Modern.az

Millət vəkili avtoxuliqanların həbs olunmasını istəyir

Millət vəkili avtoxuliqanların həbs olunmasını istəyir

Parlament

4 Mart 2013, 17:48

Milli Məclisin deputatı Çingiz Qənizadə qanunvericilik təşəbbüsü ilə çıxış edərək avtoxuliqanların 1 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarılması üçün Milli Məclisin rəhbərliyinə təqdim edib.  

Avtoxuliqanlıq hallarının qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsində mövcud  maddələrin sərtləşdirilməsinin vacibliyini vurğulayan  Ç.Qənizadə bildirib ki, avtoxuliqanlıqla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-1.2.-ci maddəsində eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə barəsində 15 günədək inzibati qaydada həbs inzibati cəza növü nəzərdə tutulmuş olsa da, müşahidələr və yol-nəqliyyat hadisələrinin son vaxtlar çoxalması göstərir ki, bu kimi cəza növləri tətbiq edilməsinə baxmayaraq, avtoxuliqanlıqla mübarizədə hələ də istənilən nəticə əldə olunmayıb.

“Odur ki, yol hərəkətində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə avtoxuliqanlıqla bağlı yeni norma, 221.4-cü maddəsi əlavə edilməklə avtoxuliqanlıq edən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilməli, bu əməl cinayət əməli kimi qanunvericilkdə nəzərdə tutulmalıdır”, - deyə millət vəkili qeyd edib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əlavə edilməsi təklif edilən yeni 221.4. maddəsi:

Avtoxuliqanlıq – yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşların əmlakına, həyat və sağlamlığına real təhlükə yaradan, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin il ərzində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən təkrar törədilməsinə görə -

Nəqliyyat vasitələrini idarə etmək hüququ üç il müddətinə məhdudlaşdırılmaqla üç min manatdan beş min manata qədər cərimə və ya nəqliyyat vasitələrini idarə etmək hüququ üç il müddətinə məhdudlaşdırılmaqla bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür