Modern.az

İlham Əliyev Abdulla Gülə zəng edib

İlham Əliyev Abdulla Gülə zəng edib

5 Mart 2010, 20:22

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləyib.
İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edib. O vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq.
Türkiyə Prezidenti öz növbəsində Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir