Modern.az

Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası

Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası

21 Fevral 2013, 11:13

20-ci əsrin əvəllərində «islam milləti», «islam ümməti», «islam birliyi» və bu kimi anlayışıları önə çəkərək milli mənsubiyyəti dini kimliyin içində əridən mühafizəkar islamçılar (Ə.Ax­und­­oğlu, Ə.Axundzadə, Y.Z.Talıbzadə, Q.Qarabəyli və b.) hesab edirdilər ki, xalqın keçmişdən uzaqlaşması, əxlaqın pozulması, köhnə ehkamların zəifləməsi, ifrat sərbəstlik müsəlmanlara üz verən bütün bəlaların yeganə mənbəyidir. Onların fikrincə, islam aləminin xilası üçün Avropaya üz tutub köhnə həyatın dəyişdirilməsinə ehtiyac yoxdur. Sadəcə keçmişə qayıtmaq kifayətdir, bunun özü müsəlmanları xilas edəcək. Beləliklə, mühafizəkar islamçılar müsəlmanların nicatını yalnız ilkin islam və şəriət qanun-qaydalarına əməl etməkdə görməklə yanaşı, bu qayda-qanunların da, istənilən yeniləşmə və islahatların aparılmasının da qatı əleyhdarları idilər.

Həmin dövrdə bu məsələləri müdafiə edən mühafizəkar islamçılardan Mirzə Əbuturab Axundoğlu «islam birliyi» ideyasını bir çox əsərlərində, o cumlədən «İslamın təfriqəsi səbəbləri», «Bizə hansı elmlər dazımdır?» və başqalarında təbliğ etmişdir. Həddən artıq mühafizəkarlığın nəticəsi idi ki, o, «Həyat» qəzetində nəşr olunan «Bizə hansı elmlər lazımdır?» məqaləsində hətta dünyəvi elmlərin, o cümlədən Avropa mədəniyyətinin öyrənilməsini belə qəbul etməmişdi: «Bizim oxuclarımız: «Avropa əhalisi insaniyyət və mədəniyyətdə dərəcəyi-kəma­lə yetibirlər» - deyirlər, amma mən deyərdim ki, Avropa əhəalisi qanuni-siyasiy­yəvi ilahiyyətdən azad olduqlarına görə, eyni vəhşətdədirlər… Bizim bu zəmanəmizdə biz müsəlmanların insaniyyəti və mədəniyyəti moqufdur diyanəti-islamiyyəni bilib əməl etməyə. Elmi-həndəsədə kamil olmaq ilə insaniyyət təhsil etmək olmaz… Elmi-hesab­da kamil olmaqla insan olmaq olmaz. Bəlkə, insan elmi-diyanət və şəriəti bilib… insan olur. Elmi-tibbdə Calinus olmaqdan emrazi-bədəniyyəyə əlac etmək olmaz… İnsan olmaq, nəfsi-mərəzlərinə əlac edib o mərəzlərdən mübbara və misfa olmaqdadır. Mərəzlərin şəfası Qurani-Şərifdir».

Ə.Axundoğlu «İslamın təfriqəsi səbəbləri» əsərində isə «İttihadi-islam»ın reallaşması üçün yollar aramışdı. Onun fikrinə görə, bütün islam millətinin, onun alimlərinin və s. niyyəti və amalı «ittihad» olsa da, həqiqətdə isə bunun əksinə, onların arasında ixtilafın olduğunu görürük: «Müqəddəs islam dini daxilində olan müxtəlif firqələrindən, insaflı alimlərindən, himmətli ariflərindən və və mürüvvətli aqillərindən sual olunur ki, aya ümumi firqələrin iqrarı və niyyəti, amalı və arzusu ittihad deylmi? Bəs ortalıqda olan ixtilaf haradan tövlid (yaranıb) edib; bunun məbdən, mənbən və məsrəri kimdir?». Axundoğlu özü bu suala cavab verərək yazırdı ki, möminlər arasında ixtilaf və iftiraqa səbəb, bu dinə zahirən tapınan münafiqlər və müanidlərin «təvilati-nəfsianiyyəsi» və küfri-batinəsi olubdur. Deməli, münafiqlər və müanidlər əhli-iman libasını geyinsələr də, zahirən müsəlman, daxilən isə kafirdirlər. Çünki Axundoğlunun fikrincə, Məhəmməd peyğəmbərin (s) günbəgün tərəqqi və inkişaf edən «diyyanəti-islamı»nı görən, bu səbəbdən batinləri nifaq və inad odu ilə dolan müna­fiqlər «bu xəyalə düşdülər ki, kəlməyi-həqqi nüfuz və cərəyanından mane olsunlar və diyanəti-islamiyyənin möhkəm əsasına xələl yetirib xərab etsinlər».

Axundoğlu hesab edirdi ki, bu nifaq və ixtilafa son qoyub «islam milləti»nin birliyinə nail olmaq üçün, ilk növbədə həqiqi və yalançı müsəlmanları bir-birindən ayırmaq, məzhəb ayrılığına son qoymaq lazımdır. Bunun üçün, bütün müsəlmanlar sidq ürəkdən Qurani-şərifə və Məhəmməd peyğəmbərin (s) əhli-beytinə tapınmalı, tovhidi əsas kimi götürməlidirlər. Axundoğluna görə, peyğəmbərin əhli-beytinin və Quranın ayələrinin məqsəd və mənasına isə insan yalnız fəhm və idrakla nail ola bilər. Bunun üçün islamı kor-koranə qəbul etmək kifayət deyil, Allahın ürfanını və mərifətini də dərk etməyə cəhd göstərmək lazımdır.

Deməli, Ə.Axundoğlu «İslam birliyi»nə nail olmaq üçün əsasən, iki: 1) Avropa mədəniyyətnin islam mədəniyyətinə təsirinin qarşısının alınması; ) müsəlman xalqları arasında məzhəb ayrılığan son qoyaraq Allahın birliyinin əsas kimi götürülməsi istiqamətlərində mücadilə aparmışdır. Fikrimizcə, burada xüsusilə, Axundoğlunun islam mədəniyyəti xaricində, bütün mədəniyyətlərə, o cümlədən Avropa elminə qarşı olması düzgün hesab oluna bilməz. Hər halda, islam mədəniyyəti kimi, Avropa xalqlarının, o cümlədən başqa dinə sitayiş edən millətlərin də bəşər mədəniyyətinə və insaniyyətə mühüm xidmətləri olmuşdur. İslam xalqları arasındakı məzhəb və digər ayrlıqların, fərqlərin onların ən azı mənəvi birliyinə əngəl olması məsələsində isə Axundoğlu ilə əsasən razılaşırıq. Ancaq bu məsələdə Axundoğlu özü də islamın müəyyən bir hissəsinin müdafiəçisi kimi çıxış etmişdir ki, şübhəsiz bu da, birmənalı başa düşülə bilməz.

Həmin dövrdə «İslam birliyi»ni müdafiə edən şeyxülislam Axund Əbdüssalam Axundzadə də Ə.Axundoğlu və digər məsləkdaşları kimi, hesab etmişdir ki, islam xalqlarının birlik və bərabərlikdən uzaq düşməsinin başlıca səbəbi onların islamın mahiyyətindən və qayda-qanunlarından xəbərlərinin olmamasıdır. Bu baxımdan Axundzadənin fikrincə, müsəlmanların birliyə nail olmasının iki başlıca şərtindən biri Quranın mahiyyətini və mənasının dərk olunmasıdı: «Bu üsul (islamın qayda-qanunları) qəlbdə özünə nə qədər möhkəm yer tutarsa insanı bir o qədər səadət yoluna və nicata cəlb və yolçu edər. Üsuli-dindən tövhid və məadın qəlbdə qərarlaşmasına və istehkamına səbəb hər gün myəyyən vaxtlarda qılanan namazdır ki, kəlmeyi-tayyibəni, tövhidi təkrar etməklə tanınan təkliyinə şəhadət verir, Xudavəndi-aləmi dua və səna edib cəza günü gözəl əcr verəcəyinə ümidvar oluruq». Axundzadə hesab edirdi ki, hər bir müsəlman Quranın mahiyyəti ilə yanaşı, peyğəmbərlik barəsində də anlayışı olmalı və müqəddəs peyğəmbərlərini yaxından tanımalıdır. Çünki peyğəmbərlər Allahın sözünün yer üzərindəki yayıcıları və təbliğatçılarıdır. Əgər bir müsəlman peyğəmbərin tarixini bilməsə, onun əhli-beytini tanımasa islam əqidəsinə etiqad yarımçıq olacaqdır.

Bu dövrdə yaşamış Axund Yusif Ziya Talıbzadənin (1877-1923) isə islamçılığa bağlılığnın əsasında ilk növbədə, İranda Güney Azərbaycan türklərinə qarşı farslaşdırma, çar Rusiyasında Şimali Azərbaycan türklərinə qarşı ruslaşdırma siyasəti olmuşdur. Talıbzadə bir sıra əsərlərində («Həqiqəti-islam», «İslam tarixi», «İslam və məzhəb» və b.) yazırdı ki, yalnız islamın meydana çıxması ilə bir çox millətlər nicat tapmışlar. Bu gün də müsəlman xalqalrı yalnız ilkin islama qayıdıb onun mahiyyətini olduğu kimi qavramaqla birliyə nail ola bilərlər. Ona görə də, milli məsələyə dini nöqteyi-nəzərdən yanaşan Y.Talıbzadənin əsərlərində «islam» və «millət» anlayışları eyniyyət təşkil edərək «islami-millət» kimi öz əksini tapmışdır. «İslam birliyi» ideyasına bağlılğın nəticəsi idi ki, 1918-ci ildə Nuru paşanın başçılığı ilə Vətənimizə göndərilən Qafqaz-İslam ordusunun tərkibində olan Talıbzadə Azərbaycanın Osmanlı dövləti ilə birləşməsinin tərəfdarı olmuşdur.

Qeyd edək ki, Y.Z.Talıbzadənin də müdafiə etdiyi bu ideyanın siyasi tərəfdarları («ittihadçılar») arasında S.M.Qənizadə, Q.Qarabəyli və başqaları da olmuşdur. Doğrudur, bu iki Azərbaycan ziyalısı «islam birliyi» ilə yanaşı, müəyyən dərəcədə türkçülüyə də rəğbət göstəriblər. Ancaq onların türkçülüyə rəğbəti Ə.Axundoğlu, Ə.Axundzadə və Y.Z.Talıbzadə kimi, milli kimliyinin yalnız türk olması hissindən uzağa getməmişdir. Yəni  ümumilikdə, Qənizadə və Qarabəyli Azərbaycan müsəlmanlarının-türklərinin xilasını türk birliyində deyil, islam birliyində axtarmış, hətta, həmin dövrdə türkdən çox müsəlman dövləti kimi tanınan Osmanlı ilə birləşməyin tərəfdarı olmuşlar.

Bu mənada Azərbaycan türk mütəfəkkiri Sultan Məcid Qənizadə (1866-1937) yaradıcılığında daha çox dində məzhəblərarası mübarizəni, o cümlədən şiə-sünni məsələsini pisləmiş və bu məsələlərin həllində nicat yolunu yalnız «islam birliyi»ndə görmüşdü. Qənizadənin fikrincə, müsəlmanlar Allahın qoyduğu şəriətlə getsə, cəmiyyət daxilində elm və şəriət bir yerdə intişar tapsa insanlıq şərəfi və vicdan isməti də itməz. Qeyd edək ki, «İslam birliyi»nin tərəfdarı kimi o, 1917-1920-ci illərdə «İttihad» partiyasının liderlərindən biri olmuş, Azərbaycan Parlamentində milli hökumətə müxalif mövqedə dayanmışdır.

Fikrimizcə, 20-ci əsrin əvvəllərində mühafizəkar islamçılardan Qarabəy Qarabəyli islamçılıq və türkçülük məsələsində çox ziddiyyətli mövqe tutmuşdur. İlk baxışdan Qarabəylinin «islam birliyi» ilə yanaşı, türkçülük uğrunda da mübarizə aparması mülahizəsi, əksər hallarda öz təsdiqini tapmamışdır. Buna ən bariz nümunə Qarabəylinin Azərbaycan Cümhuriyyəti dövründə «İttihad» partiyasının lideri kimi milli hökumətə qarşı müxalifətdə dayanmasını göstərə bilərik. Qarabəyli milli-demokrtalarla iki məsələdə: 1) Avropa demokratiyasını və mədəniyyətini təbliğ etdiklərinə; 2) Azərbaycan türkçülüyü ideyası altında islam-türk dünyasından ayrı müstəqil dövlət yaratmalarına görə razılaşmırdı. Onun fikrincə, hər iki halda Azərbaycan müsəlmanları-türkləri islam-türk dünyasından təcrid edilir. Bu baxımdan, Qarabəyli birinci məsələ ilə bağlı yazırdı ki, demokratiyanın mərkəzi sayılan Avropa həmişə islama qarşı olmuş və islam dövlətlərini məhv etmək niyyəti güdmüşdür; Avropanın gözqamaşdıran demokratiyası aldadıcıdır. Türkçülüyü də «islam birliyi»ni parçalamaq kimi başa düşən Qarabəyli milli hökumətin yalnız son kabinetdə təmsil olunmalarını isə indiyə qədər öz dost və düşmənlərini yaxşı tanımamaları ilə izah etmişdi. Ancaq «ittihadçı»ların milli hökumətdə təmsil olunmaları isə xeyirdən çox, zərər vermişdir.

Belə ki, Rusiyadakı müsəlmanların «birliyi»ni Azərbaycanın müstəqilliyindən üstün tutan «ittihadçı»lar bolşevikləri Avropa kapitalizminə və imperializmə qarşı mübarizə apardıqları üçün müdafiə etmələri ilə milli hökumətə münasibətdə mənfi ol oynamışlar. Bu baxımdan «İttihad»ın və onun liderinin siyasi-ideoloji mövqeyi ilə bağlı Azərbaycan türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, «İttihad» partiyası öz varlığını Rusiya münasibətləri içində təsəvvür edirdi: «Düşüncəsi «İttihadi-islam» sisteminə bağlı idi. Proqramı bu arada çox yol dəyişmişdir».

Başqa bir Azərbaycan türk ideoloqu Mirzə Bala Məm­məd­zadə də qeyd edirdi ki, 1917-ci ildə yaranan «İttihad» milliyyət, istiqlal, demokratiya və s. anlayışlara əks olaraq, müsəlmanların parçalanmaması  üçün Rusiyanın bütövlüyünü müdafiə etmişdir. Onlar ən yaxşı halda Rusiya daxilində yaşayan müsəlmanlara milli-mədəni muxtariyyət verilməsini tələb etmişlər. Məmmədzadə daha sonra yazır: «Onlar («ittihadçılar») üçün «Müsavat»ın müdafiə etdiyi milliyyət, türklük, demokratiya və cümhuriyyət prinsipləri yabançı, hətta zərərli şeylər idi. Ta ilk gündən etibarən «Müsavat»ın dilə gətirdiyi prinsiplərə müxalif olan bu firqələrin Azərbaycan bayrağına sədaqətləri müvəqqəti və keçici bir zaman üçün idi. İslami beynəlmiləl şüarlarla proletar-marksist doktrinlərin azərbaycançılıq, milliyyətçilik və cümhuriyyətçilik prinsipləri ilə uzlaşmayacağı göz qabağındadır».

Fikrimizcə, bütün bunlar bizə deməyə əsas verir ki, ortodoksal «islam birliyi» ideyası, o cümlədən onun siyasi qanadı olan «İttihad»ın siyasi-ideoloji fəaliyyəti müstəqil və milli Azərbaycan ideyası baxımından əsasən, mənfi rol oynamışdır. Belə ki, mühafizəkar islamçılar, xüsusilə də «ittihadçı»lar milli azərbaycançılıq ideyasını və onun bariz nümunəsi olan Azərbaycan Cümhuriyyətini qorumaq əvəzinə, gah «ilhaqçılar»a (Türkiyə ilə birləşmək tərəfdarlarına), gah da bolşeviklərə (Rusiya ilə birləşmək istəyənlərə) qoşularaq milli hökumətin süqutunda müəyyən pay sahibi olmuşlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir