Modern.az

Azərbaycan qadınları haqqında bilmədiklərimiz

Azərbaycan qadınları haqqında bilmədiklərimiz

7 Mart 2013, 09:38

2013-cü ilin mart ayının əvvəlinə olan məlumata görə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 716,3 min nəfərini qadınlar təşkil edir.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Ötən il doğulmuş 174,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.
“Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 24 doğum evi, 176 qadın məsləhətxanası, 281 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir”-deyə komitənin məlumatında bildirilib.
 
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 faizi, orta ixtisas təhsil müəssisələrində 77,4 faizi, ali təhsil müəssisələrində 49,0 faizi, həkimlərin isə 63,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,0 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 15 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, sahibkarlar arasında isə 17 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizə çatmışdır.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edib.
 
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2012-ci ildə 7411 nəfərə çatıb.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir