Modern.az

Müdafiə Nazirliyi Beynəlxalq Hərbi İdman Şurası ilə anlaşdı

Müdafiə Nazirliyi Beynəlxalq Hərbi İdman Şurası ilə anlaşdı

27 Fevral 2013, 12:58

Bu gün Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) 1-ci Dünya Futbol Kubokunun Bakıda təşkili haqqında müqavilə imzalanıb. Modern.az-ın məlumatına görə, müqaviləni Azərbaycan tərəfindən müdafiə nazirinin müavini general leytenant Çingiz Məmmədov, Beynəlxalq Hərbi İdman Şurası tərəfindən isə Şuranın sədri polkovnik Hamand Kalkuba Malboum imzalayıb.

Müqaviləyə əsasən, bu il aprelin 29-da Kubokun püşkatma, iyulun 2-də açılış və iyulun 14-də bağlanış mərasimləri keçiriləcək. Bu çempinatda BHİŞ-na üzv ölkələrdən 16 komandanın iştirakı gözlənilir. Bu günə qədər məlum olan komandalar Amerika qitəsindən – Braziliya, ABŞ, Kanada, Afrikadan – Əlcəzair, Kamerun, Kot Divuar, Keniya və Mali, Avropadan –Almaniya, Fransa qatılacaq (Üçüncü komanda isə martın 8-də Niderland ilə Kipr arasında keçiriləcək oyunun nəticəsində məlum olacaq). Asiya qitəsindən isə Oman, İraq, Bəhreyn və Qətər, 16-cı komanda isə ev sahibi kimi Azərbaycan komandası olacaq.

BHİŞ ilə razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 500 nəfərə qədər idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının 100 nəfərə yaxın olması gözlənilir. 

Yarışlar "Şəfa", "Dalğa", "Bayıl" və "Zirə" stadionlarında keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcra Komitəsinin üzvlərindən ibarət təşkilat komitəsi yaradılıb və fəaliyyətə başlayıb.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir