Modern.az

Millət vəkili səlahiyyətsizlikdən şikayətləndi

Millət vəkili səlahiyyətsizlikdən şikayətləndi

27 Fevral 2013, 17:21


“Millət vəkillərinin parlament tərəfindən qəbul olunmuş istənilən qanunun icrasına nəzarət etmək səlahiyyəti yoxdur. Bu məsələdə bizim səlahiyyətimiz yox dərəcəsindədir”. Bu fikirləri millət vəkili Elmira Axundova üzvü olduğu Sosial siyasət komitəsinin fevralın 27-də keçirilən iclasında “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşunda müzakirəsi zamanı dilə gətirib.
Onun sözlərinə görə, parlament tərəfindən qanunlar qəbul olunur, lakin onun üstündən bir il, il yarım keçəndən sonra həmin sənədlərin necə işləməsi barədə xəbərləri olmur:
“Biz bilmirik ki, qəbul etdiyimiz qanun icra olunur, yoxsa yox. Ancaq bunu bilməyə bizim haqqımız var. Bilməliyik ki, qanun bu müddət ərzində niyə icra olunmayıb. Və yaxud, aidiyyəti dövlət qurumu, nazirlik niyə bu məsələni icra etməyib. Lakin çox təəssüflər olsun ki, bizim qəbul etdiyimiz qanunların sonradan icrasına nəzarət imkanımız, səlahiyyətimiz yoxdur.
Şəxsən mənim hazırladığım və parlament tərəfindən qəbul olunan məhkumların sosial reabilitasiyası ilə bağlı qanunun müvafiq maddələrinin icrası hələ də təmin olunmayıb.
Üstündən 5 il keçməsinə baxmayaraq hələ də heç bir yerdə sosial reabilitasiya mərkəzləri açılmayıb. Hələ indi belə bir fikir var ki, gələn il Bakıda sosial reabilitasiya mərkəzi açılsın. Ona görə də deputatların qəbul etdikləri qanunun icrasına nəzarət etmək hüququ təmin edilməlidir”.

Sözügedən komitənin sədri Hadi Rəcəbli də həmkarının fikirlərini dəstəkləyib:

“Biz də hesab edirik ki, bu məsələdə deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac var. Düzdür, hökumətin hər il parlament qarşısında hesabatı zamanı qanunların icra mexanizminə də toxunulur. Ancaq bununla belə bu məsələdə bir qədər pərakəndəlik yaranır. Əvvəllər millət vəkilləri qanunların icrasına daha çox nəzarət imkanlarına malik idilər.
Bu və ya digər aidiyyəti nazirlikləri, onların rəhbər şəxslərini, nazirləri dəvət edir və onlarla bu yöndə müzakirələr aparırdıq. İndi isə deputat həmkarımın da qeyd etdiyi kimi bir qədər səlahiyyətsizlik var.
Bu baxımdan hesab edirəm ki, qanunların icrasına nəzarət məsələsi ilə bağlı millət vəkillərinin səlahiyyətləri bir qədər artırılmalıdır”.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir