Modern.az

YAP Konqresə etiraz edib, digər partiyaları da belə məktub ünvanlamağa çağırıb

YAP Konqresə etiraz edib, digər partiyaları da belə məktub ünvanlamağa çağırıb

5 Mart 2010, 15:23

“Bu, ədalətsiz və heç bir əsası olmayan qətnamədir”. Modern.az xəbər verir ki, YAP-ın icra katibi, deputat Əli Əhmədov ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində çıxarılan qərara münasibət bildirərkən jurnalistlərə belə deyib. Onun sözlərinə görə, həmin qətnamə tarixi həqiqətin təhrif olunması, ədalət prinsiplərinin ən kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. “YAP olaraq biz ABŞ Konqresi Nümayəndələr Palatasının müvafiq komitəsi tərəfindən belə ədatləsiz və tarixin saxtalaşdırılması elementlərini özündə ehtiva edən qərarın qəbul olunmasına kəskin şəkildə etirazımızı bildirmişik”. Onun sözlərinə görə, YAP Konqresin Nümayəndələr Palatasına etiraz məktubu  göndərib. Bu məktubun əsas motivləri və qayəsi bu qərarın ədalətsiz və yalan üzərində qurulmasına əsaslanıb: “Öz müraciətimizdə açıq şəkildə bildirmişik ki, bu qərar Azərbaycana dost və qardaş olan Türkiyənin maraqlarına qarşı yönəlməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına qarşı çevrilmiş bir qərardır. Qeyd etmişik ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və rəsmi Ankaraya təzyiq göstərmək məqsədi güdən belə bir qərarın qəbul olunması əslində sərhəd məsələsində Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması ilə əlaqələndirilməsinə qarşı çevrildiyindən, mahiyyət etibarilə  Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə həll olunmasına qarşı yönəlib”.

 

Ə.Əhmədov xatırladıb ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanması ermənilərin Azərbaycan torpaqlarının işğalına Türkiyənin etirazıdır. “Təbiidir ki, sərhədlərin açılması üçün ən mühüm və vacib şərt onun bağlanmasına səbəb olan erməni işğalının aradan qaldırılması ola bilər. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış Minsk  qrupunun həmsədrlərindən biri olan ABŞ Konqresi münaqişənin ədalətli şəkildə nizamlanması üçün Türkiyənin addımını dəstəkləmək əvəzinə onun əleyhinə gedir və qrupun həmsədri kimi üzərinə götürdüyü missiyaya Amerikanın etibarlı yanaşmasına çox böyük kölgə salır. Hesab edirik ki, ABŞ administrasiyası, Konqresi  Nümayəndələr Palatasının beynəlxalq komitəsinin qəbul etdiyi düşünülməmiş addıma daha ağılla yanaşacaq və nəticədə qətnamə Konqres tərəfindən müzakirəyə çıxarılmayacaq”. Ə.Əhmədov deyib ki, YAP bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə edir. YAP digər partiyalar və siyasi təşkilatları Konqresə belə məktub ünvanlamağa çağırıb. Əli Əhmədov hesab edir ki, komitənin bu qərarı Türkiyənin dünyadakı və bölgədəki nüfuzuna heç bir zərbə vurmaq iqtidarında deyil. Onun fikrincə, bundan itirən yalnız Türkiyə və Azərbaycanın müttəfiqləri olacaq.  Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!