Modern.az

Ankarada Xocalı tədbirini dağıdanlar axtarışa verildi

Ankarada Xocalı tədbirini dağıdanlar axtarışa verildi

27 Fevral 2013, 13:36


Ankaradakı Kızılay meydanında Xocalı faciəsinə həsr olunmuş stendə hücum edən şəxlər kamera görüntüləri əsasında müəyyənləşdirilərək onların axtarışına başlanılıb.

Çankaya polisinin Kızılay səmti üzrə bölmə rəisi Tolqa Metin BBC Azərbaycancaya bildirib ki, artıq iki gündür - hadisə baş verdiyi andan istintaq araşdırması başlanılıb.

Polis rəsmisinin sözlərinə əsasən, hadisənin mahiyyəti "Xocalı faciəsi ilə bağlı stend quraşdıran gənclərlə onların əleyhdarı olan gənclər arasında bəsit dava olub".

"Biz artıq ətrafdakı kamera görüntüləri əsasında hücumçuları müəyyənləşdirmişik. İştirakçıların yaxalanması üçün lazımi işlər görürük" - Tolqa Metin bildirib.

Polis rəsmisi deyib ki, ötən şənbə baş verən hücumun siyasi təşkilatlar tərəfindən təşkil olunduğunu söyləmək olmaz. "Orda sadəcə gənclər arasında dava olub. Hər hansı partiya və ya təşkılatın rolu barədə ehtimal yoxdur. Amma hücumçu gənclər siyasi baxışlarına görə BDP-lidirmi, aşırı solçu və ya başqa bir təşkilatdandırmı, yoxsa sadəcə avara gənclərdirmi - bunu araşdırmanın sonunda biləcəyik", o deyib.

Tolqa Metin qeyd edib ki, hücumun Ankara Valiliyindən verilmiş rəsmi icazə əsasında qurulmuş stendə qarşı törədilməsi hücumçular üçün ağırlaşdırıcı haldır. O, Türkiyənin Cəza Qanununa əsasən, dövlət qurumlarının icazə verdiyi tədbirə hücum edənlərə həbs cəzasının nəzərdə tutulduğunu deyib.
"Orda müxtəlif əməllər olub - eləsi var şüşə atıb, eləsi var stul, taxta parçası atıb. Bu hadisəyə görə yaxalanacaq şəxslərin həbsə girmə ehtimalları böyükdür"-deyə, polis rəsmisi əlavə edib.

Hücumçuların yaşı və sayına gəlincə, polis kamera görüntülərinə istinad edərək onların təxminən 17-20 yaşlarında 20-30 nəfər gənc olduğunu ehtimal edir.

Fevralın 24-də hücuma uğrayan şəxslərdən biri İsmayıl İpek BBC Azərbaycancaya bildirib ki, Kızılay meydanında stendin qoyulmasına Ankara Valiliyi, Ankara Emniyyet müdürlüyü və Çankaya bələdiyyəsi tərəfindən rəsmi icazə alıblar.

Tədbirin təşkilatçısı Gökbörü Turancı Düşüncə Birliyidir.

Rəsmi qurumlar tədbirin 23-24 fevral tarixləri arasında keçirilməsinə icazə verib.

"Stendin qoyulmasinda məqsədimiz Xocalı faciəsi barədə broşürləri paylamaq və Türkiyə parlamenti tərəfindən faciənin "soyqırım" faktı kimi tanınması üçün imzatoplama kampaniyası keçirmək idi"-deyə, birliyin sədri və hadisə zamanı xəsarət alanlardan biri İsmayil İpek deyib.

O deyib ki, 23 fevralda 1500 imza toplamış, 5000-ə yaxın isə broşür paylanmışdı.

"Fevralın 24-də axşam 16:50-də bizim 25-30 nəfərlik qrupumuzun böyük əksəriyyəti yeməyə getdiyi və stend ətrafında 7 nəfərin qaldığı bir vaxtda "Hepimiz ermeniyiz, hepimiz kürdüz, hepimiz Hrantız" şüarları ilə stendimizə hücum olundu. "Buralar bizimdir, stendlərinizi burdan götürün" deyib stendimizi başımıza yıxdılar. Biz geri çəkildik. Ondan sonra 60-70 dəmir zopa, su şüşələri, taxta parçaları ilə bizə hücum etdilər. Biz öz imkanlarımızla qarşılıq verməyə çalışdıq. Amma onlar tərəfindən kəsici alətlərlə hücuma məruz qaldıq. Yemək fasiləsinə getmiş dostlarımız döndükdən sonra gördüm ki, bir nəfər Azərbaycan və türk bayraqlarını endirir. Bunun qarşısını almağa gedən qrup üzvlərimiz linçə məruz qaldılar", İsmayıl İpek xatırlayır.

Hadisədən sonra müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya aparılaraq burda ilkin müayinə və müalicə aldıqdan sonra buraxılıblar.

İsmayil İpeye görə, onlar daha sonra polis sobəsinə aparılaraq ifadə veriblər.

Ötən şənbə günü Ankaranın mərkəzi səmti Kızılay meydanında Xocalı faciəsi ilə bağlı təbliğat aparmaq məqsədi ilə qurulmuş stend bir qrup gənc tərəfindən dağıdılıb.

"Gökbörü Turancı Düşüncə Birliyi"nin təşkilatçılığı ilə qurulmuş stenddən Xocalı soyqırımını əks etdirilən stendlər dağıdılaraq fotolar yerə atılıb. Xocalı soyqırımı üçün imza toplayan dərnək üzvləri ilə hücum edən şəxslər arasında əlbəyaxa döyüş olub. Nəticədə dərnək üzvlərinin yaralandığı bildirilir.

İndiyə qədər insidentlə bağlı rəsmi açıqlama verilməmişdi.

Hücumun kim tərəfindən təşkil olunduğu barədə məlumat olmasa da, hücuma məruz qalanlar bunun "ermənipərəst kommunistlər və kürdlər" olduğunu iddia ediblər.

Hücumla bağlı hələ ki heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu