Modern.az

Azərbaycanda deputatların da tibbi sığortası yoxdur

Azərbaycanda deputatların da tibbi sığortası yoxdur

20 Fevral 2013, 16:05


Deputatlar Azərbaycanda yüksək maaş alanlar kateqoriyasına daxildirlər. Modern.az saytının məlumatına görə, hazırda Azərbaycan Respublikası Milli Məclisinin sıravi deputatı ayda təxminən 1365 manat (1750 $) məvacib alır. Ölkə reallığını nəzərə alsaq, bu, çox yaxşı maaş sayılmalıdır. Baxmayaraq ki, millət vəkilləri daim maaşlarının azlığından şikayətlənir və onun qaldırılmasını istəyirlər...

Bəs yüksək maaş alan Milli Məclis üzvləri tibb sığortadan istifadə edirlərmi? Bəzi məlumatlarda deputatların tibbi sığortasının olduğu və Mərkəzi Klinik Xəstəxananın xidmətindən istifadə etdikləri bildirilir.
Modern.az saytı bunu dəqiqləşdirməyə çalışıb.

“Milli Məclis deputatlarının heç birinin tibbi sığortası yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O, qeyd edib ki, Milli Məclis büdcədən maliyyələşən qurum olduğuna görə sığorta üçün ona büdcə ayrılmır.

“Sığorta şirkətləri isə təşkilat olaraq sığortalayırlar. Çünki fərd olaraq sığortalananda onlara sərf etmir. Bu məsələni bir dəfə Milli Məclisdə təklif etdik, amma təəssüf ki, bu günə qədər bir nəticə yoxdur”, – deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda “Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul edilib və sonralar sənəddə bir neçə dəfə əlavə və dəyişişlik aparılıb. Bu qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

Qanuna görə, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Azərbaycanda hələlik icbari tibbi sığorta tətbiq olunmur.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir