Modern.az

Şıxəli Qurbanovunn yaratdığı rayon - Cəlilabadın köhnə adı nə olub? - ARAŞDIRMA

Şıxəli Qurbanovunn yaratdığı rayon - Cəlilabadın köhnə adı nə olub? - ARAŞDIRMA

Mədəni̇yyət

1 Mart 2013, 12:19

Həməşərəlilərlə şamaxılıların bölə bölmədiyi bölgə


Şəninə mahnılar, şeirlər qoşulan rayonlardan biri də Cəlilabaddır. Adının mənası ilə bağlı bəzi maraqlı məlumatlar yayılan rayon 60-cı illərdə Cəlilabad adlandırılıb. Həmin illərə kimi isə maraqlı adlarla tarixə düşüb.

Modern.az 60-cı illərə qədər Cəlilabadın hansı adlarla tanındığını araşdırıb.

Rayonun Cəlil Məmmədquluzadənin şərəfinə adlandırılması heç kimə sirr deyil. Amma müxtəlif illərdə rayonun başqa-başqa adları olub. Bəzi mənbələrdə rayonun 1967-ci ilədək Həştərxanbazar adlandırıldığı qeyd olunur. Azərbaycanın xalq artisti, məşhur “Cəlilabad” mahnısının ifaçısı Teymur Musatafayev də rayonun 60-cı illərə qədər bu cür olduğunu, sonradan isə Cəlil Məmmədquluzadənin şərəfinə adlandırıldığını söylədi.  

Tarixçi Cəmil Həsənli isə deyir ki, Cəlilabadı hamı Həştərxanbazar kimi tanısa da, rayon bəzi mənbələrdə tarixə Həməşərə kimi düşüb. Onun sözlərinə görə, bölgədə Hasıllı kəndi var idi ki, həmin kəndin adı ilə bütün bölgə Hasıllı adlanırdı.
“Rayonun ən qədim adı isə Həməşərə olub. Hətta tarixi mənbələrin bəzilərində Həməşərə adı ilə keçib”.

Cəlilabadın tarixçi alimi Rəşid Əsgərov isə araşdırmalarında Cəlilabad rayonunu Muğanın qurtaracağında yerləşdiyini və bu ərazidə Azərbaycanın keçmişindən xəbər verən iki qədim şəhər olduğunu yazır. O, araşdırmalarında qeyd edir ki, indi də rayonun yaşlı nəsli və ətraf rayonların əhalisi buranı “Həməşərə” adlandırırlar. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilib. Ərəblərin Azərbaycan hücumundan sonra Həməşərə şəhəri dağıdılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Həştərxanbazar (Astraxanbazar) şəhəri əyalətin mərkəzinə çevrilib.    

Cəlilabad rayon Mədəniyyət evinin kitabxana direktoru Cahangir Muradov isə deyir ki, “Həməşərə” sözü üzümün qıcqırdılıb çaxır düzəldilməsi mənasını verir:

“Vaxtilə malakanlar Həştərxandan bura sürgün olunublar. Tarixdə var ki, guya onlar çara qarşı itaətsizlik edirlər. Əslində isə belə olmayıb. Onlar itaətsizlik etməyiblər. Rus çariçası II Yekaterina sərhəddə imperiyaya etibarlı adamları yerləşdirib. Burada mərkəz Hasıllı bazarı olub. O vaxt Hasıllı çoxmillətli olub. Şamaxı zəlzələsindən sonra şamaxılılar Hasıllı bazarına gəlirlər. Bunların da başında Məşədi Məmməd adında bir nəfər tacir olub. Orada mövqe tuturlar, yəni bazarı ələ keçirmək çalışırlar. Yerli bəylərlə şamaxılılar arasında münaqişə yaranır. Hasıllı tərəfdən isə başda Hacı Bağır adlı bir nəfər durub. Bazarın sahiblərindən olub. Hacı Bağırın oğlu Cahangir bəy bazarla əlaqədar olaraq şamaxılıların köçürülməsi üçün mərkəz Tiflisə gedirlər. O cümlədən Məşədi Məmməd qardaşları da. Tiflisdə şamaxılı bir nəfər bunları barışdırır.

Cahangir bəy Hasıllıya qayıdanda bir dayanacaq əvvəl düşür və Moskvaya gedir, şamaxılıları Hasıllıdan çıxartmağın rüsxətini alır. Qayıdıb gəlir Hasıllı bazarına və elan edir ki, sizi burdan köçürdürəm. Məşədi Məmməd bəy ondan möhlət istəyir. 1926-cı ildə onlar köçür indiki Hasıllı kəndindən bir kilometr aşağıda ev tikirlər. Orada bir il qalandan sonra oranı bəyənmirlər və indiki Cəlilabad ərazisində məskunlaşırlar. Həştərxan malakanları da onlara dəstək verir.

1928-ci ildə bölgəyə rayon statusu verilir. 1967-ci ildə Cəlil Məmmədquluzadənin 100 illiyi ilə əlaqəli olaraq Şıxəli Qurbanov Cəlilabada gəlir. Elə onun keçirdiyi iclasda  onun təklifi ilə rayona Cəlilabad adı verilir”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir