Modern.az

İsa Qəmbər ABŞ səfiri ilə görüşündən danışdı

İsa Qəmbər ABŞ səfiri ilə görüşündən danışdı

4 Mart 2013, 18:54

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda öncə ötən həftə ərzində qərarların icrası müzakirə olunub. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, partiyadaxili məsələlərlə bağlı bölümdə Müsavat başqanı İsa Qəmbərin ötən şənbə qadınlarla, bazar günü isə Füzuli rayonundan olan partiya fəalları və ziyalılarla  görüşü müzakirə olunub. Hər iki görüş Divan tərəfindən müsbət qiymətləndirilib. Qeyd edilib ki, həm qadınlarla, həm də Füzuli ictimaiyyəti ilə görüşdə diqqət çəkən məqam bitərəf insanların çoxluq təşkil etməsi olub.

Görülən işlərlə bağlı bölümdə Müsavat Gənclər Təşkilatının Alatoran dərgisinin nəşr  etdiyi  kitabların satış-sərgisi tədbirini keçirdiyi qeyd olunub. Divanda bildirilib ki, bu kampaniyanı davam etdirmək, ədəbi prosesə və gənc yazarlara dəstək vermək lazımdır.

Daha sonra “Tolişo sədo” qəzetinin redaktoru Hilal Məmmədovun məhkəməsi barədə məlumat verilib. Qeyd olunub ki, H.Məmmədov məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq hələ də məhkəmə zalında ağzını bağlayaraq, qulaqlarına pambıq tıxayaraq üzünü divara tutur. G.Aslanlı H.Məmmədova dəstək aksiyasında iştirak etdiyi barədə məlumat verdi.

Sonra Gülağa Aslanlı Müsavat başqanı İsa Qəmbərin yanvarın 13-də Lənkəran səfəri zamanı törədilən sui-qəsd cəhdi ilə bağlı Lənkəran şəhər rayon polis şöbəsində ifadə verdiyini bildirdi.

İsa Qəmbər ABŞ səfirliyi ilə partiya liderlərinin keçirdikləri görüş haqqında məlumat verdi. Müsavat başqanı bildirdi ki, görüşdə açıq müzakirələr keçirilib.İctimai-siyasi duruma dair müzakirələrdə qeyd olunub ki, cəmiyyətin narahatlığına, gənclərin etiraz aksiyalarına baxmayaraq, orduda ölüm halları davam edir.  Müsavat Partiyasının orduda ölüm hallarına etiraz olaraq keçirilən aksiyaları dəstəklədiyini bəyan edib.

Divanda demokratik düşərgənin müxtəlif qüvvələrinin əməkdaşlıq təkliflərinə dair fikir mübadiləsi aparılıb, seçkilərə hazırlıq məsələlərindən danışılıb və müvafiq qərarlar qəbul edilib.

Divanda Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri də müzakirə olunub. 

Sonda cari məsələlərə baxılıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?