Modern.az

Assosiasiya rəhbəri: “Bələdiyyələr “JEK” iqtidarını devirməyə hazırdır”

Assosiasiya rəhbəri: “Bələdiyyələr “JEK” iqtidarını devirməyə hazırdır”

7 Mart 2013, 12:02



Ötən il Ombudsman Elmira Süleymanova Milli Məclisə illik hesabatında mənzil-kommunal təsərrüfatı sistemində struktur islahatlarının aparılmasını təklif edib. O qeyd edib ki, Mənzil-Kommunal İstismar Sahələri (MİS) ləğv edilməli və onun səlahiyyətlərinin bələdiyyələrə verilməlidir. Bu baxımdan “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında“ qanun layihəsi iki dəfə Milli Məclisdə müzakirə olunduqdan sonra qəbul olunub. Bəs görəsən MİS-lər ləğv olunsa, ümumilikdə bələdiyyələr bu sistemi idarə edə bilərlərmi?

Milli Məclisin Regional məsələlər daimi komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Mənzil Kommunal İdarələri ləğv olunsa, bələdiyyələr onların üzərinə düşən işləri görməyə hazırdır. “Bələdiyyələr bu gün ölkənin sosial-iqtisadi inkişafı prosesində iştirak edirlər və müəyyən yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin onlara həvalə edilməsi daha yaxşı olar. Hazırda da bələdiyyələrin bir çox işləri var ki, məsələn təmizlik işləri ilə bağlı onlar bunu həyata keçirirlər. Bələdiyyələrin hazırda da geniş imkanları var. Bu baxımdan MİS ləğv olunarsa, bələdiyyələr onlara aid olan işləri tam surətdə həyata keçirməyə hazırdır”.

Şəhər Bələdiyyələri Assosiasiyasının rəhbəri Əbülfəz Babayev bələdiyyələrdə hər şeyin idarə etməsini bilən adamların olduğunu deyib. Onun sözlərinə görə, bələdiyyələrin idarəçilik sistemi var və idarəçilik sistemində özlərinin strukturları var. “Strukturlar olandan sonra, onların idarəçiliyi üçün, mexanizmi yaratmaq imkanları veriləndən, şərait yaradılandan sonra niyə idarə edə bilməsin ki?! Həmin bələdiyyədə işləyənlər də vaxtilə hansısa idarədə işləyiblər. Onlar bu baxımdan idarə edə bilər. Bu məsələdə yaradılan imkanlardan, verilən maliyyədən və səlahiyyətdən də çox şey asılıdır. Bunlar olandan sonra niyə də idarə etməsinlər. Bunun verilib-verilməyəcəyi isə dövlətin siyasətidir və proqram əsasında olmalıdır. Həmçinin yerli özünü idarəetmə sistemi ilə MİS arasında bir az fərqli yanaşmalar var. Burada idarəetmə sistemi dəyişir və idarəetmə sistemi o zaman yeniləşir. Yəni bunlar hamısı kompleks olmalıdır və bunlar üçün proqram olmalıdır. İdarəçilikdə yeni yanaşma proqramı, keçid proqramı və s. bunların hamısının nəticəsi sonda vətəndaşın sosial rifah vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlməlidir. Vətəndaş burada udmalı və nə isə müsbət nəticə əldə etməlidir”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir