Modern.az

Səlim Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçidinin vaxtını açıqladı

Səlim Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçidinin vaxtını açıqladı

28 Fevral 2013, 16:07

Fevralın 28-də Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Tədbirdə çıxış edən Fond sədri S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, strateji proqramların səmərəli gerçəkləşdirilməsi həyatımızın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində əsaslı inkişafa gətirib çıxarmışdır. “Ardıcıl pensiya islahatlarına və bu islahatların maliyyə yükünə diqqət yetirmək kifayətdir ki, ölkədə sosial siyasətin nə qədər diqqət mərkəzində olduğu əyani şəkildə görünsün” - deyən Fondun sədri S.Müslümov əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onlara xidmətin də keyfiyyətinin müasir standartların tələblərinə uyğun qurulması istiqamətində davamlı tədbirlərin görüldüyünü vurğulayıb. Belə ki, qısa müddət ərzində DSMF-nin maddi-texniki bazası tamamilə yenidən qurulub, Fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb:

“Sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün Fondun 3 departamenti və 82 rayon (şəhər) şöbəsindən 77 şöbə yeni müasir ofis binaları ilə təmin edilib. Bununla yanaşı, 85 yerli şöbənin lokal şəbəkələri mərkəzi informasiya bazasına birləşdirilərək Fondun korporativ şəbəkəsi formalaşdırılıb”.

S.Müslümov DSMF-nin rayon şöbələrinin fəaliyyətinin avtomatlaşdırılmasının, pensiya təyinatında bu ildən etibarən tətbiq olunacaq yeniliklərə keçmək üçün hərtərəfli imkan yaratdığını bildirib:

“Fondda qeydiyyatda olan 1 milyon 272 min 136 nəfər əmək pensiyaçısının və 2 milyon 360 mindən artıq sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün ölkə əhalisinin 40%-ə qədərini əhatə edən ümumi məlumat bazası elektron hökumət portalına yerləşdirilib. Son dövrlər sistemdə əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilərək, bu xidmətlərin sayı 25-ə çatdırılıb. Bütün bu tədbirlər bizim əsas hədəfimiz olan avtomatlaşdırılmış pensiya təyinatına keçidin reallaşmasına imkan verir və bu ilin kinici yarısından etibarən bu prosesə başlamağı proqnozlaşdırırıq”.

DSMF-nin Xəzər rayon rayon şöbəsinin müasir standartlar əsasında inşa edilmiş yeni inzibati binasında əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını bildirən S.Müslümov şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi, bütün çalışanların sosial sığortaya cəlb edilməsinin təmin olunması üçün müvafiq tapşırıqlar verib.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, binada rayon ərazisində qeydiyyatda olan 18 295 əmək pensiyaçısına, o cümlədən sığortaedən və sığortaolunanlara xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Yaradılan müasir infrastruktur bütün əməliyyatların avtomatlaşdırılmış şəkildə icrasına imkan verir.





Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu