Modern.az

Müharibə edə bilərikmi?

Müharibə edə bilərikmi?

Aktual

4 Mart 2013, 12:09

Akif Nağı

Bu, cəmiyyəti ən çox düşündürən sualdı. Hər kəsin özünün cavabı var. Cavablar da, yanaşmalar da müxtəlifdir. Bir şey yaxşıdır ki, artıq böyük əksəriyyət müharibədən başqa yolun qalmadığı qənaətindədir. Amma “müharibəni edə bilərikmi?” –bax bu yerdə fikirlər haçalanır. Daxili, xarici, olan –olmayan amillər qabardılır, bəzən həddindən  artıq şişirdilir. Bəlkə məsələyə yanaşma metodumuz yanlışdır?

Fikrinə çoxlarının hörmətlə yanaşdığı hərbi ekspert Karl Klauzevitsin çox çeynənmiş mövqeyini bir daha təkrar edirəm: “Müharibə o qədər ciddi bir işdi ki, onu generalların ixtiyarına buraxmaq olmaz”. Klauzevitsin fikirlərinə həm də ona görə hörmətlə yanaşılır ki, o, hərb sahəsində praktik və nəzəriyyəçi kimi çalışıb, dedikləri də çox vaxt özünü doğruldub və 200 illik sınaqdan keçib. Postmodernistlərin “atası” Umberto Eko da ona hörmətlə yanaşır və fikirlərini təsdiq, sonra isə davam etdirərək bildirir ki, “müharibəni nəinki generallara, həmçinin siyasətçilərə, xüsusilə də nadan siyasətçilərə etibar etmək olmaz”.

   Bizdə bu gün vəziyyətin tragi –komikliyi ondadır ki, müharibənin taleyini, “başlayaq, yoxsa yox?”, “edə bilərik, yoxsa yox?” suallarının cavabını nəinki generalların, hərbçilərin, siyasətçilərin, həttda hərbdən, rəsmi siyasətdən 15-20 il bundan əvvəl uzaqlaşmış hərbi ekspertlərin, siyasi şərhçilərin, siyasətşünasların və “kuxarka”ların ixtiyarına buraxmışıq. Bunlar da düşüblər ortaya, gah deyirlər ki, mühariəni 10 günə udarıq, gah milləti xoxanla qorxudurlar, gah da ordudakı bitdən –birədən danışırlar, elə bil əlləri ilə aparıb qoyublar. Bu diletant söhbətlərə birdəfəlik son qoyulmalıdır. Hər hansı fikri söyləmək üçün ordudakı vəziyyətlə bağlı ətraflı məlumat olmalıdır. Bu cür ekspertlərdə isə bu məlumatın olması mümkünsüzdür. Deməli, bu adamlar ya cahil və nadandırlar, ya da sifariş yerinə yetirirlər. İkinci halın olmaq ehtimalı daha böyükdür, çünki bu adamların mövqeləri qeyri –stabilliyi ilə seçilir, kor nalbənd kimi gah nala, gah da mıxa vurur, köhnə tüfəng kimi gah sağa, gah da sola atırlar.

Bir də görürsən, hansısa ağzıgöyçək kişi xeylağı və ya qadın haray çəkir ki, bu ordu ilə müharibə etmək olmaz. Axı sənin bu ordu haqqında heç bir məlumatın yoxdu, qonşunun əsgərlikdən gələn oğlu nəsə dedi, anası onun dediklərini  bir az da üfürüb şişirtdi, yoldan keçən, internetdə ömrünü çürüdən nə isə sarsaqladı. Bunların əsasında fikir söyləmək olmaz, ən azından özünə hörmət edən adam belə etməz.

 Və yaxud “Əsgər ölümlərinə son!” tələbi ilə aksiya keçirənlər. Siz bu aksiyanın təşkilatçısının kimlər olduğunu bilirsinizmi? Əminəm ki bilmirsiniz. Təşkilatçısının kim olduğunu bilmədiyiniz aksiyada nə üçün iştirak edirsiniz? Bu təşkilatçılar nə üçün erməni zabitləri, Daşnaksütyun partiyasının üzvləri və digər erməni terrorçuları Bakıya gələndə aksiya keçirmirlər? Çalışın bu suallara cavab verin və sonra mövqeyinizi formalaşdırın, millətin və dövlətin ziyanına olan addımlardan çəkinin.

“Müharibə edə bilərikmi?” sualının cavabını yalnız bir nəfər bilir və bilməlidir, o da Ali Baş Komandandır. Ali Baş Komandan ordu və diplomatiya ilə məşğul olan ətrafı ilə birlikdə bu sualın cavabını müyyənləşdirməli və xalqa açıqlamalıdır. Biz də sualımızı ona yönəltməli və cavab tələb etməliyik. Cavab tələb etməyin vaxtı artıq çatıb. Biz detallara varmadan məsələni bu şəkildə qoyuruq: həddindən artıq çox vaxt keçib, bu vaxt ərzində ordu müharibəyə hazır olmalı idi. Əgər ordu hazır deyilsə, onda iqtidar bunu etiraf etməli və kənara çəkilməlidir. Yox, əgər hazırdırsa, onda müharibəni edə bilər, deməli, ləngimədən başlamalıdır.

Mənim demək istədiyim odur ki, cəmiyyətdə müharibə ilə bağlı yanlış fikirlər yayılmamalı, mənfi rəy formalaşdırılmamalıdır. Hər kəs yalnız bildiyi şeydən danışmalıdır. Karel Çapek yaxşı deyirdi ki, hər kəs yalnız bildiyi şeydən danışsaydı, dünyaya əsrarəngiz bir sükut çökərdi. Bəzən danışmamaq danışmaqdan çox yaxşı olur. Bunu danışıb qanımızı qaraldanların, ab-havanı korlayanların, ictimai rəyi dolaşdıranların nəzərinə deyirəm.

  Başqa bir məsələ. Bəzən deyirlər ki, ictimai rəy müharibəyə hazır deyil, müharibə əhval-ruhiyyəsi yoxdur, hər yerdə çal –çağırdı, şoulardı və s. Bu fikirlərdə həqiqət var, amma o qədər də həlledici amil deyil. Müharibə etmək üçün hər gün “müharibə” deyib çığırmağa ehtiyac yoxdur, bəlkə də ziyanlıdır. Cəmiyyət içərisində olan adam kimi deyə bilərəm ki, toplumun böyük əksəriyyəti müharibə əhvalındadır. Onu da bilin ki, müharibə özü öz qəhrəmanlarını yetişdirəcək, atasının –dayısının –anasının arxasında gizlənənlərə ordumuzun ehtiyacı yoxdur. İctimai rəyin müharibəyə köklənməsi də dövlət üçün ani bir işdi. İkinci dünya savaşı ərəfəsində Amerikada ictimai rəy 2 yerə bölünmüşdü:  bir tərəfdən müharibəyə girməyin tərəfdarı olan prezident Franklin Ruzvelt, o biri tərəfdən isə məşhur təyyarəçi Çarlz Linberq dayanırdı. Linberq Amerikadan Avropaya uçuş etmişdi və o dövrün çox populyar adamlarından idi. Təsəvvür edin ki, 1941-ci ilin sentyabrında yüz minlərlə insanın iştirakı ilə mitinq oldu və izdiham Linberqin antimüharibə mövqeyini dəstəklədi. Ruzvelt bütün nüfuzuna baxmayaraq, ictimai  rəyi dəyişə bilmirdi. Cəmi iki ay sonra Perl –Xarbor hadisəsi baş verdi, ictimai rəy 180 dərəcə dəyişdi. Mən Azərbaycan üçün hansısa “Perl –Xarbor” olayı təklif etmirəm, onu demək istəyirəm ki, ictimai rəyi istənilən səmtə kökləmək üçün kifayət qədər səmərəli vasitələr var.

 Fikrimi İkinci Dünya savaşından daha bir misalla yekunlaşdırıram. Çerçil 1940-cı ildə, İngiltərənin çox ağır vaxtında baş nazir vəzifəsinə gətirildi, ölkə təlaş içərisində idi, çoxları açıq və ya gizlində almanlara təslim olmağı, müsibətlərə son qoymağı təklif edirdilər. Çerçil xatırlayır ki, London hər gün bombalanırdı, hər bombardmandan sonra 1500-2000 yanğın mənbəyi yaranırdı, söndürmək də mümkün olmurdu. Doğurdan da ağır vəziyyət idi. Bu vəziyyətdə deputatların qarşısına çıxan Çerçildən soruşdular ki, nə təklif edirsən, sülh, yoxsa müharibə? Çerçil cavabında dedi: Biz bu gün  sülh və ya müharibə seçimi qarşısında deyil, müharibə, yoxsa şərəfsizlik seçimi qarşısındayıq, biz müharibəni seçirik. Bunu həm də Avropanı yamsılayan psevdoliberallarımızın nəzərinə dedim. Böyük millətlər bu cür böyük olurlar, seçim anında düzgün seçim etməklə. Bu seçim anı millətin min illik mövcudluğu dövründə bir –iki dəfə ortaya gələ bilər. Həmin anlarda düzgün seçim edə bilsən, düşürsən böyük millətlərin cərgəsinə və yaxud əksinə. Bu gün biz hamımız seçim qarşısındayıq. Hər kəs seçimini etsin! Hansısa kreslo uğrunda bir –birinin boğazını gəmirməyə hazır olanlar başlarını qaldırıb baxsınlar, biz millət olaraq Qarabağ naminə seçim qarşısındayıq, müharibə və ya şərəfsizlik seçimi qarşısındayıq! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!