Modern.az

Deputatlar: “Harınlamış məmurlar deyilərkən təkcə İsmayıllı yada düşməməlidir”

Deputatlar: “Harınlamış məmurlar deyilərkən təkcə İsmayıllı yada düşməməlidir”

13 Fevral 2013, 15:29

 Dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəzi məsələlərə toxunub. O, vəzifəli şəxslərin övladları barədə isə daha sərt danışıb: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Prezidentin bu sözləri isə cəmiyyətdə böyük maraq doğurub. Modern.az məsələ ilə bağlı bir neçə millət vəkilinin fikirlərini öyrənib.

Millət vəkili Vahid Əhmədov da Prezidentin dünənki çıxışına münasibət bildirib. “Prezident bir  yox bir neçə məsələyə toxunub və bunlar çox vacibdir. Onlar faktiki olaraq, gündəmdə olan məsələlərdir. Ona görə də cənab Prezident başçı olaraq, öz mövqeyini bildirdi. Söhbət bir neçə məsələdən gedir. Birincisi yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının əhali ilə davranışı, əhali ilə olan münasibətində müəyyən məsələlər aradan götürülməli, insanlarla təmas daha da geniş olmalıdır”.

İkincisi bu regionların sosial iqtisadi məsələlərinə də Prezident toxunub: “Mütəmadi olaraq, bu məsələ dövlətin nəzarətində saxlanılır ki, həmin bölgələrdə maliyyə problemi yaranmasın. Amma bir sıra icra başçıları var ki, sahibkarlara təzyiq edirlər və onları məcbur edirlər ki, müəyyən tikinti materiallarını gətirsinlər. Sahibkar özəl təşkilatdır, özəl şəxsdir. Ona görə də onlara belə təzyiq forması qəbuledilməzdir. Bunu da cənab Prezident öz çıxışında göstərdi”.

Millət vəkilinin sözlərinə görə, əsas məsələlərdən biri olan korrupsiyaya məsələsinə də Prezident toxunub. “Əlbəttə ki, bununla əlaqədar olaraq, müəyyən işlər görülür, prokurorluq tərəfindən idarə yaranıb. Böyük bir dövlət komissiyası fəaliyyət göstərir. Korrupsiyaya qarşı işləri genişləndirmək üçün daha çox şəffaflığa fikir verilməlidir. Maliyyə xərclərinə şəffaflıq vermək lazımdır. Xüsusilə də biz təklif etmişik ki, “Maliyyə nəzarəti haqqında” Qanun layihəsi qəbul edilməlidir ki, nəzarət forması genişləndirilsin. Düzdür hazırda Hesablama Palatası və Maliyyə Nazirliyinin xətti ilə müəyyən işlər görülür. Amma bunu daha da geniş və şəffaf aparmaq lazımdır”-deyə, V.Əhmədov əlavə edib.  

Məmur övladlarının özbaşınalığı ilə bağlı prezidentin çıxışına da münasibət bildirən Vahid Əhmədov qeyd edib ki, bu çox ciddi məsələdir. “Bu ümumiyyətlə Azərbaycançılığa yaraşmayandır. Məmurun övladı özünü daha da təmkinli, cəmiyyətə layiq aparmalıdır, nəinki bu gün biz bəzi məmurların övladlarına hiss etdiyimiz kimi”.

Deputat harınlamış övladlar həddən artıq çox olduğunu söyləyərək bildirib ki, onlar atalarına arxayındırlar və buna görə də müəyyən hadisələr törədirlər, müəyyən işlər görürlər. “Lakin, bu qəbuledilməzdir. Cənab Prezidentin də bu barədə məlumatı var və xəbərdarlıq etdi. Mən bu fikirlərlə tamamilə razıyam. Bunların qarşısını almaq üçün heç bir qanunun da qəbuluna ehtiyac yoxdur. Sadəcə qəbul edilmiş qanunlara riayət etmək lazımdır. Hüquq mühafizə orqanları belə hadisələrin qarşısını almalıdır, imkan verməməlidir. Ona görə də cənab Prezident bildirdi ki, həmin adam həbs olunmalıdır, onun atası yüksək vəzifədədirsə, bu vəzifədən azad edilməlidir. Bunun yolu budur, başqa yol yoxdur”-deyə, deputat öz fikirlərini qeyd edib.

Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov hər kəsin qanun qarşısında bərabər olduğunu qeyd edib. Onun sözlərinə görə, məmurlar da, onların övladları da xalq üçün nümunə olmalıdır. “Əgər Prezident bu haqda onları tənbeh edirsə, ən bunu çox düzgün olduğunu hesab edirəm”. İ. İsmayılov bildirib ki, bu cür halların qarşısını almağa nəvar ki?! “İndi İsmayıllıda hadisə oldu, prezident də onu nəzərdə tutub. Orada bina tikilib, bunu nazirin balası edib. Hamı qanun qarşısında bərabərdir. Qanun tədbir görəndən sonra hər kəs öz  payını götürməlidir”-deyə, İlyas İsmayılov qeyd edib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, bu problemlərin həll olması üçün konkret addımlar atmaq lazımdır. “Prezidentin bu çıxışını müsbət qiymətləndirirəm. Məncə bu hadisələrin üzərinə kəskin şəkildə getmək lazımdır”. Prezidentin çıxışında İsmayıllı hadisələrinin nəzərə tutulmasını sualına isə millət vəkili belə cavab verib. “Açığı, mən bunu dəqiq söyləyə bilmərəm. Tək İsmayılı deyil axı, digərləri də var -  Qubada da var, başqa yerlərdə var. Söhbət təkcə İsmayıllıdan getməməlidir”.

 

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi