Modern.az

Deputat yoxsul ailələrin müdafiəsinə qalxdı

Deputat yoxsul ailələrin müdafiəsinə qalxdı

Aktual

5 Mart 2013, 18:08

Millət vəkili Qənirə Paşayeva Parlamentin bugünkü iclasında ünvanlı sosial yardımla bağlı şikayət və problemlərin həlli istiqamətində təkliflərlə çıxış edib.

Modern.az-ın məlumatına görə, deputat Parlamentin bugünkü iclasında ünvanlı dövlət sosial yardım haqqında qanunun təkmilləşdirilməsini, habelə yardımların təyin edilməsi üçün zəruri olan sənədlər siyahısının təkmilləşdirilməsi və sadələşdirilməsi, o cümlədən əmlakın siyahısı tərtib  edilərkən istismara yararsız avtomobillərin, əkinə yararsız torpaqların nəzərə alınmamasını, ailədə olan əlillərə,  ahıllara, uşaqlara və digər ehtiyacı olan qruplara ödənilən müavinətlərin məbləğinin ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməməsini təklif edib.

Qənirə Paşayeva deyib ki, bu gün də sadə insanlardan gələn müraciət və şikayətlər arasında ünvanlı sosial yardımla bağlı məsələlər ön sıralardan birini tutur. “Bu yardımlar əhalinin ən kasıb təbəqəsinə verilir və onların verilməsində ciddi sadələşdirilmələrə ehtiyac var. Elə ailə var ki, onun istismara yararsız bir avtomobili var və ya onlara torpaq sahəsi verilib, amma həmin torpaq sahəsi əkinə yararsızdır. Amma ünvanlı sosial yardımı verən təşkilatlar bunları önə çəkərək bir çox hallarda onlara ünvanlı sosial yardım verməkdən imtina edirlər. Buna son qoymaq üçün ünvanlı sosial yardımın təyin olunması üçün zəruri olan sənədlərin siyahısının təkmilləşdirilməsinə və sadələşdirilməsinə, bu kimi hallara son qoyulmasına ciddi ehtiyac var. Məsələn, əgər bir ailədə əlil varsa,  nə üçün ona ödənilən müavinətin məbləği ünvanlı sosial yardım təyin edilən zaman ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməlidir. O əlilə dövlət tərəfindən verilən pul onun dərman vəs. bağlı ehtiyaclarına onsuz da zorla çatır. Bunları nəzərə alaraq ünvanlı sosial yardımın təyin olunması zamanı ailədə olan əlillərə, ahıllara, uşaqlara və digər ehtiyacı olan qruplara ödənilən müavinətlərin məbləğinin ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməməsini təklif edirəm. Əgər bu dəyişikliklər gedərsə, yüzlərlə insanın ünvanlı sosial yardımla bağlı şikayət və problemləri azalmış olar və bu həllini gözləyən ən vacib problemlərdən biridir”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar