Modern.az

İlyas İsmayılov Prezidentdən biznesmen məmur və deputatların həbsini istədi

İlyas İsmayılov Prezidentdən biznesmen məmur və deputatların həbsini istədi

13 Fevral 2013, 15:33

Millət vəkili sözünün üstündə durdu

Xəbər verdiyimiz kimi, Azərbaycanda bizneslə məşğul olan məmurların və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavə qəbul olunmayıb. 
Daha dəqiq desək, layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib və geri qaytarılıb.

Onu da xatırladaq ki, İ.İsmayılov Modern.az-a açıqlamasında Komitənin qərarından narazı qaldığını bildirmişdi:

“İstədim korrupsiyanın qarşısına bir sədd çəkək, amma nə qədər təəssüf və təəccüb doğursa da, proseslər əks istiqamətdə getdi. Başqa sözlə, Əli Hüseynlinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi bu məsələ ilə bağlı əslində hüquqi yox, siyasi qərar qəbul etdi”.

Yeri gəlmişkən, Ədalət Partiyasının sədri geri çəkilməyəcəyini də vurğulamışdı: “Komitədə layihənin müzakirəsinə 4 nəfər qatılıb. Mənə verilən məlumata görə, qərar ciddi müzakirə aparılmadan qəbul edilib. İstənilən halda elə hesab edirəm ki, onların bu qərarı dövlət maraqlarına deyil, korrupsiyanın çiçəklənməsinə qulluq edir. Ona görə də böyük ehtimalla məsələ ilə bağlı ölkə Prezidentinə müraciət edəcəyəm”.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, millət vəkili artıq Prezidentə müraciət edib. Onun dövlət başçısı İlham Əliyevə göndərdiyi məktubda deyilir:

Möhtərəm Prezident!

Siz dəfələrlə bizi ağac qurdu kimi içərimizdən yeyən korrupsiyanı ölkəmiz üçün böyük bəla və ləkə hesab edərək hamını bununla mübarizəyə çağırmısınız. Bu fikri bu yaxınlarda Nazirlər Kabinetinin  iclasında yenə də səsləndirdiniz. Korrupsiyaya qarşı mübarizənin uğurlu olması həm də müvafiq qanunvericilik bazasının yaradılmasını tələb edir.

Bu baxımdan mən Milli Məclisdə olan çıxışlarımda bir sıra təkliflər vermişəm. Çox təəssuf edirəm ki, bu təkliflər ya sükutla qarşılanır, ya da onların müzakirəsinə maneçilik törədilir.

Ən arzuolunmaz hal budur ki, bizdə varlı adamlar biznesmenlər deyil, qanunsuz bizneslə məşğul olan vəzifəli şəxslərdir. Elə bu da ölkəmizdə korrupsiyanın yüksək həddini müəyyən edir. Ona görə də Cinayət Məcəlləsinə vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə məsuliyyəti nəzərdə tutan xüsusi norma əlavə edilməlidir. Bu, cinayət qanununun ümumi xəbərdarlığı baxımından da çox əhəmiyyətli olardı. Mən həm bütün bunları, həm də Sizin korrupsiyaya qarşı mübarizə mövqeyinizi dəstəkləyərək 2011-ci ildə Milli Məclisə bu barədə qanun layihəsi təqdim etdim. Amma o Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində yalnız iki ildən sonra “müzakirə” edildi və parlamentin plenar iclasına tövsiyə olunmadı. Təəssuf doğuran odur ki, Komitə üzvləri bu mövqelərini ortaya qoyanda “Korrupsiyaya qarşı mübarizə haqqında”  Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini nəzərə almadılar. Halbuki həmin qanunun 9.3.3.maddəsində birbaşa göstərilir ki, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq... korrupsiyaya aparan hüquqpozmadır.

Həmin Qanunun 10-cu maddəsinin 10.1-ci bəndində isə yazılıb ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur”.

 “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci bəndində də bildirilir ki, “Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır”.

Nəhayət, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı... sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)” mandatından məhrum edilir.

Hesab edirəm ki, Komitə yanlış və korrupsiyaya töhfə verən bir mövqe tutdu. Əfsuslar olsun ki, bu hüquqi nihilizm korrupsiya hallarının cəmiyyətimizi çökdürdüyü bir vaxtda baş verir. Bütün bu göstərilənləri nəzərə alaraq qanunvericilik təşəbbüsü hüququnuzdan istifadə etməklə Milli Məclisə bu məsələ ilə bağlı layihə göndərməyinizi xahiş edirəm. Əminəm ki, mənim layihəmi ötəri və səthi müzakirə edib ciddi əsas göstərmədən geri qaytaranlar Sizin adınızla bağlı layihəyə analoji münasibət bildirməyə cəsarət etməzlər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır