Modern.az

Aktaudakı Baş Konsulluğumuz Xocalı şəhidlərini yad edib - FOTOLAR

Aktaudakı Baş Konsulluğumuz Xocalı şəhidlərini yad edib - FOTOLAR

Aktual

25 Fevral 2013, 10:09

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu və Qazaxıstan Respublikasının Qərb bölgələrində təhsil alan azərbaycanlı gənclər Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2013-cü ilin fevral ayını “Xocalı ayı” elan edib.

“Xocalı ayı” çərçivəsində Baş konsulluğumuz artıq Qazaxıstan Respublikasının informasiya məkanında 2013-cü ilin fevral ayında www.xocali.kz saytının təqdimatını keçirib.

Dünən isə Aktau şəhərinin RENEISSANSE-Aktau otelində Xocalı şəhərində şəhid olmuş soydaşlarımızı anım mərasimi keçirilib. Mərasimdə Manqistau vilayətində yaşayan soydaşlarımızla yanaşı, vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların üzvləri, KİV nümayəndələri və gənclər iştirak ediblər. Tədbirə gələnlər  Xocalı soyqırımı faciəsini əks etdirən fotosərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablarla tanış olublar.
Tədbirdə azərbaycanlı gənclər tərəfindən “Qanlı yaddaşımız kompozisiyası nümayiş etdirilib.  Tələbə gənclərimiz Aidə Əliyeva və Aytən Məmmədova şeirlər səsləndiriblər, İlkin Şıxverdiyev və Royal Quliyev “Soyqırımı” mahnısını ifa ediblər.

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı haqqında məlumat verib və İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası  Dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kompaniyası çərçivəsində Baş konsulluq tərəfindən görülən işlər haqqında danışıb.

Daha sonra, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzinin” rəhbəri professor Yusif Quliyev ermənilərin uzun illər boyu həyata keçirdikləri vəhşiliklər haqqında  məlumat verib.

Aktaudakı Baş konsulluğumuzun  təşkilatçılığı ilə şəhərdə yaşayan çoxmillətli gənclərin, tələbələrin və məktəblilərin  iştirakı ilə  yeni rep mahnılarının təqdimatı da olub.

“Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri də elan edilib. Qaliblər Aktau şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Janna Qordiyenko və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik  Universitetin I kurs tələbəsi Fatimə Hümbətova çıxış ediblər.

Xocalı ayı çərçivəsində Baş konsulluq tərəfindən həmçinin, Aktau şəhərində gənclər arasında çox populyar olan və rep üslubunda oxuyan azərbaycanlı gənc musiqiçilər arasında “Xocalı soyqırımı” mövzusunda yazılmış musiqi layihələrinin dəstəklənməsi həyata keçirilib.

Gənc soydaşımız Elşən Mehdiyev tərəfindən bəstələnmiş və müəllif tərəfindən rus dilində ifa edilən “Biz Xocalıya ədalət tələb edirik”, İlkin Şıxverdiyev tərəfindən bəstələnmiş və Royal Quliyev ilə birgə ifa olunan “Soyqırımı” mahnılarının studiyalarda yazılması, səsləndirilməsi və həmçinin mahnılara kliplərin çəkilməsi üçün Baş konsulluq tərəfindən hərtərəfli yardım göstərilib.

Xocalı soyqırımı ilə bağlı Baş konsulluq tərəfindən  Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr və Aktau şəhərinin orta məktəblərinin yuxarı siniflərində oxuyan şagirdlər arasında “Xocalı soyqırımı – insanlığa qarşı cinayət” mövzusunda inşa yazı müsabiqəsi keçiriib.

Tədbir iştirakçıları tərəfindən üzərində müxtəlif dillərdə “Xocalıya ədalət” sözləri yazılmış qara şarların səmaya buraxılması gerçəkləşdirilib. 




Ləman Ağayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi