Modern.az

Eks-deputat: “Mənə etimad göstəriləcəyi günü gözləyirəm” - MÜSAHİBƏ

Eks-deputat: “Mənə etimad göstəriləcəyi günü gözləyirəm” - MÜSAHİBƏ

Müsahibə

13 Fevral 2013, 12:49

Anar Axundzadə: “Heydər Əliyev mənə dedi ki, “şirdi, amma qoca deyil…”

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Anar Axundzadə Modern.az saytına müsahibə verib. Sabiq deputatla söhbəti təqdim edirik.

 

A.Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995 ci illərdə Naxçıvan Dövlət Universitetinin kənd təssərrüfatı fakültəsini və həmin Universitetin (ikinci təhsil) hüquq fakültəsini bitirib. 1997-2000 illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci ilin fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikasi Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər seçki dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib.

- Hazırda nə ilə məşğulsuz? Çoxdandır görünmürsüz?

- Mən dəvət olunan yerlərdə olmağı daha çox xoşlayıram. YAP-ın üzvü kimi ölkədə gedən ictimai- siyasi hadisələri yaxından izləyirəm.

- Deyəsən çox erkən yaşlarınızdan YAP-a üzv olmusunuz?

- Mən mərhum Heydər Əliyev Naxçıvana gəldiyi gündən onun yolundayam. 1992-ci ildə partiyanın yarandığı gündən onun sıralarındayam. O zaman Naxçıvanda keçirilən təsis konfransının iştirakçısı olmuşam. YAP-ın ilk təftiş komissiyasının üzvü seçilmişəm.  1999-cu ildə YAP-n qurultayında Siyasi Şuranın üzvü seçildim.

- Bəs cavan oğlanı niyə biznes, pul qazanmaq deyil, məhz siyasət cəlb elədi?

-1988-1990- cı ildən Azərbaycanda Sovet imperiyasına qarşı başlanan milli-azadlq hərəkatı və 1990-cı il məlum 20 yanvar hadisələri o zaman ictimai cəhətdən fəal olanların hamısnı bu proseslərə qoşmuşdu. Mən də Naxçıvanda belə fəalardan idim. Mərhum Heydər Əliyev Naxçıvana gələndən sonra onun çıxışları məni heyran etdi. Başa düşdüm ki, xalqı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər.

- Mərhum prezidentlə təmaslarınız olub?

- Şəxsi təmaslarımız olub. Naxçıvan Ali Məclisində 1993-cü ilin may ayında keçirilən 70 illik yubleyində biz onunla görüşdük. Tribunaya çıxıb yubley münasibətilə Heydər Əliyevi təbrik etdim. O zaman məşhur olan şeiri də əzbər dedim. “Şərqin qoca şiri Naxçıvandadır” şeirini... Şeiri deyəndən sonra Heydər Əliyev mənə “oğul, şir olmağına şirdi, amma qoca deyil” dedi. Mən öz həyatımda bu şərəfli anların dəyərini  qiymətləndirirəm və belə bir dahi şəxsiyyətin rəhbərliyi altında işləmək bizə nəsib oldu.

- Naxçıvan Ali Məclisində sədrin köməkçi və icra başçısının müavini işləmisiniz. Naxçıvan son 10-15 il ərzində məkana görə blokada şəraitində yerləşir. Oradakı siyasi idarəetmə münasibətləri zaman-zaman müxtəlif müzakirələrə səbəb olur. Müxalifyönlü qəzetlərdə Naxçıvanın qapalı bir yer olduğu, ciddi problemlərin yaşandığı vurğulanır. Opponentlər isə deyirlər ki, İran və Ermənistan tərəfindən dövrəyə alınan Naxçıvanda idarəetmədə boşluq olmamalıdır. Siz bu barədə nə deyə bilərsiniz?

- Mən bir şeyi deyə bilərəm ki, Naxçıvan uzun illərdir blokada şəraitindədir. Son dövrlərdə İran İslam Respublikası ilə danışıqlarda Naxçıvanla maşın yolu məsələləri həll olundu. Amma bununla yanaşı,   əhali nəqliyyat vasitəsi kimi avtobusdan da istifadə edirdi. Bakı ilə əlaqələr belə qurulurdu. Amma Naxçıvanın blokada şəraitində olması təbii ki, burada müəyyən problemlər yaradırdı. Opponentlərə gəlincə, bu günkü müxalifət qüvvələrinin əsas işi iqtidarda nöqsan axtarmaqdan ibarətdir. Amma sadəcə olaraq mən bu insanlara məsləhət görərdim ki, Naxçıvana getsinlər. Onlar Naxçıvanda gedən böyük quruculuq işləri ilə tanış olsunlar. İndiki dövrdə texnologiya inkişaf edib və oranın bir neçə il öncə olan mənzərəsinini indiki mənzərə ilə müqayisə etsinlər. Bu gün blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan çox sürətlə inkişaf edir. İlham Əliyevin tutduğu yol, apardığı siyasət Naxçıvanda çox yüksək səviyydə həyata  keçirilir. O ki qaldı çatışmayan cəhətlər, nöqsanlar bunlar iş olan yerdə olmalıdır. Prezidentimizin belə bir sözü var ki, iş olan yerdə nöqsan olar. Biz işləyirik və nöqsanlar ortaya çıxır. Onları da ardan qaldırırıq. Amma daim danışan insanlar heç bir işlə məşgul olmayanlardır. Bu baxımdan mən hesab edirəm ki, Naxçıvana istər dövlət səviyyəsində, istər digər siyasi baxışlarda görülən işlərə dəstək verilib. Ona gördə gedib baxıb və bu işləri dəyərləndirmək lazımdır. Naxçıvanda qanunun aliliyinə riayət olunur. Məsələn, Naxçıvanda taksi sürücüsü forma geyinməlidir və siqaret çəkməməlidir, çünki o maşına tək böyüklər deyil, uşaqlar da minir.  Belə şeylər orada qadağan olunub.

- Milli Məclisdə deputat olduğunuz zamanla bu günkü parlamentin  ictimai həyata təsirini müqayisə etdikdə, bunlar arasında hansı fərqlər özünü göstərir?

- Mən 2000-2005-ci illərdə millət vəkili olmuşam. Bu günkü  parlamentin fəaliyyəti ilə o dövrün fəaliyyətini müqayisə etməzdim. Çünki hər dövrdə parlamentin özünəməxsus iş gündəliyi var. Sadəcə olaraq 2005- ci ildən bu yana Azərbaycan kifayət qədər inkişaf dövrü keçib. O vaxt problemlər çox idi. Ölkədə olan inkişaf  tempinə aid siyasi mübahisələr çox idisə, bu gün artıq parlamentdə inkişafımız haqqında müzakirələr daha çoxdur.  Biz o vaxt parlamentdə problemləri müzakirə edirdiksə, bu gün artıq parlamentdə uğurlarımız müzakirə edilir. Ona görə də bugünkü parlamentdə xalq tərəfindən seçilmiş millət vəkilləri özlərinə məxsus gündəlikdə duran məsələrdə qənaətbəxş fəaliyyət göstərirlər. Mən deyərdim ki, hər dövrün zamanın tələblərinə uyğun  parlamenti fəaliyyət göstərir.     

-Eks-deputat kimi parlamentlə hər hansı əlaqələriniz varmı?

- Əlbəttə. Ora hərdən qonaq da gedirik. Bir çox millət vəkilləri ilə şəxsi münasibətlərimiz də var. Ümumi tədbirlərdə iqtidara mənsub adam kimi iştirak edirik. YAP tədbirlərinə dəvət olunanda  orda da iştirak edirik. Yəni iqtidarın adamı kimi hər addımın içərisində varam və bundan da məmnunuluq duyuram.

- Sonradan nə üçün seçki kampaniyasına qatılmadınız? Özünüz istəmədiniz yoxsa..?

- Mən Naxçıvandan majoritar qaydada da deputat seçilmişdim. YAP Siyasi Şurasının üzvü kimi partiya məni dəstəklədi. Mən onların dəstəyi ilə millət vəkili seçildim. O zaman mən məsləhət idimsə, mən seçildim. 2005 -ci ildə həmin dairədən digər namizəd irəli sürüldü. YAP üzvlərinin sayı çoxdur. Və o üzvlərin içində bizim dövlətimizə xidmət edən kifayət qədər zəkalı insanlar var. Mənim də buna heç bir etirazım olmadı. Çünki fikrimcə, Azərbaycana xidmət heç də təkcə deputat olmaqdan keçmir. İstənilən sahədə mən bu xidməti göstərə bilərəm.  Bu necə olur? 2000-ci ildə partiya məni dəstəkləyəndə mən partiyamı sevirdim, bu gün parlamentə mənim namizədliyim verilmədi deyə, mən partiyamı sevməyim? Bizdə belə bir şey ola bilməz. Bizim bir yolumuz var, bu da Heydər Əliyev yoludur. Mən də bu yolla getməyimlə fəxr edirəm. Əgər 2015- ci ildə mənim fəaliyyətimi parlamentdə məsləhət görsələr, ora gedəcəyəm, yox əgər YAP-da siyasi fəaliyyətini davam etdirməyim lazım gəlsə, belə olacaq. Əsas amal odur ki bu gün Azərbaycan iqtidarı xalqımıza xidmət edir.  Mən prezidentimizin tutduğu siyasəti dəstəkləyirəm. YAP-ın üzvü kimi fəaliyyətimi davam etdirirəm. Mənə sabah harda olmağımı desələr, mən orda da olacam.

- Partiya sizinlə maraqlanırmı?

- İstər respublika səviyyəli, istərsə də digər tədbirlərə mən dəvət olunuram. İstər 2003, 2008-ci il prezident seçkiləri, istər 2005-ci ildə parlament seçkilərinin hər birində mən Azərbaycan Respublikasının prezidentinin seçkilər üzrə səlahiyyətli nümayəndəsi olmuşam. Bu mandatların hamısını indiyəcən saxlayıram.  

- Sizin barənizdə söhbət gedəndə biznes strukturuna rəhbərlik etməyiniz barədə məlumatlar yayılırdı.  Bu deyilənlər nə dərəcədə doğrudur?

- Bu məlumatlar doğru deyil. Mənim böyük biznesim yoxdur. Mən əsasən dövlət sahəsində işləməyə üstünlük verirəm və özümü orda daha bacarıqlı hesab edirəm. Ona görədə mən hesab edirəm ki, dövlətimizin etimad göstərdiyi hər hansısa bir sahə mənə daha uyğundur. Bizneslə məşğul olan, mənimlə eyni adda və soyadda insanlar var.  Hətta qohumlardan bel, mənə kömək üçün müraciət edənlər olmuşdu. Sonrdan öyrənmişəm ki, bu biznes şəbəkəsinin rəhbərinin adı və soyadı mənimki ilə eynidir. Bu sadəcə bir təsadüfdür. Belə məsələlər insanlarda çaşqınlıq yaradır.

- Siz daha çox YAP-da kimlərlə - “köhnə komanda” ilə yoxsa “yeni komanda” ilə yaxınlıq edirsiniz?

- Mənim şəxsi təmaslarım var. Elə insanlar var ki, onlar öz yollarını dəyişiblər. Mənim onlarla heç bir əlaqəm yoxdur. İlham Əliyevin siyasətini dəstəkləyən hər bir şəxs mənim dostumdur. Əgər sabah o insan prezidentə qarşı çıxırsa, o əsla mənim dostum ola bilməz. Mənim siyasi yolum İlham Əliyevin yoludur.

- Son vaxtlar parlamentdə çox ciddi qalmaqallar yaşanır və mandatın pulla alınması məsələləri müzakirə olunur. Keçmiş bir deputat kimi bu məsələlər sizdə diskomfort hissi yaratmır ki?

- Mən bu məsələləri gündəmə gətirib siyasiləşdirməyin tərəfdarı deyiləm. Əsasən bunları edənlər müxalifət nümayəndələridir. Əgər bu gün Elşad Abdullayevlə Gülər Əhmədova arasında hər hansı bir bazarlıq gedibsə, hüquq-mühafizə orqanları bu məsələyə həmin an reaksiya verərək, iki şəxsin hər hansı bir əməlinə görə cinayət işi açıbsa, bunu bu qədər siyasiləşdirməyi düzgün hesab etmirəm.

Mənim müxalifət nümayəndələrinə bir sualım var. Azərbaycanda müxalif sırada duran insanlar kimi danışmağa sözünüz yoxdurmu? Əgər siz ölkəmizdə nəyisə axtarırsınızsa, bu qədər iqtisadi inkişafdan niyə danışmırsınız?

Bu gün dünya ölkələrinin hər yerində müxalif qüvvələr var. Amma ölkənin uğurlarında, bayramlarında, dar qlobal məsələlərdə, milli mənafelərdə bir yerdədirlər. Hətta hakimiyyətə gəlmək yollarını da sivil qaydada aparırlar.

Bizdə müxalifət sadəcə istəyir ki, Azərbaycanda qarışıqlıq olsun. Onlar da yaranmış bu qarışıqlıqdan istifadə edərək, hakimyyətə gəlsinlər.  

Bu gün Azərbaycan iqtidarının apardığı siyasət çox uğurla gedir. Əlbəttə, müəyyən nöqsanlar var və bunlar da aradan qaldırılır. Və yaxud hər hansı bir şəxs, məmur öz vəzifəsini icra edə bilmirsə, ölkə prezidenti tərəfindən işdən kənarlaşdırılır. Mən belə düşünürəm ki, xalqımız 2013-ci ildə də prezident İlham Əliyevi dəstəkləyəcək.

- Növbəti seçkilərə qatılmaq fikriniz varmı?

- Hər günün öz hökmü var. Mən siyasi fəaliyyətimdə prezidentimizin verəcəyi qərarları əsas götürürəm. Əgər icra orqanlarında təmsil olunmağım gərəkərsə, bu da prezidentimizin verəcəyi qəradan asılıdır.

- Sizə icra strukturlarında işləmək təklif olunub?

- Müxtəlif strukturlarda işləmək təklif olunub. Amma nəticə olanda hər kəs bundan xəbərdar olacaq. Gənc adamın gözləmə mövqeyində qalması bir az darıxdırcıdır. Mənim darıxmamağımın səbəbi ondan ibarətdir ki,   bizlər daim ölkəmizin müxtəlif uğurlarının şahidi oluruq. Mən də bu uğurlarda öz payımın olduğunu hiss edirəm.

- Həmin uğurları əldə etmək üçün bunlara qatılmaq da lazımdır.

- Bunun üçündə təyinat olmalıdır. O təyinat da etimaddır. Bunu da mən gözləyirəm.

Xaqani Səfəroğlu
Pərvin Arzuqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi