətin yox, maddiyatın yanındadırlar” - MÜSAHİBƏ

Müsahibə

10 Fevral 2013, 12:42

“Allah eləsin, cəmiyyətimizin səsi qırmızı olmasın...”

”Onlar Lenin təfəkkürü ilə hərəkət edirlər, yəni, bizdən olmayan bizim düşmənimizdir”

Bu gün - 10 fevral tarixi tanınmış alim, bir sıra nəzəriyyələri ilə dünya elminə töhfələr verən akademik Rafiq Əliyevin 71 yaşı tamam olur. Modern.az saytı alimdən elmi və ictimai fonda aldığı müsahibəni sizə təqdim edir.

- Son iki nəzəriyəniz dünya elminə nə töhfə verəcək?

- Əsas son işlərimiz qərarqəbuletmə nəzəriyyəsidir. Qərarqəbuletmə hər yerdə var. Adi fərddən tutmuş ölkələrin prezidentinə kimi hamısında var. Məsələn, səhər tezdən kimsə evindən çıxır və görür ki, hava buludludur. Özü ilə çətir götürmək istəyir. Bu zaman onun iki alternativi var: götürmək ya götürməmək. Deyərsiniz ki, götürsün də. Amma götürsə, bir az ağırlıq olacaq ya unudacaq hardasa, həm də o əlavə narahatlıqla yüklənəcək. Götürməsə də birdən yağış yağa bilər və o islanar.

Qərarqəbuletmə burda öz işni görməyə başlayır. Düzgün qərarqəbuletmə səndə olan informasiyadan asılıdır. Keçmişdə yaşlı adamlar göyə baxıb  deyirdilər ki, sabah yağış yağacaq. Amma indi sinoptiklər heç vaxt dəqiq məlumat demirlər. Doğrusunu ancaq Allah bilir. Bir də bizim nəzəriyyənin əsas özəlliyi. Qərarqəbuletmə inasanın xarakterindən  asılıdır. Həmin qərarı situasiya özü yertişdirmişdi. Həmin vaxt determinizm var idi və dünya başqa riyazi formul tanımırdı.

- Hər şey Aristotel məntiqi ilə idarə olunurdu... 

- Tamamilə düzdü. Məsələn, yağışın yağmasına 80 faiz ehtimal var. Ehtimalın özü isə qumardan, oyundan yaranıb. Mütləq hansısa bir eksperimentə dayanmalıdır. Vahid bir alim oldu ki, o, bu sahədə Nobel mükafatı ala bildi. Kaliman idi o. O, Aristotel məntiqini qəbul edirdi. Amma ona tam olaraq subyektiv yanaşırdı. Kaliman iqtisadçı yox,  psixoloq idi. O psixolojii baxımdan insanlara yanaşdı. Bizim Lütfi Zadə ilə işlədiyimiz nəzəriyyə isə fərqlidir. Biz deyirik ki, heç nə “perfect” deyil. Yaxşı olanı Allahdan başqa heç kim bilməz. Morqanşteyn və Norman deyirdi ki, bunun ehtimalı 100-də 80-dir vəsssalam. Əvvəllər hava haqqında məlumatı tam rəqəmlə deyirdilər. Amma indi inetravalla deyirlər. Bir az ağıllannıblar. Mənim son kitabımın satışı üçün reklam sözündə Zadənin bir cümləsi verilib. Bu “Kitab qərarqəbuletmə nəzəriyəsini yeni müstəviyə qaldırdı”.

- Bizdə insanlar 0-dan 1-ə, yəni yoxluqdan varlığa gedən yollarda niyə azırlar?

- Çox qəribə sualdır. 0 və 1 Aristotel mətiqindədir. Dost və ya düşmən. Ya ağ var ya da qara. Sizin dediyiniz insanların təfəkkür tərzi isə o ağ- qara ilə ölçülür. Onlar heç vaxt intervalla hərəkət etmirlər. Sıfırdan birə keçirlər, birdən sıfıra. Onlar qeyri-səlis məntiq təfəkkürü ilə yox, Lenin təfəkkürü ilə hərəkət edirlər. Yəni, bizdən olmayan bizim düşmənimizdir. Axı bu qeyri-səlis yeni təfəkkürdü, yeni fəlsəfədi. Bunun həyata keçməsi üçün təcrübə azdı. Dediyinz insanlarda kəsilməzlik yoxdu, o insanlarda qütbləşmə var. Həqiqət qütblərdə yox,  onların arasındadır. Amma insanlar bu həqiqətin yanında deyillər.

- Yəni onlar 0 və 1 aralığında həqiqətdən kənar hərəkət edirlər..?

- İnsanlar həqiqətin yox, maddiyatın yanındadırlar. Özü də onlar üçün bu səddi keçmək çox asandı. Gah burda, gah da ordadılar...

- Süni intellektdə hər bir rəngin, o cümlədən qaranın çox çaları var.  Bəs bizim cəmiyyətdə qaranın neçə çaları var? Və ya bizim bugünkü  təfəkkür qaranın neçə çalarını görə bilir?

- Əgər hakimiyyəti deyirsinizsə, o ancaq bir çaları görə bilir: qara və ağ. Yenidən bayaq dediyiniz süni intellekdəki 0 və 1-ə qayıdaq. Peşəsindən və mövqeyindən asılı olmayaraq, hər bir insan səhv düşünürsə, o sıfırın  yanındadı, hətta 0,1-də də deyil. Konkret sıfrın yanındadı.

- Rafiq müəllim, biz bu gün bozla qaranı seçə bilmiriksə, bu gələcəkdə hansı problemləri yarada bilər?

- Çox ağır fəsadlara gətirib çıxarar - sualınız çox xosuma gəldi....
Bir dəfə Corc Buş haqda yazmısdım ki, qeyri-səlis məntiqlə düşünən adam İraqı bombalamaz. Qeyri-səlis məntiq tolerantlıq məntiqidir. 0-1 məntiqi deyil. Amma bunlarda isə konkret 0 və 1 məntiqidir. Başqalarına “0”, özlərinə isə “1” kimi baxmaq məntiqi. İstərdim ki,  həmin o qaradan ağa dərəcəli keçid olsun. Yəni, insanlara sayğı olsun. Onda ağla qaranın sərhəddi itəcək!

- Sizin “Segahı görürəm” adlı elmi monoqrafiyanızda hər bir səs tezliyinin müəyyən rəngə çalma formulu var. Cəmiyyətimizdə və insanlarda bu gün haqq səsi daha çox hansı rəngə çalır?

- O vaxtı səs var idisə də bəmdə idi. Cəmiyyət bəmdə oxuyurdu. Hər rəngdən o biri rəngə 1000 keçid var. Bizim cəmiyyətin səsi ümumilikdə xora oxşayır, amma hələ rəngə çevrilməyib. Hələki xor çoxrənglilik deyil. Mən həmişə demokratrik qüvvələrə birləşin demişəm. Son yazım müxalifətin tənqidinə həsr olunmuşdu. Siz dediyiniz səslər və rənglər çoxluğunda son səs xalqındı.

- Belə deyək, bəs bu gün cəmiyyətin səsi hansı rəngdədi?

- Çox  rəngə çalır. “Qırmızı” demek istəmirəm. Allah eləməsin ki,  qırmızı olsun. Amma bu rəng bəzən “yaşıla” çalır, bəzən isə narıncıya. Amma  hansının üstün olduğunu bu gün demək çətindir. Allah etsin ki qırmızı olmasın...

- Sizin həm də ədəbiyyata dərin marağınız var. Tələbələrinizə çox vaxt iki şeyi məsləhət görürsüz. Bir muğama qulaq asmağı, sonra isə Çingiz Aytmatovu oxumağı. Bizə maraqlıdı, niyə məhz Çingiz Aytmatov?

- Mən “Əsrə bərabər gün”ü 3 dəfə oxumuşam. Özü də rusca. Yadınızdadırsa,  orda idarə olunan insanlara aid bölüm var. Yəni, bu həm də bugünki cəmiyyətin inikasıdır. Yazıçının da böyüklüyü ondadır ki, o yaşadığı zamandan 40-50 il və ya daha çox əvvəli görür. Yaxud olsun “Manqurt əfsanəsi”. Əgər o siyasətə getməsəydi, səfir olmasaydı,  çox böyük ehtimalla Nobel alardı. O heç bir Nobel alandan aşağı səviyyəli yazıçı deyil. Siyasətə getdi və Nobel ala bilmədi. Nobel mükafatı verilərkən, bu kriteriyalara ciddi əməl edirlər. Onun şəxsiyyəti ilə yazıçılığı arasında təzad olsa da o böyük yazıçı idi. O, kiçik bir “Gürcü həyatı” adlı əhvalatda  milli birlik faktorunu çox gözəl qabarda bilir. Yeddi gürcü bir arada olanda içdilərsə, hökmən gürcü dilində mahnı oxuyacaqlar. Düzdü bunlar məcazi mənada çatdırılırdı. Amma milli birlik qabardılırdı.

- Azərbaycanda isə ən çox sevdiyiniz şair Ramiz Rövşəndir. Ramiz Rövşəndə sizi özünə nə cəlb edir?

- Əsas mövzu. Ramiz Rövşən ilk şeirindən son şeirinə kimi tam fərqli bir şey yazıb. O, tam orijinal, Allahın sevgisinə tuş gəlmiş bir adamdı. Heç kimə bənzəmir, şeirləri də tamam fərqliidir.

- Rafiq müəllim bayaq 0 və 1 intervalı barəsində söhbət etdik. Ramiz Rövşən bu intervalın harasındadı?

- Dostum olduğuna görə demirəm, amma Ramiz Rövşən 1-in tam yanındadır.

- Bəs bizimlə etdiyiniz söhbəti bu intervalın harasında görürsünüz?

- (gülür...) ... tam səmmimi deyirəm. Lap 1-in yanında... 


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir