Modern.az

Meksikalı yazıçıdan Əkrəm Əylisliyə cavab

Meksikalı yazıçıdan Əkrəm Əylisliyə cavab

10 Fevral 2013, 16:28
Xulio Torri

Bir ədəbi məmləkət vardı... – hekayə

…Hətta tarixin hərdən yalan söyləmədiyinə inansaq belə, bu heç nəyi dəyişmir…
Kennet Qrehem

Biri vardı, biri yoxudu, heç nəyiylə sayılıb-seçilməyən bir məmləkət vardı. Yorulmaz səyyahdan, yolçudan sorsaydın, çətin ki haqqında nəsə deyə bilərdi. Dəvə yunu, gil güvəclər, səmavi-dini məzmunlu rəsmlər, bir də cib lüğətləri, vəssalam, şüttəmam, – bu məmləkətin ixraca yolladığı bununla bitib-tükənirdi. Üstəlik, günü-güzəranı da büsbütün özgə ellərə bağlıydı: oralardan gətirilən mal-əmtəə və pulla keçinirdi.

Bu qədər fəqir və daxili ehtiyatları kasad olsa da, bir dəfə bu məmləkət mənəvi tərəqqi dövrünə qədəm qoydu.

Məncə, istənilən ədəbiyyat müəllimi bunun necə baş verdiyini məndən yaxşı izah edər.

Birdən-birə çoxlu şair peyda oldu. Onların arasından ikisi daha çox gözə girirdi. Biri hüzur dolu həyat məzmunlu şeirilərin müəllifi; zərif, incə ruhuyla təbiəti duyan, bundan savayı, öz şair istedadını hər şeydən uca tutan və bu haqda hər cür bəlağətli sözlər deyən. Və bir başqası, şeytana qara ibadətiylə tanınan şair – mənəviyyat müdafiəçilərinin sevimli hədəfi; buna görə də qadınlar onun boynuna sarılırdı, amma yaxın təmas zamanı onun zavallı və azca dəli olduğu aşkarlanırdı.

Tarixi yazarlar da saya gəlməz dərəcədə törəyib çoxalmışdı. Bu dəstəyə hətta çoxbilmiş bir alim də dürtülmüşdü, orta əsrlər üzrə mütəxəssis, qərəzsiz tədqiqatçı adını böyük mütəfəkkir ümumiləşdirməsi ilə uğurla cilalayan adam.

Yerdə qalanlara gəlincə, onlar gələcəyi görə bilməyən korazehin idilər, hərgah vicdanlı olsalar da, parlaqlıqdan məhrumdular, çünki ən cəfəng ideyalara baş qatmışdılar.

Ədəbi tənqid baharını yaşayırdı. Üç-dörd qədim-qaim tör-töküntünü çıxmaq şərtiylə. Onlarsız heç yerdə iş keçmir ki. Əllərinə düşəni söyüb tənbeh edirdilər və məsud köhnə zamanlarçün ahu-zarlarıyla hamını təngə gətirmişdilər.

Söz düşmüşkən, o zamanlarda tənqidçilər zəkalı və öz işinin ustalarıydı, fikirlərini oxucu kütləsinə aşılaya bilirdi.

Oxucu dairəsi isə hər gün daha da genişlənirdi. Doğrudur, məlum məsələdir ki, incə zövqlü insanların öz qəribəlikləri və əcaiblikləri var.

Roman, teatr, esseistika görünməmiş zirvəyə qalxdı.

İlham pərisinin həqiqətən seçdiyi adamların arxasınca bir dəstə dəliqanlı gənc düşdü. Onlarda elə bil nəsə cızma-qaralayırdı. Yazıçılar, necə deyərlər, göbələk kimi artırdı, o cümlədən şairlər (onları adətən, daha çox oxucu kimi yada saxlayırıq, adları da yaddaşa lazımsız məlumat kimi yüklənir, qəzetlər səhifələrində rast gəlinən küçə hadisələrinin qəhrəmanları kimi birini o biriylə həmişə səhv salırıq).

Əcnəbilər bu ədəbi intibahı maraqla izləməyə başladı. Onun haqda təsəvvürü çoxsaylı tərcümələrlə alırdılar. Əksər tərcümələr orijinaldakı mətndən çox fərqlənirdi, üstəlik, çox aşağı qiymətlə satılırdı. İlk dəfə məhz onda maraqlı bir fenomen qeydə alındı. Sonralar bu fenomenə siyasi iqtisada aid elmi əsərlərdə tez-tez istinad olunurdu. Çünki ədəbi yüksəliş xarici bazarlarda milli səhmlərin dəyərini artırdı.

İş adamlarının əlinə gözəl fürsət düşmüşdü. Kimin ağlına gələrdi ki, şeirlər və müxtəlif avaraların bekarçılıqda yaratdığı uydurmalar belə faydalı səciyyəyə malik ola bilər! Nə deyəsən, iqtisadiyyat qaramat elmdir, amma gör başımızı necə bişirdi. Gəlir gətirən şeylərdən istifadə eləməmək isə əslində günahdır.

O dəm fərman verildi, ədəbiyyat və digər sənət növləri Maliyyə Nazirliyinin tabeliyinə keçirildi. Cəmiyyətlərin (ora, əlbəttə, ən coşqulu naqqallar daxil edilirdi), akademiya və ədəbi toplantıların fəaliyyəti qaydaya salındı, inzibati nəzarətə alındı və xüsusi məmurların səlahiyyətinə verildi.

Yelbeyin olduğunu düşünə bilməyəcəyimiz nüfuzlu adamlar utanmadan incəsənətə himayədarlıq eləməyə başladı. Birjada söhbət ancaq realizm və idealizm, təsviri vasitələr, Götenin “Memuarlar”ı və Heynenin “Yol mənzərələri” haqda gedirdi. Milad tətili başlayanadək maliyyə naziri parlamentə gələn il üçün ədəbi istehsala dair büdcə layihəsini təqdim edirdi: bəs bu qədər roman, filan qədər şeir və poema yaradılmalıdır… nəsr janrının kəsiri yüz tarixi əsərin əlavə maliyyələşdirilməsi ilə aradan qaldırılacaq. Hakim əksəriyyət nəsrin arxasında dağ kimi durmuşdu, həmin an sol müxalifət nümayəndələri israrla şeir yaradıcılığının inkişafını dəstəkləyirdi.

Milli Bankın səhmləri və əmanətləri xarici birjalarda get-gedə ceyran belinə minirdi. Yerli valyutanın kursu funt srelinqin dəyərini ötüb keçdi. Hərgah cəmi bir neçə il əvvəl yerli valyuta kommersiya xəbərlərində portuqaliya eskudosu ilə qabaq-qənşər durardı. Hər bir yeni kitab kursun yüksəlişini doğururdu. Hələ kitab nədi, hər bir uğurlu ifadə və şeir misrası. Hər hansı bir elmi əsərin müəllifi ön sözdə, yaxud sitatda səhvə yol verən kimi milli valyutanın məzənnəsi dərhal dərəyə yuvarlanardı.

Maddi rifah səviyyəsi o qədər yüksəldi ki, artıq ondan yuxarı hədd ola bilməzdi. Anbarlar və zirzəmilər ehtiyatdan dolub-daşırdı. Kənd daxmalarında, süfrələrdə suda bişmiş mal əti, çəlləklərdə ləziz şərablar. Evdar qadınlar daha bahaçılıqdan şikayətlənmirdi, bir-birinin sözünü kəsərək holland mələfələri və incə qumaşla dolu siyirmələriylə, cürbəcür şoraba və mürəbbə bankaları ilə öyünür, parlaq sırğa-üzük və bahalı daş-qaşla dolu mücrülərindən danışırdılar.

Amma günlərin bir günü fəlakət baş verdi. Heç bir səbəb-filan olmadan milli valyutanın kursu dibə endi. Həftələr ötüb keçdi, enmə hələ də davam edirdi. Söhbət gedirdi ki, bu, birjadakı adi sarıntı deyil.

Axı nə baş verdi? Kimsə suala ağıllı-başlı cavab verə bilmirdi. Evdar qadınlar babalı savadsız aşağı sinif şagirdlərinin boynuna qoyurdu, həm də bu qış dəbə düşmüş həddən artıq açıq dekolteyə.

Fəlakətin əsl səbəbləri, – əgər var idisə, – əlbəttə, ədəbi məzmun daşıyırdı Bu arada akademiya və cəmiyyətlər, büsbütün mürəkkəb ədəbi-bürokratik mexanizm saat kimi işləyirdi. Və bütün çarxlar öz oxu ətrafında fırlanırdı.

Nəhayət, qərara alındı ki, ciddi təhqiqat aparılsın. Məsələ ən yaxşı tənqidçilərin daxil olduğu xüsusi komissiyaya həvalə edildi. Amma təhqiqat heç bir nəticə vermədi.

Təhlilin nəticəsində deyilirdi ki, bir sıra yazıçılar elə karıxdırıcı fikirlər deyir ki, onların təxəyyülü elə sərhəd bilməzdir ki, personajları isə elə gic-gicə və min cür biabırçı hoqqalardan çıxır ki, bu müəlliflərin kitabları sevinc bəxş eləmək yerinə, oxucunu ruhdan salır, dünyaya bədbin baxmağa məcbur eləyir. Odur ki, əvvəl-axır oxucular bundan bezir və onlar kitabları daha çox möcüzəvi mənəvi saflaşma mənbəyi kimi görmək istəyir.

Doğrudan da incəsənət milli rifahın yeganə dayağı ola bilməz.

Tərcümə: Əziz Rzazadə

Qeyd: Kennet Qrehem (1859‑1932) – ingilis nasiri, heyvanlar haqda hekayələrin müəllifi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu