Modern.az

TQDK-nın mətbuat katibi Elnur Nağızadə: “Jurnalistlərin səbirsizliyinə öyrəşmişəm” - MÜSAHİBƏ

TQDK-nın mətbuat katibi Elnur Nağızadə: “Jurnalistlərin səbirsizliyinə öyrəşmişəm” - MÜSAHİBƏ

Müsahibə

2 Mart 2013, 09:41


Modern.az
saytı dövlət qurumlarının mətbuat katibləri ilə silsilə müsahibələri davam etdirir. Bu dəfə suallarımızı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cavablandırır.

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə necə gəldiniz?

-  2005-ci ildə TQDK-da dövlət qulluğuna işə qəbul üçün müsabiqə elan edildikdə, həmin müsabiqədə iştirak etmək barədə qərar qəbul etdim. Həmin ilin dekabrında təşkil olunan test imtahanı və müsahibədən müvəffəqiyyətlə keçdim. O vaxtdan da Komissiyada çalışıram.

- TQDK-dan əvvəl harada işləmisiniz?

-  Hərbi xidməti başa vurduqdan sonra təqribən il yarım ərzində istehsalat müəssisəsində çalışmışam.

- Bəs niyə məhz TQDK-da işləməyi seçdiniz?

-  Hələ orta məktəbdə oxuyanda, universitet illərində əksər insanlar kimi mənim üçün də TQDK obyektivliyi, şəffaf fəaliyyəti və yenilikçiliyi ilə fərqlənən dövlət orqanlarından biri idi. Və məhz buraya müsabiqə əsasında işə qəbul olmaq şansı yarandıqda həmin müsabiqədə iştirak etdim. Fikrimcə, insan öz işindən zövq ala  biləcəyi bir mühitdə çalışmalıdır. Belədə onun öz fəaliyyətini daha səmərəli təşkil etmək imkanı olur.  Əmin idim ki, Komissiyada işləmək imkanım olsa, mən həmin işdən tam zövq ala biləcəm. Müsabiqədən keçəndə vakant yerlərdən biri də İctimaiyyətlə Əlaqələr Sektorunda idi. Bu sektorda iş istiqamətlərindən biri mətbuatla işin təşkili idi. Mən də həmin sektorda işləmək istəyimi bildirmişdim. Burada  sınaq müddətinə işə götürüldüm. Bir neçə il sonra isə struktur dəyişikliyi baş verdi və mətbuatla iş ayrıca bir sahə oldu.

- Jurnalistikadan gəlmədən jurnalist kimi fəaliyyət göstərmək, jurnalistlərlə dul tapmaq  sizdə hansısa çətinlikləri yaratdı?

- Məncə, jurnalist kimi fəaliyyət göstərmək və ya onlarla çalışmaq üçün məhz həmin peşə sahibi olmaq vacib deyil. Buna dair  bütün dünyada xeyli sayda nümunələrə rast gəlmək olar. Təbii, hər bir yeni işin özünəməxsus çətinlikləri olur. Bunu mən də vaxtilə hiss etmişəm.

- Belə deyirlər ki, Sizdən əvvəlki mətbuat katibi jurnalistlərlə əlaqə qurmaqda, informasiyaların yayılmasında problemlər yaradıb. Amma Sizdən razılıq edirlər, bu uğuru necə əldə etmisiniz?

 - Ümumiyyətlə, ictimaiyyətlə və mətbuatla əlaqə işinin yaxşı təşkil olunması, ilk növbədə, həmin qurumun rəhbərliyindən asılıdır. TQDK daim ictimaiyyətə, mətbuata  açıq olan, şəffaf fəaliyyəti ilə seçilən bir qurumdur. TQDK sədri müntəzəm olaraq KİV nümayəndələri üçün mətbuat konfransları, brifinqlər keçirir, qəbul kampaniyası dövründə isə bu tədbirlər həftəlik qrafiklə təşkil olunur.  Buna görə də bizim Komissiyada bu sahədə nə vaxtsa hər hansı ciddi çatışmazlığın olması fikiri ilə razı deyiləm. Ola bilsin əvvəlki dövrlərdə strukturun fərqliliyi və bu istiqamətdə işlərin ayrıca sahə kimi müəyyənləşdirilməməsi bəzi hallarda işləri arzu olunan səviyyədə təşkil etməyə imkan verməyib. Qaldı ki, bu istiqamətdə konkret vəziyyətə, əgər mətbuat xidmərinin birbaşa işi mətbuatla əlaqəni normal tənzimləmək, bu işi normal həyata keçiməkdirsə və o,  bunu yarıtmaz görürsə, demək vəzifəsinin öhdəsindən gələ bilmir. 
Biz TQDK-nın mətbuat xidməti olaraq çalışırıq ki, işimizi düzgün quraq. Və şükür olsun ki, bizdən razılıqlar daha çoxdur, nəinki narazılıqlar.  Bu bizim işimizdir, burada qeyri-adi bir şey yoxdur.

- TQDK-da mətbuat xidmətinin rəhbəri işlədiyiniz müddətdə heç jurnalistlərdən narazılıq etdiyiniz olurmu?

- Bu, o zaman baş verir ki, bizim yaydığımız məlumatları və ya Komissiyanın fəaliyyətinə dair  hansısa informasiyanı təhrif edirlər, yanlış, əsası olmayan, qərəzli məlumatlar yayırlar. Tələbə qəbulu, buraxılış imtahanları, müxtəlif məzmunlu digər test imtahanları yüz minlərlə insanı maraqlandıran bir prosesdir və burada yanlış inormasiya bəzən çoxsaylı insanların, onların ailələrinin narahatlığına səbəb olan nəticələrə gətirib çıxarır. Odur ki, biz bütün işlərimizdə olduğu kimi, məlumatlandırma məsələlərinə də çox diqqətli, həssas yanaşırıq. Bu istiqamətdə KİV nümayəndələrindən bizə kömək göstərmək əvəzinə, əksinə əngəl törətdikləri hallarda narazılıq etdiyimiz vaxtlar olur.   

- Bəs sizdən küsən, inciyən jurnalistlər olur?

-  Mən çalışıram olmasın. Buna nə dərəcədə nail oluruq, yəqin jurnalistlər daha yaxşı bilərlər.

- Ümumiyyətlə, jurnalistlərlə konfiliktlər yaşanırmı?

-  Xeyr, problem yalnız  anlaşmazlıq həddində olur və bu, heç vaxt konflikt həddinə çatmayıb.

- Gün ərzində çox jurnalist sizə informasiya əldə etmək üçün zəng edir?

-  Bu saya diqqət etməmişəm. Onu deyə bilərəm ki, müxtəif vaxtlarda fərqli olur. Təbii ki, bu zənglər, müraciətlər qəbul kampaniyası dövründə xüsusilə çox olur. Belə vaxtlarda bəzən telefonu qulağımızdan endirmək mümkün olmur.

- Hansısa jurnalist və ya mətbu orqan barədə demisiniz ki, “bezmişəm artıq, bəsdirin insana gün ərzində nə qədər zəng etmək olar?”

-  Jurnalist dostlarımızın xəbərə, informasiyaya münasibətdə özünəməxsus  peşə yanaşmaları var. Operativlik, eksklüzivlik. Bəzən buna o qədər aludə olurlar ki, xəbəri tez çatdırmağı onun daha dolğun təqdim olunmasından üstün tuturlar. Məsələn, biz deyirik təqribən saat 17:00-a bu məlumatı verəcəyik. Çünki həmin informasiyanın əldə olunması üçün  vaxt lazım gəlir, bundan əlavə onun doğunluğuna, dəqiqliyinə diqqət edirik. Razılaşırlar, amma həmin vaxta 1 saat qalmışdan sürəkli zəng etməyə başlayırlar. Amma mən bu məsələyə də onların peşə xarakterinin təzahürü kimi yanaşıram və bezmirəm. Həm də öyrəşmişəm  bir növ.  

- Çox vaxt jurnalistlər mətbuat xidmətlərinin fəaliyətindən narazılıq edirlər, yəni onlardan vaxtlı-vaxtında informasiya ala bilmədiklərini qeyd edirlər, buna sizin fikriniz necədir?

-  Mətbuat xidməti təmsil etdiyi orqanla KİV arasında körpü rolunu oynayır. Bu körpünün də açıq olması vacib şərtdir.

- Belə hallarda olur ki, məsələn, jurnalist hər hansı informasiya ilə bağlı sual hazırlayır, mətbuat xidmətinə verir. Bu onun fərdi fəaliyətinin nəticəsində verilən suallardır. Mətbuat xidməti isə ona deyir 1-2 saat gözlə. Nəticədə 1-2 saatdan sonra informasiya press-reliz formasında hazırlanıb bütün mətbu orqanlara göndərilir. Buna sizin münasibətiniz necədir? Bu düzgün addımdırmı?

-  İctimaiyyətə onları maraqlandıran, gözlədikləri məlumat və xəbərləri vaxtında, operativ və dolğun çatdırdıqda onların müraciətləri də az olur.  Bu işdə bizə jurnalist həmkarlarımızın köməyi şəkksizdir. Açığını deyim ki,  bəzən hansısa məlumatın hazırlanmasının zəruriliyini, buna ehtiyac olduğunu jurnalistlərin sorğuları əsasında, onların həmin məsələyə diqqəti sayəsində müəyyən etdiyimiz hallar da olur.  Bununla bağlı geniş məlumat hazırlayırıq və yayırıq. Ancaq bu halda, ilk olaraq, öz təbirlərincə desək, məlumatı ekskluziv olaraq həmin  jurnalistə veririk. 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!