Modern.az

Ramil Usubov 82 nəfərə vəzifə və “leytenant” rütbəsi verdi

Ramil Usubov 82 nəfərə vəzifə və “leytenant” rütbəsi verdi

Aktual

28 Fevral 2013, 15:44



Fevralın 28-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə Müsabiqənin qaliblərini qəbul edib.

Nazir qalibləri təbrik edərək son illər prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük uğurların qazanıldığını bildirib. Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaş olduğunu diqqətə çatdır;b. O deyib ki,   respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər DİO-da xidmətə qəbul üçün müraciət edib, onlardan «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə  haqqında» Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, test imtahanlarında  100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36-ı isə ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb. DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. Deyib ki, xidmətə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi məqsədi ilə «Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin elan edilməsi Qaydaları»na əsasən respublikanın polis orqan və hissələrində vakant vəzifələrə qəbul üçün kütləvi informasiya vasitələrində, o cümlədən mərkəzi, yerli telekanallarda və qəzetlərdə, DİN-in İnternet saytında elanlar verilib. İmtahanları müvəffəqiyyətlə vermiş 82 gəncin DİO-da xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin edilib.
Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı  Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə prezidentə təşəkkürünü bildirib. Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov  «polis leytenantı» xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı