Modern.az

Azərbaycanda 4 milyon 592 min nəfər qadın yaşayır

Azərbaycanda 4 milyon 592 min nəfər qadın yaşayır

4 Mart 2010, 13:04

2010-cu ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,9 faizini və ya 4 milyon 592 min nəfərini qadınlar təşkil edir. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib ki, qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulmuş 152,1 min körpənin 46 faizini qızlar təşkil edib. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox Fatimə adına təsadüf olunur. Bundan sonra şəhər yerlərində daha çox verilən ad Fidan, kənd yerlərində isə Nərmin olub. Zəhra, Nuray, Nəzrin, Leyla və Aysu da geniş yayılmış adlardandır. Qadınların sağlamlığının qorunması dövlətin diqqət mərkəzində saxladığı ən mühüm məsələlərindən biridir. Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözlənilən ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7 faiz təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74 faizi, orta ixtisas təhsil müəssisələrində 73 faizi, ali təhsil müəssisələrində 47 faizi, həkimlərin 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş müayinənin nəticələrinə görə, ötən il 25-64 yaşında olan qadınların 84 faizi fasiləsiz təhsildə, o cümlədən 0,2 faizi formal, 14 faizi qeyri-formal, 69,8 faizi informal təhsildə iştirak edib. Hazırda doktorantların 40 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 11,2 faizdir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi