Məlumat verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyevin rayonun Talalar kənd sakinindən ünvanlı dövlət sosial yardımı təyin edilməsi müqabilində 400 manat məbləğində rüşvət tələb etməsi barədə sonuncunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ə.Əliyev vətəndaşdan həmin məbləğdə pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı.
Həmin fakta görə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə açılıb, istintaqla müəyyənləşdirilib ki, Ə.Əliyev 2009-2010-cu illərdə rayonun 200 sakininə 567 min 293 manat məbləğində ünvanlı sosial yardımın təyin edilməsi barədə yalan məlumatlar daxil edilmiş qərarları imzalayıb. Həmin saxta qərarlar əsasında mühasibat uçotu sektorunun müdiri, eyni zamanda baş mühasibi Kəmalə Əsədullayeva və məsləhətçisi Təranə Tinatiyeva tərəfindən 606 min 987 manat məbləğində külli miqdarda pul vəsaitləri mənimsəmə və israf etmə yolu ilə talanaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.