Modern.az

Tahir Kərimli İsgəndər Həmidova səsləndi: “Bir-birinizi təhqir etməyin”

Tahir Kərimli İsgəndər Həmidova səsləndi: “Bir-birinizi təhqir etməyin”

28 Fevral 2013, 09:27

“Həm İsgəndər Həmidov həm də Rasim Balayev mənim əzizimdir. Mən onlara səslənirəm ki, heç biri o birini tərəfə çevirməsin və bir-birini təhqir etməsinlər”. Modern.az-a açıqlamasında bu sözləri Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli deyib. O, Rasim Balayev və İsgəndər Həmidovun arasındakı dava məsələsi ilə bağlı danışıb.

“Rasim Balayevlə İsgəndər Həmidov arasında olan münaqişə ilə bağlı sizin saytda oxudum. Deyim ki, olduqca ürək ağrısı keçirdim. Mən artıq yaşlanmışam. İstəyirəm ki, buna reaksiya verəm. Biz öz yeniyetməliyimizdə, gəncliyimizdə “Dədə Qorqud”a, “Nəsimi”yə, “Babək”ə baxmaqla böyümüşük. O filmlərdə əsas rolları Rasim Balayev oynayıb. Rasim Balayev Nəsiminin şəxsiyyətində daxili və xarici gözəlliyin vəhdətini yaradıb. İndi Rasim Balayevi tərəfə çevirmək, ondan nəyisə pisləməyi xahiş etmək, nəyisə tərifləməyi istəməyin özü günahdır. Biz dəyərlərimizi müdafiə etməliyik. Rasim Balayevin özünün səhvləri ola bilər, ancaq onun özünün yaratdığı obrazlar milli dəyərimizdir. Biz onlarla yaşamışıq”.

“O vaxt Qorbaçova ölüm hökmü çıxardanda bilirdim ki, məni yüz faiz öldürəcəklər. Mən özümə Nəsimi kimi ölməyi arzulayırdım. Məni günahlandırmaq olar ki, “sən üçün sən Nəsimi kimi ölmədin?”. Bizləri təqsirləndirmək olar. Amma mən istəyirəm ki, Rasim Balayevin haqqında etikadan kənar sözlər deyilməsin, biraz ehtiyatlı olunsun”-deyə, Tahir Kərimli qeyd edib. 

Vəhdət Partiyasının sədri deyib ki, Rasim Balayev Kinematoqrafçılar İttifaqından çıxanda çoxları onu qınadı ki, niyə bu addımı atdı:

“Mən onu ideallaşdırmaq fikrində deyiləm. Amma onun yaratdığı obrazlara hamı baxıb. Bəlkə də həmin əsərlə bağlı kitabları çox adam oxumayıb, amma filmə hamı baxıb. Ona görə də mən istəyirəm ki, milli dəyərlərimizi qiymətləndirək, ucaldaq. O cür obrazları yaradan insan haqqında lazımsız sözlər eşidilir. Bunlara nə ehtiyac var. Onların hər ikisi, həm İsgəndər Həmidov, həm də Rasim Balayev mənim əzizimdir. Mən onlara səslənirəm ki, heç biri o birini tərəfə çevirməsinlər və bir-birini təhqir etməsinlər”-deyə, Tahir Kərimli vurğulayıb.

Xatırladaq ki, bu günlərdə sabiq daxili işlər naziri İsgəndər Həmidov mediaya müsahibəsində vaxtilə Rasim Balayevlə dalaşdığını və aktyoru döydüyünü iddia edib. Rasim Balayev isə İ.Həmidovla ralarında heç vaxt belə bir hadisənin baş vermədiyini, sabiq nazirin yalan danışdığını bildirib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir