Modern.az

Mərhum Hikmət Atayevin Milli Məclisdəki “parta yoldaşı”: “O, deputat maaşı ilə dolanırdı”

Mərhum Hikmət Atayevin Milli Məclisdəki “parta yoldaşı”: “O, deputat maaşı ilə dolanırdı”

Parlament

9 Mart 2013, 14:45

“Bir dəfə Hikmət müəllim Zaqatala ilə bağlı bir məsələ qaldırmaq üçün nazirlərdən xahiş eləmişdi. Ona dedim, deputatsan, xahiş yox, tələb eləməlisən”.
Milli Məclisin üzvü Rafael Cəbrayılov uzun illər parlamentdə yanaşı əyləşdiyi mərhum deputat həmkarı Hikmət Atayevlə bağlı təəssüratlarını Modern.az-la bölüşərkən belə deyib. Həmkarının ölümü ilə barışa bilmədiyini deyən R.Cəbrayılov Hikmət Atayevlə uzun illərdir ailəvi dost olduğunu bildirib.

“Hikmət Atayev hər şeydən əvvəl çox gözəl bir insan, əsl azərbaycanlı idi. O təkcə mənim həmkarım deyildi, eyni zamanda ən yaxın dostum idi. Yeddi il idi biz eyni masa arxasında otururduq, gözəl yoldaşlığımız olub. Hikmət Atayev Zaqatala camaatının ümumiləşdirilmiş bir obrazı idi. Ən yaxın dostlarımdan idi Hikmət müəllim. Həddindən artıq səmimi, dürüst adam idi. O, əsl həkim idi. Dəfələrlə onunla Zaqatalada olmuşam, çox qonaqpərvər adam idi. Az müddət deyildi biz bir-birimizi tanıyırdıq. Hikmət müəllim sözün əsl mənasında nümunəvi insan idi. Onun ölüm xəbəri məni çox üzdü. Məncə, Azərbaycanda parlamenti çox ləyaqətli deputatını itirdi. Bilirsiniz insan yüksək vəzifədə ola bilər, çox böyük bir var-dövlət sahibi də ola bilər. Amma ləyaqətli insan olmaq bu hər kəsə nəsib olmayan bir şeydir. Hikmət Atayev ləyaqətli bir adam idi”, – deyə R. Cəbrayılov mərhum deputat həmkarı ilə bağlı xatirələrini bölüşüb.

Dünyasını dəyişmiş Hikmət Atayevin ciddi həyat tərzinə malik olduğunu deyən R.Cəbrayılov onun yalnız deputat maaşı ilə yaşadığını vurğulayıb. Millət vəkilinin sözlərinə görə, dürüstlüyü ilə Hikmət Atayev hamıya nümunəvi insan idi:

“O, həkim qazancı ilə dolanan bir insan idi. Həddən artıq ciddi həyat tərzi var idi ki, onun gəliri yalnız aldığı maaşı idi. Məni ən çox da cəlb edən onun bu dürüstlüyü idi. O həkimlikdən qıraqda özünü təsəvvür etmirdi. Deyirdi ki, “başqa məsələlərə qarışa bilmərəm, mənim işim sırf təbabətdir”. Parlamentdə də fikir verirdiniz ki, o az çıxış edən adam idi, amma sözünün yerini bilən adam idi. Bəzi deputatlar var ki, heyvandarlıqdan tutmuş digər məsələlərə kimi, bildi-bilmədi danışır. Hikmət müəllim isə sözünün yerini bilən deputat idi. Bəzən Zaqatala seçiciləri ilə bağlı məsələ qaldırmaq lazım olanda o gedib nazirlərdən xahiş edirdi. Deyirdim sənin vəzifən xahiş eləmək deyil, tələb eləməkdir. Hikmət müəllim o qədər həyalı insan idi”.

Qeyd edək ki, Milli Məclisin Zaqataladan seçilən deputatı Hikmət Atayev martın 7-də Gürcüstan-Balakən yolunda keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Mərhum dünən doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Xəbər verdiyimiz kimi, deputatın vəfat etdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb.

Anar Rüstəmov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı