Modern.az

Prokurorluq ölkədəki ağır cinayətlərlə bağlı məlumat yaydı

Prokurorluq ölkədəki ağır cinayətlərlə bağlı məlumat yaydı

12 Fevral 2013, 17:13

Baş Prokurorluq ölkə ərazisində baş verən cinayət hadisələri ilə bağlı məlumat açıqlayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sabunçu rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Belə ki, fevralın 9-da saat 19 radələrində Bakıxanov qəsəbəsində yerləşən «Bülbülə» gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, dindirilmələr aparılmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilmiş və sonuncu hadisə yerindən qaçıb.

Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluğun açıqladığı digər məlumatda bildirilir ki, fevralın 9-da saat 22:30 radələrində  Masallı rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qayınatası, 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürməyə cəhd edib.

Daha sonra E.Rzayev rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf etmiş və cinayətin aləti olan ov tüfəngini təhvil verib.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Fevralın 8-də saat 12 radələrində isə Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfənglə atəş açaraq özünü öldürüb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi-bioloji, tibbi-kriminalistik və ballistik ekspertizaları təyin edilib.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir