Modern.az

“Azərbaycan həqiqətləri”nin təqdimatı olub - FOTO

“Azərbaycan həqiqətləri”nin təqdimatı olub - FOTO

Aktual

12 Fevral 2013, 16:23

Azərbaycan və ingilis dillərində "Azərbaycan həqiqətləri" adlı filmlər toplusunu hazırlamaqda məqsəd 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrin topraqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımıları və 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktları bütün dünyaya daha geniş şəkildə təbliğ etmək işinə dəstək göstərməkdir” Modern.az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan və ingilis dillərində hazırlanmış "Azərbaycan həqiqətləri" filmlər toplusunun təqdimatında millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva deyib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu bu gün Beynəlxalq Mətbuat Mərkəzində ictimaiyyətə təqdim  edilib.

Q.Paşayeva toplu haqqında məlumat verərək deyib ki, burada 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar - “Soyqırımı:Bakı”, “Soyqırımı:Quba”, “Soyqırımı:Şamaxı” adlı 3 film şəklində 3 diskdə öz əksini tapır.

 “Həmçinin, topluda Ermənistanın 20-ci əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımılar “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban faciəsi” adlı 3 film şəklində öz əksini tapır. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Şuşa və Ağdam şəhərlərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” və “Ağdam; Qafqazın Xirosiması” filmləri də yer alıb”.

 Millət vəkili vurğulayıb ki, Azərbaycan dilində olan filmlərin toplusu isə Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, Gürcüstanda, Cənubi Azərbaycanda (İran), Dağıstanda (Rusiya) yaşayan soydaşlarımızı birləşdirən təşkilatlara, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına veriləcək”.

 Q.Paşayeva həmçinin, ingilis dilində olan filmlərdən ibarət “Azərbaycan həqiqətləri” adlı filmlər toplusunun (1000 nüsxə) Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə yayılması məqsədilə beynəlxalq təşkilatlara, xarici universitet, kitabxana, KİV qurumları, QHT-lərə, beynəlxalq qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diaspor təşkilatlarına, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizə təqdim ediləcəyini deyib.

 Millət vəkili həmçinin, bu işdə Xarici İşlər Nazirliyinin, Heydər Əliyev Fondunun da onlara dəstək olduğunu vurğulayıb.

 Q.Paşayeva deyib ki, toplunun təbliği ilə bağlı Türkiyədə də görüşlər olacaq.

 “Bununla bağlı Türkiyənin 10-a yaxın şəhərində və 14-ə yaxın universitetində fevralın 15-dən martın 5-dək təqdimat mərasimi baş tutacaq. Həmçinin bir neçə ölkələrdə də təqdimat mərasimləri keçiriliəcək”.

 Daha sonra çıxış edən AVCİYA-nın nümayəndəsi Vəli Əlibəyov isə əsas məqsədin Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə yayılması işinə dəstək göstərmək olduğunu deyib: “Bu kataloq həm Azərbaycan, həm də ingilis dilindədir. Bu o deməkdir ki, bütün türk dünyası da bu topludan daha səmərəli bəhrələnərək bunu bütün dünya ölkələrinə çatdıra biləcək”.

 V.Əlibəyov həmçinin deyib ki, gələcəkdə bu toplunu başqa dillərdə - fransız, ispan, ərəb, fars və s. dillərdə də nəşr etdirməyi nəzərdə tutulub.

 Xarici İşlər nazirinin mətbuat katibi Elman Abdullayev isə deyib ki, bu gün Qarabağ hadisələri dünya ictimaiyyətinə çox sürətlə çatdırılır.

 “Belə bir zamanda bu toplunun təqdim olunması bizi sevindirir. Nazirliyimiz də hər zaman bu cür layihələrə dəstək olacaq. Bu toplunun ingilis dilində də çap olunması çox gözəl imkandır. Belə ki, bu gün ingilisdilli xalqların çoxluğu və bu dilin dünya ictimaiyyəti arasında çox aktiv olduğu hamıya məlumdur. İnanıram ki, bu toplu nəticəsində ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlardan hər kəs, bütün dünya xəbərdar olacaq”.

Təqdimatda çıxış edən Dağlıq Qarabağdan olan millət vəkili Flora Qasımova bu filmlər toplusunun Azərbaycan həqiqətlərinin daha da geniş təbliğ edilməsində əhəmiyyətindən və vacibliyindən danışıb.

 Qeyd edək ki, topluda digər qurumlar tərəfindən hazırlanmış 3 film də öz əksini tapıb. Layihənin rəhbəri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Elxan Süleymanovdur.

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?