Modern.az

Azərbaycanda sosial media və QHT-lər

Azərbaycanda sosial media və QHT-lər

4 Mart 2013, 12:16

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi media da yeni yanaşmaların olmasını tələb edir. Uzun illər informasiya blokadalarının əsiri olmuş, dünyada baş verən hadisələrdən bir qədər uzaq olan ölkəmizdə hazırda media özünün transformasiya mərhələsini yaşamaqdadır. Qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət “yeni media” və ya sosial mediaya keçid qeyd olunan transformasiyanın əsasını təşkil edir.

Bu gün dünyada “yeni media” anlayışının müxtəlif izahlarına rast gəlmək olur. Bir qrup ekspert buraya bütün rəqəmsal və elektron informasiya ötürücülərini-elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər yeni medianın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. ABŞ-ın Sirakyus Universiteti nəzdində ictimaiyyətlə əlaqələr Nyuxaus məktəbinin Yeni media sahəsi üzrə baş məsləhətçi Vin Krosbinin sözlərinə görə, əgər mass media “təkin çoxluğa” təsiridirsə, yeni media “çoxluğun çoxluğa” qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın qarşılıqlı rəyi və cavab reaksiyası vardır(interaktivlik). Tədqiqatçılar hesab edir ki, kütləvi informasiya vasitələri erasının sonu yaxınlaşır, hazırda dünya Fərdi İnformasiya Vasitələri erasına qədəm qoyub. İnformasiya fərdi ötürülür və fərdi olaraq qəbul edilir.

Qeyd edə bilərik ki, son illərdə ictimai əlaqələrdə əsas PR və reklam vasitəsi kimi genişlənən sosial medaının imkanlarından istər özəl sektor, biznes qurumları, istərsə də dövlət qurumları, siyasətçilər və başqa maraqlı tərəflər fəal şəkildə istifadə etməkdədirlər. Bəs baxaq görək bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lər bu imkanlardan necə istifadə edir?

Bu yazının yazılmasının əsas məqsədi günümüzdə ölkədəki QHT-lərin ictimaiyyətlə əlaqələrdə sosial media ilə bağlı ümumi işinin keyfiyyətini qiymətləndirməkdir. İlk öncə Azərbaycanda fəaliyyət göstərən QHT-lər ənənəvi media və sosial şəbəkələrlə işləri haqqında ümumi araşdırma aparılmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, QHT-lərdən çox az bir qisminin ictimaiyyətlə əlaqələrlə məşğul olan tam yaxud yarım ştat heyəti var. Bir sıra QHT-lər isə ictimaiyyətlə əlaqələr strategiyasını həyata keçirmək üçün ya könüllülərin, ya da sədrin xidmətlərindən istifadə edirlər.

Əvvəlcə Azərbaycan QHT-lərinin ənənəvi mediadan istifadə imkanlarına qısaca nəzər salaq. Ötən yazılarımızın birində qeyd etmişdik ki, bu sahədə ciddi problemlər mövcuddur. QHT nümayəndələri medianın, xüsusilə də KİV-in QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Ənənəvi media mümayəndələri isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.

Araşdırmalar zamanı o da məlum olmuşdur ki, QHT-lərin öz fəaliyyətləri haqqında milli və Azərbaycanın bəzi bölgələrində yerli səviyyədə yayımlanan televiziya kanalları vasitəsilə də informasiya yaymaq imkanı var. QHT-lər tərəfindən ən az istifadə olunan media vasitəsi radio proqramlarıdır. Hər il orta hesabla hər bir təşkilat bir radio proqramında yayımdan istifadə edir.

İndisə milli QHT-lərin sosial mediadakı fəaliyyətlərini izləyək. Araşdırmalar zamanı QHT-lərin veb saytları, Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki qrupları, səhifələri təhlil olunmuşdur. Qeyd edək ki, bir neçə il əvvələ qədər öz fəaliyyətləri barədə məlumatları paylaşmaq üçün QHT-lər e-mail qrupları kimi (Məsələn: [email protected], [email protected], [email protected], [email protected] və başqaları) qeyri-ənənəvi media vasitələrindən də istifadə etsələr də, bu gün həmin qruplar fəaliyyət göstərmir və onlar tarixə çevriliblər. Bu gün bir çox fəal QHT-lərin öz maliyyə imkanları və ya donor təşkilatları hesabına yaratdıqları veb saytlar mövcuddur. Amma bu saytları bəzilərindən QHT-nin fəaliyyəti ilə bağlı məlumatlar yenilənmir. Digər bir məsələ isə bəzi QHT saytlarının sosial şəbəkələrə inteqrasiya olunmamasıdır ki, bu gün deyə bilərik ki, sosial şəbəkələrə inteqrasiya olunmayan saytlar uğursuzlua məhkumdur. Bu səbəbdən hər bir QHT-nin saytı sosial şəbəkələrin inteqrasiya xidmətlərinə bağlı olmalıdır ki, saytın əhatə dairəsi sosial şəbəkələrin imkanları hesabına genişləndirilsin. Təssüflə qeyd edək ki, Azərbaycanının əksər fəal QHT –lərin veb saytları olsa da, bu saytlar sosial şəbəkələrinin xidmətlərində istifadə etmir.

Təqdirəlayiq haldır ki, az olsa bəzi informasiya saytlarında ( məsələn: www.modern.az ) QHT-lərlə bağlı xüsusi bölmə fəaliyyət göstərir ki, burada QHT-lərin fəaliyyəti ilə bağlı məlumatlar yer alır. QHT-lərin fəaliyyəti ilə bağlı ixstisaslaşmış sayt kimi QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi olan www.qhtxeber.az saytını QHT-lərin informasiya portalı qeyd edə bilərik. Bütün bunlar onu göstərir ki, artıq QHT-lər cəmiyyətimizdə informasiya istehsalçısına çevriliblər.

Bəzi QHT-lərin veb saytı olmasa da, onlar sosial şəbəkələrin xidmətlərində fəal surətdə istifadə edir, öz layihələri, tədbirləri haqqında məlumatları orada yayırlar. Bəzi QHT-lər öz fərdi səhifələrini yaradaraq fəaliyyətləri haqqında informasiyaları həmin səhifələrində istifadəçilərlə paylaşırlar. Bir məqamı da qeyd edək ki, sosial şəbəklərdə gənclərin təmsil olunduqları QHT-lər daha fəaldır. Sosial şəbəkələr arasında istifadəçi QHT-lər daha çox Facebook sosial şəbəkəsinin xidmətlərindən yararlanırlar. Adıçəkilən sosial şəbəkədə İrəli İctimai Birliyinin ( 28300 izləyici), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası(4060 izləyici), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (972 izləyici), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (1200 izləyici), Azərbaycan Demokratik Tələblər Təşkilatının (755 izləyici), Azərbaycan- Amerika Gəncləri İctimai Birliyi (394 izləyici) Gəncliyin Şöləsi Gənclərin İnkişafı İctimai Birliyi (207 izləyici) və başqa QHT-lərin adını çəkə bilərik. Bundan başqa Facebook sosial şəbəkəsində müxtəlif QHT-ləri özündə birləşdirən QHT Əməkdaşlıq Alayınsı (13000 üzv), III Sektor (870 üzv), QHT-Dostlar (1200 üzv), QHT-Xəbərlər ( 2220 üzv),Gənclər üçün Təhsil Mərkəzi (755 üzv), Gənclər Təşkilatlarının Məlumat Mərkəzi (199 üzv) və s. kimi qruplar da aktiv fəaliyyət göstərir. Bu qruplarda əsasən QHT-lərin fəaliyyəti haqqında məlumatlar yayılsa da, bəzi hallarda bir sıra QHT nümayəndələri qrupun məqsəd və vəzifələrinə aid olmayan informasiyalar da paylaşırlar ki, bunu da nöqsan kimi qeyd edə bilərik. Qeyd edək ki, əvvəllər sözügedən qruplarda mütəmadi olaraq ictimai-siyasi xadimlər, millət vəkilləri, tanınmış QHT nümayəndələrini dəvət etməklə vətəndaş cəmiyyətinin müxtəlif problemləri fəal qrup üzvlərinin iştirakı ilə müzakirə edilirdi. Müzakirələr zamanı QHT-lərin ən müxtəlif problemləri qeyd edilir, onların həlli yolları təkilf edilirdi. Lakin təssüf edirik ki, bir müddət bu ənənə halını alsa da, sonradan bizə məlum olmayan səbəblərdən bu proses dayandı.

Twitter sosial şəbəkəsindən isə QHT-lər az şəkildə istifadə etsələr də, bəzi QHT rəhbərləri fərdi qaydada adıçəkilən sosial şəbəkədə fəallıq göstərirlər.

Düşünürik ki, QHT-lərin sosial mediadan istifadə etməsi onların PR fəaliyyəti ilə yanaşı ənənəvi media ilə yuxarda göstərdiyimiz problemlərinin həllinə də müsbət təsir göstərmiş olar.

Nəticə olaraq deyə bilərik ki, QHT-lərin ənənəvi mediaya çıxışında problemlərə baxmayaraq bir çox QHT-lərin sosial mediaya çıxış imkanı var. QHT-lərin əksəriyyəti internet əsaslı media vasitələrindən (vebsayt, Facebook, Twitter və s.) daha yaxşı istifadə etməklə, ictimayyətlə əlaqələrini əsaslı şəkildə genişləndirilə bilər. Bu vasitələrin istifadəsi ilk növbədə böyük vəsait və insan resursu tələb etmir. Bundan əlavə ölkədə internet istifadəçilərinin, həmçinin sosial şəbəkə saytlarında üzvlərin sayı davamlı olaraq artır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir