Modern.az

İlham Əliyevin getdiyi Monteneqroda Bakı küçəsi olacaq

İlham Əliyevin getdiyi Monteneqroda Bakı küçəsi olacaq

Aktual

12 Mart 2013, 21:07


Bu gün Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edilib.

Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirilib.

Bu gün həmçinin İlham Əliyev bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Monteneqro arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.

Azərbaycan prezidenti İlham Əliyevin bu səfərinin iqtisadi əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın Monteneqroya investisiya yatırması və bu baxımdan Podqoritsada ölkəmiz tərəfindən ilkin mərhələdə həyata keçiriləcək investisiya layihələrinin önəmi diqqətə çatdırılıb.

Monteneqro ilə Azərbaycan arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Monteneqronun paytaxtı Podqoritsada mərkəzi küçələrdən birinə Bakı adı veriləcək. İlham Əliyevin bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşü zamanı Podqoritsa meri deyib ki, artıq Bakı küçəsində təmir işləri yekunlaşır və küçəyə ad lövhələri yapışdırılır.
Mer həmçinin bildirib ki, paytaxtda Azərbaycanın dahi şairi hüseyn Cavidin heykəli qoyulacaq. Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü hündürlüyü 1,6 metr olan ağ mərmər postamentin üzərində qoyulacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ölkələrimizdə həyata keçiriləcək birgə iqtisadi layihələrin əhəmiyyəti qeyd edildi. Azərbaycanın Monteneqroda müxtəlif istiqamətlər üzrə birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri baxımından bu səfərin önəmi vurğulanıb. Ölkəmizin Monteneqroya investisiya qoyuluşunun iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığımızın yaxşı potensialı olduğunun vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik bildirilib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Monteneqro-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqıda Bəyannamə”ni Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç imzalayıblar.
“Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzalayıblar.

“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqro İnsan Resurslarının İdarə Edilməsi üzrə İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri İqor Lukşiç imzalayıblar.
“Azərbaycan Respublikası və Monteneqro Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun maliyyə naziri Radoye Juqiç imzalayıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu