Modern.az

N!DA Vətəndaş Hərəkatı tutulan tələbələrlə bağlı bəyanat yayıb

N!DA Vətəndaş Hərəkatı tutulan tələbələrlə bağlı bəyanat yayıb

9 Mart 2013, 11:51


8 mart 2013 tarixində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu N!DA Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən yayılan açıqlamada Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində N!DA Vətəndaş Hərəkatının üzvləri – Əzizov Məhəmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlunun (16.09.1995) həbsi barədə məlumat verilib.

  Məlumatda qeyd olunur ki, əməliyyat zamanı gənclərin yaşadıqları mənzillərdən müxtəlif miqdarda narkotik vasitələr, butulkaların içərisində tez alışan «Molotov kokteyli» adlanan maye və Şahin Novruzlunun evindən 94.000 (doxsan dörd min) manat pul tapılıb.
Qeyd olunur ki, gənclərdən Quliyev Bəxtiyar Səməndər oğlu və Novruzlu Şahin İbrahim oğlunun barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), Əzizov Məhəmməd Rasim oğlu barəsində isə bu məcəllənin 234.1 maddəsi ilə cinayət işi başlanıb.   N!DA Vətəndaş Hərəkatı bu həbslərlə bağlı bəyanat yayıb. Modern.az-a daxil olan bəyanatda bildirilib ki, hüquq-mühafizə orqanlarının bu əməliyyatı siyasi sifariş əsasında həyata keçirilib və məqsəd hakimiyyətin mövcud siyasətinə etiraz edənləri susdurmaq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsi qorxutmaqdır.

“Üzvlərimizin həbsi zamanı onlardan “aşkarlanmış” müxtəlif narkotik vasitələr, yandırıcı maddələr və pul şərləmə əməliyyatının tərkib hissəsidir”-deyə N!DA Vətəndaş Hərəkatı bəyan edib. Bəyanatda qeyd olunub ki, keçirilən əməliyyat fəal gəncləri qorxutmaq, 2013-cü il prezident seçkisi ilində siyasi meydanı bəribaşdan təzyiq altında saxlamaq və 10 mart gənclərin planlaşdırdığı “Əsgər ölümlərinə son” aksiyasının qarşısını almaq üçün qabaqlayıcı addımdır.   “Bəyan edirik ki, üzvlərimizin evlərindən tapıldığı iddia olunan 94 min manat, narkotik maddələr və “molotov kokteyli” adlandırılan əşyaların heç birinin N!DA Vətəndaş Hərəkatına aidiyyatı yoxdur”.

N!DA Vətəndaş Hərəkatı bildirib ki, 10 martda keçirilməsi nəzərdə tutulan aksiya dinc və qeyri-zorakı aksiyadır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?