Modern.az

BDU-nun dosenti: “Azərbaycanda musiqi və ticarət insanlara azadlığı unutdurub” - MÜSAHİBƏ

BDU-nun dosenti: “Azərbaycanda musiqi və ticarət insanlara azadlığı unutdurub” - MÜSAHİBƏ

22 Fevral 2013, 11:30

“Hakimiyyət hələlik cəmiyyətin Axilles dabanını tapa bilməyib”

 Modern.az saytı elm xadimləri ilə silsilə müsahibələri davam etdirir. Bu dəfəki qonağımız Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi, ictimai xadim Nüşabə Sadıxlıdır. O, dünya ədəbiyyatı üzrə mütəxəssisdir. Bu günümüzə, siyasi havamıza Nüşabə xanımın mütəxəssis olduğu dünya ədəbiyyatının gözü ilə baxmağa çalışdıq.  

- Bizim cəmiyyət, hazırki siyasi, sosial ab-havamız ədəbiyat prizmasından necə görünür? Siyasi gündəm dünya ədəbiyyatındakı hansı məşhur romanla səsləşir?

- Məncə hazırkı cəmiyyətimiz Kafkanın “Çevrilmə” hekayəsinə bənzəyir, yəni insana munasibət, həşərat münasibətidir. Əgər fikir verirsinizsə, bizdə əşyalara insanlardan daha cox dəyər verirlər. Məsələn, maşınlar ağac kölgəsində saxlanılır, insanlar isə günün altında gedirlər və s. Bu cur misalları kifayət qədər çəkmək olar.
Cəmiyyət o qədər rəngarəngdir ki, onu bir əsərə bənzətməkdə çətinlik çəkirəm. Burada Hüqonun “Səfillər”i də var, Markesin “Yüz ilin tənhalıgı” da var, eyni zamanda burada Şamissonun “Peter Şlemelin qəribə əhvalatları” da var.

Çox təəssüflər olsun ki, hazırki Azərbaycan ədəbiyyatı cəmiyyəti göstərə bilmir. Təbii ki, Ramiz Rövşənin poeziyasını çıxmaq şərti ilə...

- Təsadüfi deyil ki, cəmiyyət necədirsə, həmin dövr üçün yazılmış ədəbiyyat  o cür olmalıdır...

- Müxtəlif dövrlərdə yazılmış ədəbi nümunələrə fikir verək. XİX əsrdə yazılmış ədəbiyyatda daha çox inqilab əks olunurdu. Yaxud ötən əsrin 30-ci illərində yazılmış alman ədəbiyyatında daha çox faşizm, 40-cı illərdə yazılmış sovet ədəbiyatında isə böyük vətən müharibəsi əks olunurdu. Cunki ədəbiyyat cəmiyyətin ideya daşıyıcısıdır. XVIII əsrdə maarifçilik hərəkatı olmasaydı, bəlkə də X1X əsrdə azadlıq inqilabları olmazdı. Məhz maarifcilər cəmiyyətdə demokratik təfəkkuru inkişaf etdirməklə cəmiyyəti ayaga qaldırdılar. Bəzən cəmiyyəti qınayaraq deyirlər ki.cox passivdir, hec bir  demokratik inkişaf yoxdur. Mən bunun günahını  ədəbiyyatda  görürəm. Deməli ədəbiyyat o cəmiyyəti fəallaşdıra bilmir. Ədəbiyyat cəmiyyətə istiqamət vericidi. Roma ədəbiyyatının Respublika dövrü daha çox komediya janrı ilə yadda qalır. O dövr ucun məhz komediya lazım idi. Bu janrın xususiyyəti həm duşundurmək, həm də əyləndirmək idi. Terensinin, Plaftın komediyalarında cəmiyyət ifşa olunurdu. Sonra cəmiyyət həmin naqisliklərə gülərək, islah oluna bilirdi. Avqust hakimiyyətə gələndən sonra isə totalitar rejim yarandı. Və həmin dövrdə ədəbiyyata gələn Vergili, Horatsi mədhiyyə ilə məşğul olmağa başladılar və bu da təkcə Roma ədəbiyyatının deyil, həm də Romanın süqutuna gətirib çıxardı. Təsadufi deyil ki,butun zamanlarda ədəbiyyatın materialı cəmiyyət olub.

- Dünya ədəbiyatından iki məşhur əsərə nəzər salaq. Kafkanın “Qəsr” romanı və Corc Oruellin “1984” romanı. “Qəsr” bildiyimiz kimi, tamamilə psixoloji ünsürdür. Orda nəsə bir sığınma və kənara çıxa bilməmək motivi var. “1984”də isə məhdudlaşdırılmış azadlıqlar və insan haqlarının pozuntusundan söhbət gedir. Sizcə bu  gün Azərbaycan adlı “Qəsr”də “1984”cü il  deyil  ki?

- Kafkadakı “Qəsr” insan şəxsiyyətinin toxunulmazlığıdı. Ümumiyyətlə, hər kəsin öz qəsri var.  Və ora girmək, oranı dağıtmaq mümkün deyil. Burda hamı öz mühitini, öz aləmini, qorumağa çalışır. Kimin üçünsə ailəsi onun qəsridir. Kimin üçünsə şəxsiyyəti onun qəsridir. Yəni,  hər bir kəsin  heç kəsin girə bilmədiyi bir qəsri var. Ən çətini isə onun toxunulmazlığını saxlaya bilməkdir. Təəssüflər olsun ki , Azərbaycanda ən çətin məsələlərdən biri elə “qəsrin” qorunmasıdır.  

-Yəni, biz cəmiyyət olaraq öz “Qəsr”imizi yarada bilməmişik?

- Qəsrimiz var, amma onu toxunulmazlığını  yarada bilməmişik. İnsanın mənəviyyatına da, şəxsiyyətinə də o qədər haqsız müdaxilələr var ki... Haqsızlıq baş alıb gedən bir cəmiyyətdə onu qorumaq çətin məsələdir. Amma qoruyanlar da var...  

- Belə çıxır ki, əgər öz qəsrimizi yarada bilməmişiksə, indi “1984”cü ildəyik?    

- Hər kəsin qəsri hesab edilən bir mənəvi ərazisi var.Vacibi isə insan burada azad olmalıdır. Dantenin maraqlı bir fikri var, o deyir: “Azadlğı əlindən alınmış millətin varlı və rahat yaşamasının heç bir mənası yoxdur”. Azad mühitdə yaranan hər şey dəyərlidi, gözəldir. Fikir vermisinizmi,  son zamanlar bizdə insan ölümünün sayı artıb. Ona görə ki, insanlar azad deyillər, insan ürəyini boşalda bilmir. İçinə çökür. İnsanın ən böyük xoşbəxtliyi onun sərbəst ifadə azadlığıdır. İndi hər kəs özünü göz altında hesab edir. Bu cür azad olmaq mümkün deyil.

- Bunu mümkün etmək üçün Voyniçin Ovodu olmaq lazımdır?

- Şopenhauer “Yaşamaq uğrunda mübarizə” adlı fəlsəfi konsepsiya yaratdı. Yəni yaşamaq uğrunda mübarizədə sənin aşa bilmədiyin, öhdəsindən gələ bilmədiyin heç bir maneə olmamalıdı. Məsələn, Cek Londonun “Həyat eşqi” hekayəsində yolçu yaşamaq uğrunda mübarizə apararaq ən yırtıcı heyvan olan canavara qalib gəlir. Lenin yaralı olanda Nadejda Konistantinovna 4 dəfə ona bu əsəri oxumuşdu. Sonralar Lenin etiraf edir ki, sağalmağına məhz bu əsər stimul verdi. Vətən sevgisi müxtəlifdir. Biri o birindən bir az çox, digəri də bir qədər az sevə bilər. Fədakar olmaq da hər adamın işi deyil. İnsanlar xarakterləri etibarilə fərqli qruplara bölünürlər. “Ovod”u oxuyandan sonra Artur kimi vətənə sevgi, millət eşqi duyğuları insanda formalaşır. İnsan ilk növbədə tutduğu yola nəzər salır. Bu yolda mən nələr edə bilərəm?
Tutduğu yola o qədər əmin olmalıdı ki, o yolda hər bir fədakarlığa sinə gərə bilsin. “Ovod” bu hissləri aşılıyır.

- Hazırda bizdə istər siyasi arenada, istər ziyalı mühitdə “Ovod var?

- Hər dövrun öz qəhrəmanları və hər dövrun öz mübarizə üsulları var. Məsələn, orta əsrlərdə cəngavərlər qılıncla vuruşardılar. Sonralar top-tüfəng meydana gəldi. Bu baxımdan fədakalığın da müxtəlif ölçüləri var. Əlinə silah alıb erməninin üstünə gedən Mübariz İbrahimovun fədakarlığı bir növ fədakalıqdır, illərlə ömrünü müxalifətdə keçirib hər şeydən, normal şəraitindən belə məhrum olmaq, bütün qadağalara dözmək, sağdan, soldan qinaq obyekti olmaq, mənəvi təzyiqlərə məruz qalmaq da fədakarlıqdır. Elə gənclərimiz var ki, mübarizəyə gələcəklərini, təhsillərini qurban verirlər. Deməli, hərə özünə görə bir Ovoddur.

- Esxilin “Zəncirlənmiş Prometey” əsərində qapalı bir mühit əks olunur. Əsərdə Prometeyin  insanlara bəxş etdiyi od bizim üçün nə məna kəsb edir?

- Hər bir dövrün Zevsi də var, Prometeyi də.  Çox zaman Zevslər elə bilir ki, hakimiyyət daim onların olacaq və bunu onlardan heç kim ala bilməyəcək. Bu çox yanlışdı. Mən çox təəsüflənirəm ki, insanlar ədəbiyyatı oxuya-oxuya, həyatı görə-görə yenə də özlərinin daimi olmasını düşünürlər. Yunan mifologiyasında tanrıların özləri belə. bəzi məqamlarda öləri idilir. O əsərdə Zevs bir diktator idi, hakim idi. Bütün məsələləri zor gücünə həll etmək istəyirdi. Zevs Prometeyi aradan götürmək istəyir, çünki Prometey insanlara od verərək, onları gücləndirir.  Xalqa söykənməyən, Zevs kimi diktator üçün isə güclü xalq qorxu mənbəyi idi. Promütey həm də Zevsi hakimiyyətə gətirənlərdən biri idi. Belə ki, diktator kimin çiynində hakimiyyətə gəlirsə,  ilk növbədə onu məhv edir. Promiteyin gətirdiyi od isə azadlığın simvoludur. Odun insanlara gəlməsi ilə onların həyat tərzində bir rahatlıq, əminlik yaranır, qorxu azalır. Bu səbəbdən də Zevs Prometeyi cəzalandırır. Azad xalqı idarə etmək çətin olur. Butun totalitar rejimlərdə orta təbəqə məhv edilir (maddi və mənəvi cəhətdən). Çunki orta təbəqə (əsasən ziyalı təbəqə) xalqı yönəldəndir. Belə bir Çin rəvayəti var: Bir gün hökmdarın yanına gəlib xəbər verirlər ki, insanlar ayağa qalxıb azadlıq istəyir. Hokmdar deyir ki, gedin hamısının boynunu vurun. Vəzir etiraz edir ki, bu mümkün deyil. Azadlıq istəmirlər, sən onlara musiqi azadlığı ilə ticarət azadlığını versən onlar başqa azadlıq haqqında fikrləşməyəcəklər. İndi Azərbaycanda insanlar musiqi və ticarətlə başları elə qarışıb ki, azadlıqlarını unudublar.

- Yenidən yunan mifologiyasına qayıdaq. Axilles əfsanəsində Axillesin ən yaralı yeri dabanı idi. Onu ancaq dabanından vurmaq olardı. Sualımız: idarə edənlər üçün cəmiyyətimizin Axilles dabanı nədir? 

- İndiki hakimiyyət hələlik cəmiyyətin Axilles dabanını tapa bilməyib. Mən deyib onlara yol göstərə bilmərəm, ona gorə də demək istəmirəm.

- Dünya ədəbiyyatında oxunulması vacib olan hansı yazarlar var?

- Mənim üçün iki cür ədəbiyyat var. Ruhun ədəbiyyatı və beynin ədbiyyatı. Yorğun vaxtlarımda ruhun ədbiyyatını oxumağa çalışıram. Bura poeziya daxildir. Romantik ədəbiyyat daxildir. O ki, qaldı beyin ədəbiyaytına, bu insani düşündürür, onu səfərbər edir, xarakteri formalaşdırır. Mənim üçün Qabriel Qarsia Markes çox dəyərlidir. Məncə Azərbaycan cəmiyyəti hazırda  “Patriarxın payızı”nı yaşayır. Cek Londonu, Heminqueyi çox sevirəm. Son zamanlar Den Brauna üstünlük verirəm. Adlarını çəkdiyim yazarlarda hər şey var. Orda insan var, sevgi var. İnsan kimi sevməlidir, niyə sevməlidir və necə sevməlidir, fəlsəfə, psixoloji durum, bir sözlə, nəyi görmək istəyirsənsə, orada tapa bilərsən. Bu, yazıçılarda ən çox dəyər verdiyim xüsusiyyət insanın daxili gücünün və intelektinin təsviridir.

- Bizim ədəbiyyatdan kimləri oxuyursuz?

- Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif Səmədoğlu, Rüstəm Behrudini...

- Patriarx öz payızını özü yaradır, yoxsa o təbii proses kimi mütləq gəlməlidi?

- Söhbət fərddən gedirsə, hər bir insanın həyatında mütləq bahar da var,  payız da. Amma düşünmürəm ki, cəmiyyətin payızı mütləq olmalıdır. Nə qədər ki, patriarxlar var, cəmiyyət üçün payızı özləri yaradırlar. Baharlı cəmiyəti idarə etmək daha çətindi, nəinki payızlı cəmiyyəti. Cəmiyyətin həmişə bahar xislətli olmasını istərdim. Mən Azərbaycan xalqı üçün payız arzulamıram.


Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi