Modern.az

Tibb Universitetinin Cərrahiyə klinikası açılacaq - TƏDBİR

Tibb Universitetinin Cərrahiyə klinikası açılacaq - TƏDBİR

25 Fevral 2013, 15:45

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun rəhbərliyi ilə universitetdə tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə ATU-nun professor-müəllim heyəti, dekanlar və xarici ölkələrin aparıcı tibb müəssisələrində çalışan görkəmli, nüfuzlu mütəxəssislər iştirak ediblər.
Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, hazırda ali təhsil sisteminə, o cümlədən tibb təhsili sisteminə və səhiyyəyə göstərilən dövlət qayğısı sayəsində yeni layihələr həyata keçirilir. Rektor qeyd edib ki, bütün sahələrdə olduğu kimi, tibb sahəsində də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına çox ciddi fikir verilir.

“Belə ki, gənc mütəxəssislərin xarici ölkələrin böyük klinikalarına göndərilməsi, tibb üzrə tələbələrin dünyanın tanınmış universitetlərində təcrübə keçməsi sahəsində xeyli işlər görülüb. Bu proqramın bir hissəsi isə dünyada tanınmış, yüksək ixtisaslı mütəxəssislərin Azərbaycana dəvət olunması, ölkəmizdə bu sahədə ehtiyac olan ixtisaslar üzrə mühazirələrin təşkili, klinikalarda xəstələrə baxış, konsultasiyaların təşkilidir. Bu proqram üzrə bu gün Almaniyanın, Belçikanın, Hollandiyanın, ABŞ-ın çox tanınmış klinikalarından yüksək ixtisaslı 6 mütəxəssis dəvət olunub. Bunlar universitetin 5-6-cı kurs tələbələrinə mühazirələr oxuyacaqlar. Rezidentura sistemində təhsil alan rezidentlərə mühazirə oxuyacaqlar, təcrübə dərsləri aparacaqlar və əsas məsələlərdən biri Tibb Universitetinin müəllimləri qarşısında mühazirə oxuyacaqlar, onlarla birlikdə xəstələri qəbul edəcəklər və bir yerdə təcrübi dərslər aparacaqlar. Bizim universitetdə hər il birinci diplomdan sonraki təhsilini xaricdə davam etdirən xeyli məzun var. Belə ki, Türkiyə dövlətinə uzmanlığa ildə 100 nəfərdən artıq məzunumuz daxil olur. Keçən il təkcə Almaniyada rezidenturaya qəbul olan məzunlarımızın sayı 64 nəfər olub. Tibb üzrə təhsil alan tələbələrində sayı yüzlərlədi. Cənab prezidentin imzaladığı proqramla tibb sahəsi üzrə xaricdə oxumağa gedən tələbələrin sayı həddən artıq çoxdur”.

Ə.Əmiraslanov bildirib ki, son illər ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində tibb təhsili tədrisinin kredit sisteminə keçidi, diplomdansonrakı təhsilin rezidentura sistemi ilə aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, ATU-nun öz klinikalarının tikilib istifadəyə verilməsi yüksək ixtisaslı həkim hazırlığında əsaslı dönüşə zəmin yaradıb. Rektorun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Cərrahiyə klinikası sentyabr ayında açılacaq.

“Burada bir çox sahələr üzrə mütəxəssislər lazım olacaq. Bu kilinika açılandan sonra oraya lazım olan sahələr üzrə mütəxəssilər dəvət olunacaq. Hazırda fəaliyyət göstərən Stomatoloji, Onkoloji, Tədris-Terapevtik klinikaları ən müasir avadanlıqlarla təchiz olunub və bu təchizat beynəlxalq standartlara tam cavab verir. Bununla yanaşı, yüksək ixtisaslı tibb mütəxəssislərinin təcrübəsindən, praktik vərdişlərindən, nəzəri biliklərindən yararlanmağa və xarici mütəxəssislərlə fikir mübadiləsi aparmağa ehtiyac duyulur. Qeyd olunanları nəzərə alaraq biz xarici ölkələrin aparıcı tibb müəssisələrində çalışan görkəmli və nüfuzlu mütəxəssisləri Azərbaycan Tibb Universitetinə dəvət etmək, onların ilboyu burada nümunəvi işlər yerinə yetirmələrinə şərait yaratmaq qərarına gəldik. Bu sahədə də dövlətimizin başçısı İlham Əliyev öz köməyini əsirgəmədi və bizə dəstək oldu. Biz tələbatı nəzərə alaraq bir sıra ixtisaslar üzrə mütəxəssislər dəvət etdik ki, tələbəıər fərdi qaydada xarici ölkələrə getməsinlər, sanballı mütəxəssislər elə burada onlarla məşğul olsunlar. Məqsədimiz tibbi təhsildə daha uğurlu müvəfəqiyyətlər əldə etmək və gələcəyin həkimlərinin elmi səviyyəsini daha da artırmaqdır. Bu proqram üzrə dəvət olunmuş mütəxəssislər Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri və həkimləri ilə mühazirələr aparırlar. Mühazirələr terapiya-qastroenterologiya, qastro-kolonoskopiya, hepatologiya, kardiologiya-ümumi kardiologiya, ürək çatışmazlığı və aritmologiya, ümumi pediatriya və pediatrik ultrasəs müayinəsi, yeni doğulmuş uşaqların anadangəlmə ürək qüsurlarının terapevtik və operativ müalicəsi, ginekologiya-operativ laparoskopiya (histerektomiya) və uroginekologiya, diaqnostik radiologiya-mamoqrafiya kimi sahələr üzrə olacaq.  Bütün bu mütəxcəssislər 6 ay-1 il ərzində burada qalacaqlar”.

Daha sonra çıxış edən xarici ölkələrin tibb mütəxəssisləridə burada olmaqlarından məmnunluğunu bildiriblər.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir