Modern.az

Müxalifət partiyaları: “Rusiyanın dövlət çevrilişi cəhdinə inanırıq”- RƏYLƏR

Müxalifət partiyaları: “Rusiyanın dövlət çevrilişi cəhdinə inanırıq”-  RƏYLƏR

Təhsil

1 Mart 2013, 14:32



Modern.az
Mixail Saakaşvillinin Gürcüstan və Azərbaycanda dövlət çevrilişi hazırlanması haqda açıqlaması ilə bağlı bir sıra siyasi qurumları sorğulayıb.

AXCP sədrinin müavini Razi Nurullayev qeyd edib ki, təhlükə ehtimalı olsa da, hələlik bu sahədə nəzərəçarpan bir məqam yoxdur.

“Ümumiyyətlə, Saakaşvilli həmişə rusiyafobiyalı çıxışlar edib. MDB məkanında baş verən bütün problemlərin kökündə xoşlayır ki, Rusiya izi axtarsın. Bu baxımdan hesab edirəm ki, Azərbaycanla bağlı Rusiya təhlükəsini dilə gətirib. “Milyarderlər İttifaqı” yaranan zaman Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı fikirlər səslənib. Amma hazırda bu prosesin qabarıq olduğu hələ ki, görünmür. Düzdür, Rusiya və Azərbaycan arasında soyuqluq var. Çünki Xəzər dənizindən gedən karbohidrogen yataqları Türkiyə ərazisindən Avropaya göndərilir. Bunun nəticəsində Rusiyadan Azərbaycanın siyasi-iqtisadi asılılığı azalır. Buna görə də şimal qonşumuz Azərbaycana təzyiqlər göstərmək niyyətindədir. Ola bilsin ki, prezident seçkisi ərəfəsində milli, etnik azlıqlara dayanan problemlərin yaranmasında iştirakçı olsun. Ancaq ciddi şəkildə hakimiyyət dəyişikliyi üçün Rusiyanın hər hansı bir addım atması real görünmür. Rusiyanın Azərbaycanda dövlət çevrilişi etməsi onun qərb dünyası ilə üz-üzə durması deməkdir. Buna görə də yenidən Azərbaycanı xaosa sürükləmək, inqilablar yolu ilə kimisə hakimiyyətə gətirmək yol verilməzdir. Azərbaycan xalqı və müxalifət də buna imkan verməz. Yalnız demokratik seçkilər yolu ilə hakimiyyəti dəyişmək olar”.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Rusiya həmişə Qafqazda təsir imkanlarını genişləndirmək üçün aktiv fəaliyyət göstərir.
“Xəzər dənizində hərbi donanmasını gücləndirməsi, Ermənistanı silahlandırması, Gürcüstanda özünə tərəf olan bir qüvvənin parlamentdə üstünlük əldə etməsinə nail olması bütün bunların bariz nümunəsdir. 2013-cü il prezident seçkisi ilə əlaqədar Rusiya Azərbaycanda bir proyekt həyata keçirəcək. Burada əsas məqsəd Azərbaycanı öz təsir dairəsinə salmaqdır. Saakaşvilli deməmişdən əvvəl də biz bunu qeyd etmişik. Bunun özünü reallaşdırması isə xalqımızın siyasi səriştəsindən, Azərbaycan müxalifətinin birliyindən və iqtidarla müxalifətin əməkdaşlığından, uzaqgörən siyasətindən asılıdır”.

AMİP sədri Yusif Bağırzadə bu fikirləri ciddi sayır. “Mixail Saakaşvilli regionda Azərbaycanın ən yaxın dostudur. Onun dediklərində və yürütdüyü siyasi xətdə Azərbaycana obyektiv münasibətini görmüşük. Onun dediklərini ciddi qəbul edirəm. Bu, araşdırma tələb edir. Çünki gürcü prezident rəsmi bəyanat verib. AMİP-in bu məsələyə münasibəti isə belədir: bizim nizamnamə və məramnaməmizdə hakimiyyətə gəlməyin seçki əsasında dinc yolunu var. Xarici qüvvələrin müdaxiləsi olmadan hakimiyyətə gəlmək istəyirik. Bu deyilənlər doğrudursa, AMİP olaraq biz dövlətimizin yanındayıq”.

Müsavat Partiyası funksionerlərindən bu barədə şərh almaq mümkün olmayıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!