Modern.az

ANS-in tanınmış aparıcısı: “Elə bilirdilər Zümrüd bir də ayağa qalxmayacaq” - MÜSAHİBƏ

ANS-in tanınmış aparıcısı: “Elə bilirdilər Zümrüd bir də ayağa qalxmayacaq” - MÜSAHİBƏ

6 Mart 2013, 16:00

Zümrüd Qasımova: “Tamaşaçılar vəfasızdır!”


Modern. az-
ın budəfəki müsahibi aktrisa və ANS-in teleaparıcısı Zümrüd Qasımovadır. İki ilə yaxın xərçəng xəstəliyi ilə mübarizə aparıb. Nəhayət, səhhətinin yaxşılaşması ilə əlaqədar yenidən televiziyaya qayıdıb.

– Xarici görkəminiz bir az dəyişib...


– 16 kilo kökəlmişəm. Efir də üstəlik 8 kilo kökəldir. Hazırda çəkim 68 kilodur. İdmanla məşğul olmaq istəyərdim. Amma xəstəliyimlə bağlı dərman qəbul etdiyimə görə getmirəm. Fikirləşirəm ki, üzgüçülüyə gedim, amma hələ vaxtım yoxdur. İki teatr, ANS..,  çatdırmıram.


– Mingəçevirdəki teatrla əlaqəniz hələ də qalır?

– Bəli, gələn ayın axırı “Məhv olmuş gündəliklər” tamaşası ilə bağlı ora getməliyəm. “Yuğ” teatrında isə hazırda Mirzə Fətəli Axundzadənin əsərində oynayıram. Enerjiliyəm və itirdiyim vaxtları bərpa etmək istəyirəm.

Televiziyadan sonra teatrda məşqləri də dayandırdınız?

– Məşqlərim yox idi. Bir tamaşam var idi, onu oynamağa gedirdim. Həm də ailə qurdum, ərim istəmirdi ki, işləyim. Amma mən sənət adamıyam. Bu adamlar üçün evdə oturmaq bir az çətindir. Həm də xəstələnəndən sonra evdə oturmağı ümumiyyətlə istəmirəm. Çünki həyat bir dəfə verilib. Mən onu dörd divar arasında keçirə bilmərəm. Ona görə də qayıtdım və həyatımdan razıyam.

– Əvvəlki Zümrüd Qasımova iddialı idi, indisə sakit, dolğunlaşmış görünür.

4 il fasilə verdim. Təkliflər var idi ki, gəl işlə, istəmirdim. O zamankı Zümrüd ilə indiki Zümrüd arasında çox böyük fərq var. Əlbəttə, insan heç bir zaman dəyişmir. Kimsə desə ki, pis adam dəyişdi, yaxşı oldu, bu, yalan söhbətdir. İnsan necə yaranıbsa, elə də qalır. Sadəcə, bəzi şeylər insanı böyüdür. Mənim o zaman 26 yaşım vardı, indi 31-dir. Ona görə deyirlər ki, yaş ötdükcə insan kamilləşir.  

– İnsanın xarakteri dəyişmirsə, bu fərq nədən yarandı?

– Əvvəlcə belə idi: hamı mənim dostumdur. Deyirdim, dostlarım var, onları çox istəyirəm. Üstəlik, yaxın adamlarım, qohumlarım. Düzdür, qohumcanlı deyiləm. Çünki kinliyəm, içimdə qalır. Sonra zamanla görürsən ki, dost da boş şeydir. Hərdən elə insanlar olur ki, həyatında dost kimi qalırlar. Amma daha çox görürüsən ki, yanılırsan, sevdiyin insanda qüsur görürsən. Əvvəl görmədiyin şeyləri görürsən. Həssas dövrüm oldu və gözüm açıldı, hər şeyi gördüm. Qardaşımı, bacımı, anamı, sevdiyim insanı. Gördüm kim hansı situasiyada hansı hərəkəti edə bilər.

– Bu həssas dövründə müşahidələrin necə qiymətləndirdi. Qazandıqların çox oldu yoxsa itirdiklərin?

 

– Normal həyatıma qayıtdıqdan sonra o insanlar ki, həyatımda olmamalı idi, onlar yoxdur. Ələndi. Kim ki, qalmalı idi, onlar həyatımdadır. İstər rəfiqəm, istərsə də dostum olsun. Çox insanlar elə bilirdilər ki, Zümrüd bir də ayağa qalxmayacaq.

– Niyə? Elə istəyirdilər?   

– Həmişə bu xəstəlik haqqında danışırdım. Kimlərsə bu xəstəliyin adını çəkməkdən qorxurdu, mən isə birbaşa adını deyirdim. Fikirləşirdim ki, yox, mən qalxmalıyam.  

– Xəstəliyinizdən nə zaman xəbər tutdunuz?

– Təzə ailə qurmuşdum. Normal həyat sürürdüm. Gördüm nə isə səhhətimdə problem var. Getdim Mərkəzi Klinikaya. Yoxlatdım, dedilər, heç nə yoxdur, arxayın ol. 6 ay keçdi üstündən. Hiss etdim ki, səhhətimdəki problem böyüyür. Mən buna görə də “Onkologiya”ya müraciət etdim. Orada mənə döş xərçəngi analizini qoydular. 2-dən 3-ə keçən dərəcə. Yəni mən 3 mərhələ gecikmişəm. Mərkəzi Klinikadakı həkim xanımı Allah bildiyi kimi etsin, onu bağışlamıram, bağışlamayacağam da, ömrümü 6 ay kəsdi!.. Ankaraya getdim. O anda Vaqif İbrahimoğlu oradan qayıdırdı. Onda da xərçəng xəstəliyi var idi. Dedi, Zümrüd, narahat olma, hər şey yaxşı olacaq. Çünki o, keçəcəyim mərhələni keçmişdi. Bu, Vaqif İbarhimoğlu ilə axırıncı görüşüm idi. Orada əməliyyat olundum və əməliyyatdan sonra uzun müddətli müalicə yazdılar. İki ilə yaxın mən müalicə aldım. Hər 3 aydan bir yoxlanıram. Artıq hər şey yaxşıdır.

– ANS-ə sizi kim yenidən dəvət etdi?

– “İkinci həyat” verilişinə aparıcı axtarırdılar. Təklif gəldi, mən də getdim. Bu kanal mənim üçün doğmadır. Birinci dəfə ANS-ə seçim turu keçirilən zaman gəlmişəm və seçilmişəm. ”Krossvord”, “Qoy oturmuşuq”, “Çatlama” kimi verilişləri aparmışam.

– Sizə o zamanlar təklif edilən  verilişlərin formatı elə idi ki, həmin verilişlərdə açıq-saçıq geyimlər geyməli idiniz. Bu  tipli verilişləri siz təklif edirdiniz, yoxsa rəhbərlik?

– Baxın, 10 il bundan qabaq “Yuğ” teatrında işləyəndə intim səhnələri həmişə oynamışam. Düşünürəm ki, aktrisayam və bu, peşəmdir. Baxır harada hansı rolda geyinəsən, soyunasan, boş-boşuna reklam üçün yox, doğurdan da tələb olunursa, bunu etmək olar. Gecənin bir yarısı elə geyinməlisən ki, cəlb etsin və oturub proqrama baxsınlar. Format elə idi. Düşündüm ki, niyə də yox. Yəni mənim təbiətim elədir ki, çox adamın etmədiyini etməyi xoşlayıram. Onda tam fərqli bir Zümrüd idim. Sabah təklif etsələr, yenə də filmə çəkil, niyə də yox, çünki mən aktrisayam. Axı həyatda səhnədəki kimi deyiləm.

– Teatrdakı rolları başqa, bəs o tip veriliş olsa, yenidən aparıcılıq edərsiniz?

– Demirəm ki, elədiklərimə görə peşmanam. Yox, sadəcə olaraq fikirləşirəm ki, çəkildiyim filmlərdən, apardığım verilişlərdən milyonlar qazansaydım, deyərdim ki, hə, yüksək sənət göstərib, nümayiş elətdirib, yaxşı pul qazandım. Yox, adi maaşa işləyirdim və həyatımda heç bir dəyişiklik olmadı.

– Belə çıxır ki, dəyməz?

– Dəyməz. Daha fərqlənmək istəmirəm.

– Siyasəti gündəmlə necə maraqlanırsınızmı?

– İzləyirəm, bütün prezidentləri də, Milli Məclisdə oturan bütün deputatları da tanıyıram. Müharibələrin əleyhinəyəm. Qardaşım hərbçidir. İstəməzdim ki, o, həlak olsun.

– Mütaliə ilə aranız necədir?

– Oxumağı çox sevirəm. Orxan Pamuku oxumağa başlamışam, Frans Kafkanı sevirəm, Qabriel Qarsia Markesi oxumuşam. İnsan düşüncəsi, ruhu üçün nə isə verə biləcək əsərləri oxumağı xoşlayıram. Leylini həmişə oynamaq istəmişəm, əvvəllər Təhminəni də oynamaq istəmişəm.

– Həyatda neçə dəfə sevmisiniz?

– Bir dəfə nişanlı olub ayrılmışam. Amma həyatımda bir sevgi var. O da indiki ərimədir.

– Gərək ki, nişanlı olan zaman efirdə gələcək qayınananızla mübahisəniz də düşmüşdü...

– Yox, əslində o “Qızlar” serialının reklamı idi. Yəni bir oyun idi. Filmin tanıtımı üçün edilmişdi. Düzdür, həyatımda da elə problemlər olmuşdu.

 

– Yeri gəlmişkən, eyni xəstəliyi daşıyan sənətçilərimiz oldu. Məsələn, Xanım Qafarova, Kübra Əliyeva və s. Kubra xanıma baş çəkib mənəvi dəstək vermisinizmi?

– İstəyərdim. Kübra xanım bəlkə məndən də güclüdür. Xəstəykən yoldan keçəndə süpürgəçini görüb deyirdim, ya Rəbb, süpürgəçi olum, amma canım sağ olsun.

– 4 ildə necə müşahidə elədiniz, tamaşaçıların vəfası varmı?

– Çox vəfasızdırlar!

 

 

 

 

 

 

Şahanə RƏHİMLİ

Foto: Elçin AĞAYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı