Modern.az

Söyün Sadıqov: “İki il əvvəl Gürcüstanda Saakaşvili ilə yeyib-içmişik”

Söyün Sadıqov: “İki il əvvəl Gürcüstanda Saakaşvili ilə yeyib-içmişik”

Təhsil

4 Mart 2013, 16:49

“Mən Saakaşvilini 15 ildir ki, tanıyıram. İki il əvvəl Gürcüstana gedəndə onunla görüşmüşəm. Bir yerdə yeyib-içmişik. İndi isə Saakaşvili Tiflisdə jurnalistlərə açıqlama verir ki, Qardabanidən olan Sadıqov soyadlı birisi Gürcüstan azərbaycanlılarına muxtariyyət sözü verib”.

Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti Söyün Sadıqov bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin onun və Vahid Ələkbərovun barəsində dedikləri doğru deyil: “Nə mənim, nə də ki, Vahid Ələkbərovun Azərbaycanla işi var. Biz Rusiya vətəndaşlarıyıq. Fəaliyyətimiz də Rusiya ilə bağlıdır. Saakaşvili məni yaxşı tanıyır. Onun belə bir iddia ilə çıxış etməsi Gürcüstanın imicinə böyük zərbədir”.

S. Sadıqov Borçalı Partiyası yaradacağı barədə yayılan məlumatların da əsası olmadığını söyləyib: “Mən Rusiya Milli Vahid Partiyasını yaradıram. Artıq partiyanın təsis qurultayının vaxtı bəlli olub. Aprelin 13-də partiyanın təsis qurultayını keçirəcəyik. Bu partiyanın nə Azərbaycana, nə də Gürcüstana dəxli var. O ki qaldı Gürcüstanda Borçalı adlı partiya ilə partiya yaratmaq məsələsinə, mənim belə bir fikrim yoxdur. Amma Gürcüstanda kimi bunu yaratmaq istəyirsə, düz edir. Niyə axı, oradakı azərbaycanlıların partiyası olmasın? Bunun nəyi pisdir? Gürcüstan gürcülərin vətəni olduğu kimi, oradakı azərbaycanlıların da vətənidir. Gürcülər Gürcüstanda hansı hüquqa sahibdirlərsə, azərbaycanlılarda o hüquqa sahibdir. Belə bir partiyanın yaradılması Gürcüstan azərbaycanlılarının hüquqlarının qorunmasına xidmət etməlidir. Ona görə də, kim Borçalı Partiyasını yaratmaq istəyirsə, onu alqışlayaram. Özümün isə belə bir fikrim yoxdur”. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu