Modern.az

Deputat köməkçisi: “Mənim əsas hədəfim deputat olmaqdır”

Deputat köməkçisi: “Mənim əsas hədəfim deputat olmaqdır”

Parlament

4 Mart 2010, 11:46

“DEPUTAT KÖMƏKÇİSİ” RUBRİKASININ NÖVBƏTİ QONAĞI MİLLƏT VƏKİLİ İQBAL AĞAZADƏNİN KÖMƏKÇİSI BƏYBALA ƏLİYEVDİR - Sizi köməkçi görmək İqbal bəyin öz təşəbbüsü olub?

- Parlament seşkiləri zamanı 35 saylı Xətai Seçki Dairəsindən namizəd İqbal Ağazadə idi, 36 saylı  dairədə isə mən. Onda tanış olmuşuq. Heç bir qohumluq əlaqələrimiz də yoxdur. Heç eyni bölgədən də deyilik. İqbal bəy Füzuli rayonunda, mən isə Cəlilabadda anadan olmuşam. Uzun müddətdir Xətaidə yaşayır, işləyirəm. Seçicilərin əksəriyyətini də tanıyıram. Əvvəllər də seçicilərimizdən çoxunu tanıyırdım, onlar mənim iş yoldaşlarım olub, mən də onların müdafiəçisi olmuşam, yəni Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışmışam. Bu səbəbdən də belə məsləhət oldu ki, mən seçicilərlə daha yaxından ünsiyyət qura, onların problemləri ilə daha tez məşğul ola bilərəm.

- Hazırda əsas işiniz nədən ibarətdir?

- Mən ancaq seçicilərlə ünsiyyətdə oluram, onların deputat qarşısında qaldırdırmaq istədiyi məsələləri öyrənirəm, mütəmadi olaraq seçicilərlə bina-bina və yaxud küçə-küçə görüşlər keçiririk. Şənbə günləri bizdə qəbul günləridir. Seçicilərin bilavasitə deputatla görüşü keçirilir. Problemləri əgər yerində həll edə bilmirəmsə, onlarla deputat məşğul olur. Hansısa məsələ ilə bağlı lazımi orqanlara deputat sorğusu göndəririk.

- Ən çox şikayətlər nə ilə bağlı olur? Ümumiyyətlə, şikayətlər çox olur?

- Həddən artıq çox olur. Təsəvvür edin ki, kimin evinə su, işıq, qaz gəlmirsə, mütləq gərək deputata müraciət edə. Yaxud kiminsə yolları pis gündədirsə, zibil vaxtında atılmırsa, hansı ki, bu işləri Mənzil İstismar sahələri görməlidir, ancaq deputata müraciət olunur. Yəni həll olunmayan problemlərin 99 faizi deputata yönəldilir. Deputat da gücü çatanı həll edir, əks halda da o işlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılır.  Əgər zibil probleminə görə də deputata müraciət olunursa, təsəvvür edin ki, şikayətlər nə qədər ola bilər. Çalışırıq ki, məsələləri həll edək. Bu səbəbdən də şikayətlərin mahiyyəti üzrə əvvəlcə MİS-lərə, orada həll olunmursa, Rayon İcra Hakimiyyətinə müraciət edirik. İcra Hakimiyyəti də əlbəttə ki, deputatın ona birbaşa yazılı müraciətinə müsbət yanaşır. Doğrudur, şikayətlərin əsas hissəsi sosial məsələlərlə bağlı olsa da, son zamanlar məhkəmələrlə və banklarla bağlı müraciətlər  daha çox olur.

- Şikayətlər ancaq Sizin tərəfinizdən araşdırılır?

- Əgər məsələlər yerində həllini tapırsa, bu zaman deputata heç bir müraciət ünvanlamağa lüzum qalmır. Əgər yerində həll olunmursa, köməkçi kimi bizim gücümüz çatmırsa, bu halda deputata müraciət olunur.

- İqbal Ağazadə ilə işləmək çətin deyil ki?

- Xeyr. Əksinə, onunla işləmək şərəfdir. Bütün işlərə müsbət yanaşır. Baxmayaraq ki, partiya sədridir, iş qrafiki gərgindir, bütün seçiciləri dinləməyə hazırdır və hər zaman qəbul edir. Seçicilərlə görüşün şənbə günü nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar qeyri-günlər də geri qaytarılmır. Yəni gündəlik qəbul olur.

- İş saatınız neçəyə qədərdir?

- Səhər saat 9-dan işə başlayırıq. Amma qurtarma saatını dəqiq deyə bilmərəm. İşimiz nə vaxt qurtardı, onda da gedirik. Bu, axşam saat 20.00 da ola bilər, 21.00 da. Əsas odur ki, seçicilər razı qalsın, onlara köməyimiz dəysin. Həftənin şənbə günü də işləyirik. Çünki qəbul günləridir.

- Maaşınız nə qədərdir?

- Elə müqavilədə yazılan qədər.

- Əlavə qazancınız olurmu?

- Xeyr olmur.

- Həm də Ümid Partiyasının rayon təşkilatının sədrisiniz. Bəs partiya ilə bağlı tapşırıqlarınız olurmu?

- Ümid Partiyasının rayon təşkilatının sədri olsam da, mənim əsas işim seçicilərin problemləri ilə maraqlanmaq, imkan daxilində onları həll etməkdir.

- Digər deputat köməkçiləri ilə əlaqəniz varmı?

- Ümumiyyətlə, heç biri ilə yaxın münasibətim yoxdur. Sadəcə hansısa seminarda görüşürük.

- Gələcəkdə yenidən deputatlığa namizəd olmaq istəyirsiniz?

- Bəli. Mənim elə əsas hədəfim deputat olmaqdır. Məhz bu yolda bütün işlərimi  itirmişəm.

Kəmalə Tofiqqızı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı